Bir müddət əvvəl Dünya Güləş Birliyi yunan-Roma güləşi qaydalarında bəzi dəyişikliklər edib.
Bu dəyişiklərdən biri yeniyetmə və gənclər arasında keçirilən yarışlarda parter qaydasının ləğv olunması idi. Böyüklər yaş qrupunda isə bu dəyişikliyə Rio Olimpiadasından sonra yenidən baxılması qərarlaşdırılmışdı. SİA-nın məlumatına görə, Dünya Güləş Birliyi artıq bu dəyişikliyi təsdiqləyib və ötən il yarım ərzində yeniyetmə və gənclər yaş qrupunda tətbiq edilən bu qayda artıq böyüklər arasında keçirilən yarışlarda da tətbiq ediləcək. Yəni artıq passiv güləşməyə görə parter tətbiq edilməsi qaydası ləğv edilib.
Belə ki, passiv güləşməyə görə ilk dəfə güləşçiyə şifahi xəbərdarlıq ediləcək və protokolda qeyd ediləcək. Eyni güləşçi yenə də passivlik nümayiş etdirərsə ona rəsmi xəbərdarlıq veriləcək. Güləşçiyə üçüncü dəfə passivliyə görə xəbərdarlıq edilərsə o zaman ikinci rəsmi xəbərdarlıq veriləcək və rəqibin hesabına 1 (bir) xal əlavə ediləcək. Bundan sonra baş verəcək hər ikinci xəbərdarlıq rəqibə 1 (bir) texniki xal verilərək qiymətləndiriləcək.
Bütün bu hallarda – passivliyə görə edilən xəbərdarlıq və rəqibə xal verilməsi üçün görüş dayandırılmayacaq.