Qardaş Türkiyənin Qara dəniz sahilində yerləşən ən böyük liman şəhəri Samsunun On Doqquz May Universitetində Türkiyə Universitetləri arasında ilk olaraq Xocalı qətliamının 27-ci ildönümündə Xocalı Şəhidləri abidəsinin və eyniadlı parkın açılış mərasimi keçirilib.
Mühəndislik fakültəsi inşaat kafedrasının müdürü, həmyerlimiz, professor Azər Qasımzadə mərasimdə çıxış edərək, Azərbaycanın Xocalı soyqırımının qardaş Türkiyədə də ortaq faciə kimi qəbul edildiyini vurğulayıb.
Yeni ünvandakı anım mərasimi barədə redaksiyamıza məlumat verən professor bildirdi:
-1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xankəndidəki nəzarətsiz qalmış 366-cı sovet motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin birbaşa iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etməsi, dinc əhaliyə divan tutması tariximizin qanla yazılan səhifələrindən biridir. Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir vaxtda qardaş ölkədə faciələrimizə də sayğılı münasibət daim diqqət mərkəzində olub.
Universitetdə çalışdığım illər ərzində Xocalı şəhidlərinin yad edilməsi üçün Samsunda bir layihənin həyata keçirilməsi məni coxdan düşündürürdü. Hətta bu barədə Samsun – Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyində belə bir layihənin həyata vəsiqə alması üçün müzakirə keçirilmiş, tədbirlər planı hazırlanmışdı. Nəhayət, təklifimizin On doqquz May Universitetinin rəhbərliyi tərəfdən rəqbətlə qarşılanması, park salınması və burada Xocalı şəhidlərinə abidə qoyulması üçün universitet rəhbərliyinin təklifimizi həssaslıqla qarşılaması və müvafiq yer ayrması bizi çox sevindirdi. Fervralın 26-da Xocalı şəhidlərinin anım günündə parkın və abidənin təntənəli açılış mərasimini keçirdik, parkda yeni ağaclar əkdik. Sonra mərasim universitetin konfrans zalında davam etdirildi”.
Qeyd edək ki, tədbirdə On Doqquz May Universitetinin rektoru, professor Mehmet Əli Çingiz, Azərbaycanın Ankaradakı səfirinin təhsil müşaviri Nəcibə Nəsibova, Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun əməkdaşı, həmyerlimiz Vəfa Qurban, universitetin professor-müəllim heyəti, Samsun- Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin üzvüləri iştirak edib.