“Mətbuat Şurasında hər zaman mətbuatın saflaşdırılması ilə bağlı mübarizə aparmışıq. Ancaq yenə də kiminsə qəzetini qoltuğuna vurub hansısa bir dövlət qurumuna getdiyini görürük. Burada məqsəd başqa şeydir”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu qanun mətbuatın inkişafında xüsusi rol oynayacaq: “Qanun layihəsi media fəaliyyətinə bütöv orqanizm kimi baxmağa imkan verir. Bəzən ən müxtəlif peşə sahiblərinin cibindən jurnalist vəsiqəsi çıxır. Təxminən, həmin kateqoriyadan olan insanların sayı 20-28 min arasındadır. Onlar jurnalistikadan sui-istifadə yolu tutublar. Hesab edirəm ki, Media Reyesteri çox vacibdir”.