Görüş aprelin 23-də Londonda baş tutacaq
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ nümayəndələri müharibənin sülh yolu ilə həllini müzakirə etmək üçün Londonda görüşəcəklər.
O, bu barədə sosial şəbəkədə Böyük Britaniyanın baş naziri Kir Starmerlə söhbətindən sonra məlumat verib.
Zelenskinin sözlərinə görə, Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ nümayəndələri aprelin 23-ü, çərşənbə günü Londonda görüşəcəklər.
“Biz qeyd-şərtsiz atəşkəsə nail olmaq və daha sonra həqiqi və davamlı sülhü təmin etmək üçün mümkün olan ən konstruktiv şəkildə hərəkət etməyə hazırıq”, – deyə prezident bildirib.
O qeyd edib ki, qeyd-şərtsiz atəşkəs sülhə doğru ilk addım olmalıdır və “bu Pasxa göstərdi ki, müharibənin uzanmasına səbəb məhz Rusiyanın hərəkətləridir”.
“Bloomberg” daha əvvəl Parisdə ABŞ-ın Avropalı müttəfiqlərinə Rusiya-Ukrayna müharibəsinin həlli planını təqdim etdiyini yazmışdı. Amma o vaxt bildirilirdi ki, işğal olunmuş ərazilər Rusiyanın nəzarətində qalacaq, Ukrayna da NATO-ya daxil olmayacaq.
Bundan sonra “New York Post” yazdı ki, Ukraynanın müdafiə naziri Rustem Umerov Amerika rəsmilərinə Kiyevin ABŞ prezidentinin sülh planını 90% dəstəklədiyini deyib.
Amma daha sonra Ukrayna Müdafiə Nazirliyi “Sky News”-a verdiyi şərhdə bunu təkzib edərək, qurumun “siyasi qərarlar qəbul etmədiyini” və buna görə də heç bir “faiz hesablamaları” edə bilməyəcəyini bildirib.