Bazar , 19 May 2024
Drone Cameras

Unikal bir məktəb: həyatın ən ağır təlimi burada keçirilir

Konflikt Jurnalistikası Məktəbi (KJM) haqqında demək olar heç eşitməmişdim, hər nə qədər televiziya sahəsində olsam da. Ta ki, “Yaşamaq gözəldir” verilişinin sevimli aparıcısı və dostum Sonadan gələn telefon zənginə qədər. KJM kurslarına bir həftə qalmış Sona mənə zəng etdi ki, Vüqar, jurnalistlərlə bağlı möhtəşəm bir layihə var, sən də orda iştirak etməlisən. Sona mənim müharibə zonasında baş verən proseslərə nə qədər maraq göstərdiyimi gözəl bilirdi. Yəqin elə buna görə dəvət etmişdi məni. Beləliklə, bu sahəyə ilk addımlarımı aprelin 23-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) auditoriya təlimləri ilə atmağa başladım.


Digər həmkarlarımdan fərqli olaraq mən üç ay boyu hər şənbə, 360 kilometr məsafəni qət edərək Şəkidən Bakıya bu təlimə getməliydim. Hər nə qədər uzun yol getməyi sevməsəm də, Konflikt Jurnalistika Məktəbinin təlimləri məni sanki özünə cəlb edirdi və sevərək gedirdim. Təlimə bir neçə gün qalmış görüş yeri və digər məsələlərin müzakirəsi üçün vatsap qrupu açıldı. Bu layihənin rəhbəri Əlisəfa Mehdi təmkinli, səlis nitqlə 8:30 da TTM-də gəlməli olduğumuzu dedi və gecikənlərin içəri buraxılmayacağını vurğuladı.


Özümdən asılı olmayaq gecəni narahat yatdım ki, birdən yuxulayıb qalaram. Səhər telefonun 7:05 saatına quraşdırdığım zəngli səsinə oyandım. Digər vaxtlar da çox gec oyanan və telefonla oynayan mən bu dəfə tez yerimdən qalxıb hazırlaşmağa başladım. Uzun müddət olardı səhər tezdən oyanmırdım. Taksi sifariş verərək görüş yerinə getdim və artıq bir çox iştirakçı orda idi. Və ilk təlimimiz başladı. KJM-in rəhbəri Əlisafa Mehdi və icraçı direktor Teymur Zahidoglu layihə barədə geniş məlumat verərək təlimə başladılar. İlk təlim həm də iştirakçıların bir-birini tanıması üçün nəzərdə tutulmuşdu.


Onu da qeyd edim ki, Konflikt jurnalistikası məktəbini 2003-cü ildə “Dinc Dünya” Araşdırma Mərkəzi yaradıb və mütəmadi olaraq ölkədə ekstremal jurnalistika təlimlərini həyata keçirir. 2015-ci ildən layihə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə Silahlı Qüvvələrin bazasında keçirilir. Tədris dövründə jurnalistlər auditoriya təlimləri ilə yanaşı ekstremal vəziyyətdə davranış qaydalarını da mənimsəyirlər.


Artıq hər şənbə mənim üçün önəmli tarix olmuşdu. Hərbi jurnalistin nələri bilməsi haqda bütün məlumatı yüksək rütbəli zabitlər bizə yetirirdi. Bu da bizdə məsuliyyət hissini daha da artırırdı. Beləliklə 3 aya auditoriya təlimlərimiz başa çatı. Biz indi aldığımız nəzəri biliyi yaxın 10 gündə silahlı qüvvələrin hərbi hissələrində və poliqonlarında praktik olaraq tətbiq etməliydik. Layihə başlayan zaman təlimə qoşulan 50 nəfərdən cəmi 22 jurnalist qaldı. Konflikt jurnalistikası çoxuna dildə asan görünsə də, real həyatda çox çətin bir istiqamətdir.

Bu sahədə davam edən çox az jurnalist var. 2-dən başlayaraq 10 gün müddətində praktiki təlimlərimiz başladı. Təbiətdə su tapmaqdan tutmuş snayper atışı zamanı davranma qaydalarını, eyni zamanda minalanmış ərazidən necə kecməyi və ən əsası vəhşi təbiətdə necə sağ qalmağı öyrədən təlimlər reallaşdı.

Bu həyatımda ən çətin təlimi idi bəlkə də. Hərdən vaz keçmək hissi gəlirdi içimdən. Amma özüm-özümə döz deyirdim bir də belə fürsətin olmayacaq. KJM unikal bir məktəbdir Azərbaycanda, bəlkə də dünyada analoqu yoxdur.


KJM müharibə şəraitində sağ qalaraq məlumatın redaksiyaya ötürməyi öyrətməklə yanaşı, həm də insanın özü-özü ilə mübarizəsində qalib gəlməyi, edə bilmədiyini etməyi, hər çətinliyə sinə gəlməyi, möhkəm, dayanıqlı olmağı aşılayır. KJM dözümü, cəsarəti, inadı, səbri, əzmi verir burada olanlara.

Vüqar Cəfərov

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …