ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 10–11-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Vensin sözçüsü AzadlıqRadiosu-na bildirib ki, səfər zamanı onu ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək.
ABŞ vitse-prezidentinin Azərbaycandakı səfər proqramı hələlik açıqlanmayıb.
Vens bu gündən Ermənistanda rəsmi səfərdədir. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu gün axşam saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin vitse-prezidenti ilə görüşəcək, görüşdən sonra tərəflər mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.
Daha əvvəl açıqlanmışdı ki, Ermənistan və Azərbaycana səfərlər ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərinin, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı təşəbbüsün təşviqinə yönəlib.
Vensin Azərbaycana səfəri fonunda insan haqları məsələlərinin gündəmə gətiriləcəyi ilə bağlı gözləntilər səsləndirilir. Rəsmi Bakı səfərin gündəliyində bu məsələnin yer alıb-almadığı barədə hələlik açıqlama verməyib.
Bu arada, Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi (ASİMKOM) və ABŞ Konqresinin üzvü, demokrat konqresmen Cim MakQovern vitse-prezidentə ünvanladıqları məktubda Azərbaycanda saxlanılan siyasi məhbusların azad olunması məsələsinin qaldırılmasına çağırıb.
Azərbaycan Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqının son açıqladığı siyahıya əsasən, hazırda ölkədə 340 siyasi məhbusun olduğu bildirilir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
