Cümə axşamı , 20 İyun 2024
Drone Cameras

Unun bahalaşması çörək istehsalçılarının xərclərinə təsir edib

İqtisadçı: “Hər çörəkdə 2 qəpik itirməmək üçün çörəyin çəkisini 20 qram azalda bilərlər”

Azərbaycanda unun bahalaşması çörək istehsalçılarının xərclərinə təsir edir. Bu barədə Meydan TV-yə çörək istehsalı ilə məşğul olan sexlərdən birinin nümayəndəsi deyib.

Onun sözlərinə görə, digər çörək növlərindən fərqli olaraq “zavod çörəyi”nin bahalaşmaması ilə bağlı onlara təzyiq göstərilir:

Unun qiyməti təxminən 7 faiz artıb. Apreldə 50 kiloqramlıq unun kisəsini 25 manat 5 qəpiyə alırdıqsa, hazırda 27 manat 40 qəpikdən alırıq. Yaxın vaxtlarda taxıl biçininin mövsümüdür, amma indidən Rusiyada və Qazaxıstanda taxıl istehsalı ilə bağlı bədbin proqnozlar verirlər”.

Başqa bir istehsalçı isə deyir ki, hər çörəkdə təxminən 1-3 qəpik artım qiymətlərə təsir edir. Lakin digər xərclər də artır ki, bu, nəzərə alınmır. İri çörək zavodlarına xırda artım təsir etməsə də, xırda istehsal müəssisələri, hətta 3 qəpik artımı ilə ziyana düşə bilirlər.
Dünya bazarında un bahalaşmayıb, eyni zamanda qıtlıq müşahidə edilmir. Bununla belə, Rusiyada taxıl istehsalının azalacağı ilə bağlı proqnozlar Azərbaycan bazarında unun bahalaşmasına səbəb olur.

Son bir neçə gündür aramsız yağışlar bölgələrdə taxıl sahələrinə zərər vurub. Statistikaya görə, ölkədə buğda istehsalı ötən il əvvəlki ilə nisbətən az olub. Azərbaycanda un istehsalı da azalıb. Ötən ilin birinci rübündə 391 milyon ton buğda unu istehsal edilibsə, bu ilin eyni dövründə bu göstərici 6.5 faiz az olub.

İqtisadçı Eldəniz Əmirov bildirib ki, 50 kiloluq unun qiyməti 25 manat 5 qəpikdən 27 manat 35 qəpiyə qədər artıbsa, bu, hər kiloqram unun təxminən 4 qəpik artması deməkdir. Bu zaman 500 qramlıq hər çörəyə 2 qəpik artım payı düşür.

50 kiloqramlıq unun 2.3 manat artmasının hazırda çörəyin qiymətinə təsir etməyəcəyini demək olar. Çörək istehsalçıları çörəyin qiymətini nəzarət səbəbindən qaldıra bilməsələr də, hər çörəkdə 2 qəpik itirməmək üçün çörəyin çəkisini 20 qram azalda bilərlər. Ona görə ki, hazırki qiymətlərdə hər 10 qram çörəyin satış qiyməti təxminən 1 qəpikdir. Odur ki, 2 qəpik itirmək istəməyənlər 20 qram kəsmək sevdasına düşə bilərlər”,- ekspert deyib.

Check Also

Vüqar Oruc: “Gələcəkdə digər ölkələr də bizim təcrübədən bəhrələnəcəklər”

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilib. Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) üzv …