Bazar , 29 Sentyabr 2024
Drone Cameras

XİN: “Bütün beynəlxalq ictimaiyyəti Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq”

“Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva MDB dövlətləri daxili işlər nazirləri şurasının üzvlərini qəbul edərkən əhatəli və əsaslı şəkildə ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi əməlləri qeyd edib. Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər əməllər haqqında hesabat və “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” kimi fundamental sənədlər hazırlanıb”.

“Report”un xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aşağıdakı istiqamətlər üzrə təsnif edilir:

“- İşğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması;

– Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti;

– İqtisadi və maliyyə fəaliyyətləri;

– İnfrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı;

– İşğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi;

– İşğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qeyri-qanuni səfərlərin təşkili və digər fəaliyyətlər”.

H.Hacıyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. “Bu sıraya aşağıdakılar daxildir:

– BMT Nizamnaməsini pozaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarının de-fakto ayrılmasını təmin etmək üçün gücdən istifadə;

– Bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması;

– İşğal olunmuş ərazilərdə etnik təmizləmənin aparılması, məskunlaşma məntəqələrinin yaradılması və əhalinin köçürülməsinin təmin edilməsi bu ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi;

– Hərbi işğala dair hüququn, xüsusilə “Quruda müharibənin aparılması qanunları və adətləri” haqqında 1907-ci il Haaqa Konvensiyası ilə bağlı Qaydaların 43-cü bəndi, 1949-cu il “Müharibə zamanı mülki şəxslərin müdafiəsi”nə dair Cenevrə Konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulması;

– İşğaldan əvvəl həmin ərazidə yaşayan insanların maraqlarının aliliyini nəzərə almadan işğal olunmuş ərazilərin təbii resurslarının istismar edilməsi;

– Ərazinin mədəni irsinin dəyişdirilməsi”.

Onun sözlərinə görə, beynəlxalq hüququn imperativ normalarının sadalanan ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur. Bu sıraya daxildir:

– Bu kimi pozuntular nəticəsində yaranmış vəziyyətin tanınmaması;

– Bu vəziyyətin saxlanması üçün hər hansı yardımın göstərilməsinin qadağan olunması;

– Bu kimi pozuntuları etmiş şəxslərin hər hansı immunitetdən məhrum edilməsi;

– Ağırlaşdırılmış məsuluyyət kimi bütün Dövlətlər tərəfindən Ermənistanı məsuliyyətə cəlb etmək və ona qarşı tədbirlərin görülməsi, o cümlədən sanksiyaların tətbiq edilməsi, cinayət və mülki işlərin açılması.

XİN sözçüsü deyib ki, beynəlxalq münasibətlərdə və münaqişələrin həlli prosesində qanunun aliliyinin təmin olunması mütləq xarakter daşıyır: “Bütün beynəlxalq ictimaiyyəti, müvafiq beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, əcnəbi hüquqi və fiziki şəxsləri “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı Azərbaycanın təqdim etdiyi digər fundamental hüquqi hesabatları nəzərə almağa çağırırıq”.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir