Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə “Zəngəzurun Azərbaycana qaytarılması – tarixi həqiqətlər və reallıqlar” adlı elmi-praktik konfrans keçirilib. İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra konfransı giriş sözü ilə açan BDM sədri Dr. İsmayıl Ağayev konfransın mahiyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, BDM tərəfindən illərdir Qərbi Azərbaycanla bağlı silsilə tədbirlərin həyata keçirildiyini, soyqırım və deportasiyaya məruz qalmış soydaşlarımızın haqqlarının müdafiəsi istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib. Məruzə ilə çıxış edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru Əziz Ələkbərli Zəngəzurun verilmə tarixi haqqında məlumat verərək, bu torpaqların Azərbaycana qaytarılması vaxtının çatdığını faktlarla əsaslandırıb. Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı rusların petisiyaya başlamasını xüsusi qeyd edərək, artıq bu məsələnin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycana yeni əsaslar verdiyini bildirib. Daha sonra əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov XX əsrin əvvəllərində ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırım cinayətlərinin yenidən gündəmə gətirilməsinin vacibliyini vurğulayıb. Konfransda iştirak edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə öz çıxışında Zəngəzurla bağlı o zamanki partiya komitəsinin verdiyi qərarın öz qüvvəsini itirdiyini və Azərbaycanın haqqlı olaraq bu tarixi torpaqlarına sahib olmaq üçün beynəlxalq ictimaiyyətə müraciət etməli olduğunu vurğulayıb. Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Yusif Fətəliyev, Bakı Dövlət Universitetinin əməkdaşı Muxtar Fərəcullayev, Araşdırmaçı İradə Rizazadə, şair Vahid Əziz, Qərbi-Azərbaycana Qayıdış Hərəkatının sədri Rizvan Talıbov, Milli QHT Forumunun prezidentinin müşaviri Nüşabə Məmmədova, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, BDM-in Avropa nümayəndəliyinin rəhbəri Azər Kərimov və başqaları çıxış edərək, Zəngəzurun Azərbaycana qaytarılması istiqamətində və ümumilikdə Qərbi Azərbaycanla bağlı fikir və təkliflərini bildiriblər. Konfransa yekun vuran BDM sədri İsmayıl Ağayev səslənən təkliflərin ümumiləşdirərək yaxın zamanlarda Qərbi Azərbaycan koordinasiya mərkəzinin yaradılacağını bəyan edib. O, eyni zamanda hamını “Zəngəzuru Azərbaycana qaytarın” adlı petisiyada fəal olmağa çağırıb.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …