Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Xocalı soyqırımı Bişkekdə yad edildi

Bu gün Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun təşkilatçılığı ilə Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsində Xocalı soyqırımı hadisəsi geniş qeyd olunub.Boyukmillet.com-un verdiyi məlumata görə, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımını özündə əks etdirən, Fondun sifarişi ilə qırğız dilinə tərcümə olunub nəşr edilmiş kitablardan ibarət sərgiyə baxıblar.

Tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı imzaladığı Sərəncamın surəti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası İctimai Birliyi tərəfindən hazırlanan məlumatlar toplusu, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” kitabı (rus və qırğız dillərində), Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Qafar Əliyevin müəllifi olduğu “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu” adlı rus, qırğız və qazax dillərində tərcümə edilib nəşr etdirilmiş kitabı, AMEA müəlliflər qrupunun ərsəyə gətirdiyi “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” (rus və ingilis dillərində) kitabları təqdim edilib.

Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub dublyaj edilmiş “Xoca” bədii filmi nümayiş olunub və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fondun Prezidenti Nüsrət Məmmədov çıxış edərək Xocalı soyqırımı barədə ətraflı məlumat verib, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə – Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini bildirib. O, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib.

Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmağın, faciə qurbanlarının xatirəsini yad etməyin, erməni vandalizminin mahiyyətini, onların iç üzünü açmağın vacib olduğunu vurğulayan fond rəhbəri bu vəhşiliklərin cavabsız qalmayacağını, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək öz torpaqlarını işğaldan azad edəcəyini və işğalçıların layiqli cavablarını alacaqlarını, tarixin məhkəməsinin qaçılmaz olduğunu bildirib.

Nüsrət Məmmədov Xocalı soyqırımının 27-ci ildönümü haqqında Prezident İlham Əliyevin Sərəncamının önəmindən danışaraq qeyd edib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adlı beynəlxalq informasiya kampaniyası keçirilir. Kampaniya çərçivəsində 700 minə yaxın insan tərəfindən müsbət rəy toplanıb və ən əsası onun 150 minə yaxını yalnız bir internet səhifəsində qeydə alınıb. Heydər Əliyev Fondu Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 100-ə yaxın ölkəsində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir.

Nüsrət Məmmədov “Xocalıya ədalət!” adlı beynəlxalq informasiya kampaniyasından kənar qalmadıqlarını, “Xoca” bədii filminin qırğız dilinə tərcümə olunub, dublyaj edilməsini fondun kampaniyaya töhfəsi kimi dəyərləndirib.

Çıxış edən, filmin qırğız dilinə tərcüməçisi Mukan Asanaliyev gözyaşlarını saxlaya bilməyib. O bildirib ki, filmin tərcüməsini gözyaşları içərisində edib.

Bişkekdəki Qırğızıstan azərbaycanlılarının əlaqələndirmə mərkəzinin prezidenti Cəbi Rəsulov, Qırğızıstan aprel inqilabı qəhrəmanı Yusif Məmmədhəsənov, Azərbaycan diasporlar assosiasiyasının təmsilçisi Əsəd Əsədov, Qırğızıstandakı Türk diasporunun lideri Mürəfəddin Sakimov, fondun vise-prezidenti Osman Səfərov, Kitabxanalar şəbəkəsinin baş direktoru Gülsayra Dandıbayeva Xocalı soyqırımı və erməni təcavüzü barədə danışıb, ermənilərin işğalçılıq siyasətinin ancaq Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd ediblər.

Qeyd edək ki Bişkek şəhəri Mərkəzləşdirilmiş kitabxanalar şəbəkəsinə daxil olan 28 kitabxanada eyni vaxtda fondun sifarişi ilə qırğız dilinə tərcümə edilib, dublyaj edilmiş “Xoca” filmi nümayiş etdirilib.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir