Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yüzlərlə Qarabağ döyüşçüsü niyə veteran adı ala bilmir? – Ləğv edilmiş hərbi hissələr, itmiş arxivlər, problemli sənədlər (ARAŞDIRMA)

Birinci Qarabağ müharibəsində minlərlə Azərbaycan vətəndaşının iştirak etməsinə baxmayaraq, 1994-cü ildən bu günədək hələdə çox sayda insan müharibə veteranı statusunu ala bilməyib. Veteran təşkilatlarının rəsmilərinin sözlərinə görə, digər güc strukturlarında sözügedən məsələ 15-20 il əvvəl həll edilsə də Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin, əlahiddə taborların sıralarında döyüşmüş yüzlərlə insan müvafiq icra hakimiyyəti orqanlarının süründürməçiliyi, ən başlıcası isə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə edilən müraciətlərin cavabsız qalması səbəbindən veteran statusunu almaqda çətinliklər yaşayır.

Bununla yanaşı, döyüş bölgəsində hansısa işlə əlaqədar ezamiyyətdə olmuş, lakin “müharibə veteranı” adını və vəsiqəsini daşıyan, bundan məharətlə şəxsi mənafeləri üçün istifadə edən onlarla, yüzlərlə saxta müharibə veteranına da tez-tez rast gəlirik.

Veteranlar haqqqında” Azərbaycan Respublikasının qanunu 1992-ci ildə qəbul edilib. Qanunda kimlərin müharibə veteranı adı ala biləcəyi aydın qeyd olunur. Sözügedən qanuna əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Ancaq bu, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə aid edilmir. Qanunda müharibə veteranı ilə yanaşı Silahlı Qüvvələr və əmək veteranları, habelə veteranların sosial müdafiəsi ilə bağlı məsələlər də əksini tapıb.

Komandirlər: əsgərlərimizin günahı nədir?

Qarabağ müharibəsi iştirakçısı, keçmiş briqada komandiri, ehtiyatda olan polkovik Xətai Baxışov da “Azeri Defence”ə açıqlamasında vetera adını ala bilməyən çox sayda əsgərinin olduğunu deyib: “Müharibə vaxtı mən Laçında və Ağdamda döyüşlərdə iştirak etmişəm. Rəhbərliyim altında döyüşlərdə iştirak etmiş əsgərlərim var ki, hələ də veteran adı ala bilməyiblər. Onların günahları nədir?”

Polkovnik Baxışov deyir ki, indiyədək müraciət edən bəzi keçmiş döyüşçülərinin problemlərinin həllinə kömək göstərməyə çalışıb. Burada sənədlərin toplanması, bəzən də məhkəmədə döyüş yoldaşlarının iştirakı ilə qərarların alınması kimi məsələlər meydana çıxır ki, bu da müəyyən vaxt tələb edir.

848 saylı keçmiş Füzuli özünümüdafiə taborunun komandiri Zahir Həsənov 1992-1993-cü illərdə döyüşlərdə iştirak etmiş yüzlərlə döyüşçüsünün hələ də müharibə veteranı adını ala bilmədiyini deyir.

“Mənim komandir olduğum hərbi hissənin tərkibində döyüşənlərin yarısından çoxu veteran statusunu əldə edə bilməyib. 848 saylı hərbi hissənin əmrlər kitabı hələdə bizdədir. Orada həmin şəxslərin təminata salınması ilə bağlı qeydlər var. 1993-cü ilin sonlarında 848 saylı hərbi hissəmiz ləğv olundu. Döyüşçülərimiz 702 saylı hərbi hissənin və digər hərbi hissələrin taborlarına paylandı və təəssüflər olsun ki, həmin hərbi hissələrin kadrlar şöbələri bununla bağlı əmrləri təsdiq etməyib”, – deyə Z. Həsənov vurğulayıb.

Keçmiş tabor komandiri sözügedən problemlərin həllinin sürətləndirilməsi ilə bağlı ölkə Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət etməyi düşündüklərini deyib.

Veteran təşkilatları: hər ay onlarla müraciət daxil olur

Müharibə veteranı və əlillik statusunun təyin olunması ilə bağlı  müraciətlərin çox olduğunu deyən “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin sözlərinə görə, indiyədək çox sayda insanın bu statusları ala bilməməsi müəyyən sənədlərin qaydasında olmamasından irəli gəlir: “Bizə də kömək üçün yüzlərlə müraciətlər olur. Əlimizdən gəldiyi qədər bu cür şəxslərə yardım etməyə çalışırıq. Bu cür halların baş verməsində keçmiş döyüşçülərin heç bir günahı yoxdur”.

Təşkilat rəhbəri bildirib ki, müharibə illərində könüllü dəstələrinin tez-tez parçalanması və buraxılması, müəyyən hərbi hissələrinin ləğv edilməsi bu gün döyüşmüş şəxslərin dəqiqləşdirilməsinə əngəllər yaradır. F. Rzaquliyev rəhbərlik etdiyi təşkilatın saxta veteranlıq və əlillik statusları almış şəxslərin aşkarlanması ilə bağlı araşdırmalar apardığını da deyib.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞAİB) sədr müavini Ariz Məmmədov da “Azeri Defence”yə açıqlamasında eyni problemlərin üzərində dayanıb. A. Məmmədovun sözlərinə görə, bəzi şəxslər müharibədə iştirak etdikləri tarixləri sənədlər əsasında göstərə bilmirlər.

“Bizə bu məsələ ilə bağlı hər ay orta hesabla 20-30 müraciət daxil olur. Daxil olan ərizələr Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə göndərilir. Mərkəzi Arxiv İdarəsinə məsələ ilə bağlı olan müraciətlərə əksər hallarda mənfi cavab alınır. Bunun bir çox səbəbləri var. Məsələn, müraciət etmiş şəxslər döyüşlərdə iştirak etsələr də, həmin tarix və zaman aralığını dəqiqliklə müəyyən edə bilmirlər. Müharibə zamanı əlahiddə taborların və hərbi hissələrin tez-tez dəyişdirilməsi, ləğvi və s. bu kimi təşkilati proseslər keçmiş döyüşçülərin hansı hərbi hissənin tərkibində döyüşməsini müəyyən etməkdə çətinlik yaradır”.

QMƏVŞAİB rəsmisi Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın fəaliyyətini tənqid edib: “Müdafiə Nazirliyinin komissiyası bu müraciətlərə çox gec cavab verir və bu cavablar da adətən, mənfi olur. Veteran təşkilatı olaraq bizim aidiyyatı qurumlarla bu məsələ ilə bağlı əməkdaşlığımız davam davam edir”.

Müdafiə Nazirliyi problemlərin həlli istiqamətində çalışır

Müdafiə Nazirliyində 2014-cü ildən veteran adlarının və vəsiqlərinin verilməsi istiqamətində həyata keçirilən işlərin aktivləşməsi müşahidə olunur. Ötən 5 ildə yüzlərlə birinci Qarabağ müharibəsi veteranının müraciətinə baxılıb və veteran adının verilməsi təmin edilib. Vaxtı ilə könüllü özünümüdafiə taborlarında, eləcə də sonradan ləğv edilmiş hərbi hissələrdə döyüşmüş, arxiv sənədlərində problemlər olan, ordudan tərxis qeydi olmayan vətəndaşların veteran adı alması üçün onunla birlikdə döyüşənlərin şahidliyi ilə çıxarılan məhkəmə qərarları da bu işlərdə mühüm rol oynayıb.

Nazirlikdən “Azeri Defence”ə verilən məlumata görə, 2019-cu il ərizində sözügedən məsələ ilə bağlı müraciətlərdə artım müşahidə olunub. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya 2019-cu il ərzində daxil olan 11000-dən artıq ərizəyə baxılıb və onlara cavablar hazırlanaraq ünvalara göndərilib. Komissiyanın 90-dək iclası keçirilərək 2300 nəfərdən artıq şəxsə müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adı və vəsiqəsi verildiyi bildirilsə də, əvvəlki illərin statistikasını əldə etmək mümkün olmayıb.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …