Bu yaxında bir məclisdə bir nəfər məndən soruşdu: “Nadir müəllim, Əli Kərimli prezident olacaqmı?”
Düşünmədən cavab verdim ki, “YOX!”
Çünki bu sualı mənə neçə illər qabaq və dəfələrlə veriblər, odur ki, cavabım da hazır idi.
Həmsöhbətim məndən əsaslandırmağı xahiş etdi və ona bir-iki kəlməylə izah etdim. Uzun-uzadı təhlil etməyə vaxt və həvəs yox idi.
Ancaq düşündüm ki, bir gün bu haqda bir yazı yazım və bəzi insanları intizardan qurtarım.
İndicə eşitdim ki, polis Əli Kərimlini Müsavat partiyası qərargahından aparıb. Özlərinin dediyi kimi, “siyasi” məhbusların cərimələrini ödəmək məqsədilə dinc tədbir keçirirlərmiş, ancaq polis buna imkan verməyib.
Əli Kərimli oradan məhkəməyə aparılıb və ictimai asayişi pozmaq ittihamı ilə həbs olunub. Ona tezliklə azad olunmasını, bir də asayişi pozmağa cəhd etməməsini arzulayıram. Əminəm ki, tezliklə buraxacaqlar.
Bir məsələni də qeyd edim ki, belə həbslər Əli Kərimliyə xeyirdir, çünki gündəmdə qalmasına, unudulmamasına çox kömək edir. Burda nə var ki? Çörəkpulu qazanmaq üçün işə getmir ki, ailəsi ac qalsın… Beş-on gün içəridə oturub qafa dinləyir, bayırda da dəyirman işləyir. Həm pulu, “peredaçası” gəlir, həm də reytinqi az-maz qalxır.
Odur ki, kimsə məni həbs olunan insanın dalınca danışmaqda qınamasın…
Qayıdıram əsas mətləbə. Əli Kərimli prezident olacaqmı?
Əvvəla, Əli Kərimli niyə prezident olmalıdır? Gəlin bu suala cavab tapaq. Bu haqqı ona kim verir? Xalqmı, özümü? Xalqa rəhbərlik etmək üçün onun hansı önəmli keyfiyyətləri var?
Camaat əsas etibarilə bu adamın “səlis” nitq qabiliyyətini bəyənir. Ərz edim ki, gəncliyimdə mən də ona bu qabiliyyətinə görə rəğbət göstərməyə başlamışdım. Ancaq sonra gördüm ki, adi əzbərçidir. Müəyyən cümlələri, tarixləri, qanun maddələrini əzbərləyir və çıxıb danışır. Xarici mətbuatın ölkəmiz haqqında yazdığı şantaj xarakterli məqalələri tərcümə etdirib, əzbərləyir, çıxıb danışır və s. Siz onun haçansa kiminləsə debata çıxdığını gördünüzmü? Mən görmədim. Amma özünə, ağlına, mühakiməsinə güvənən adam dialoqdan, debatdan qaçmamalıdır.
Digər tərəfdən, səlis nitq ölkə başçısı olmaq üçün əsas göstəricidirmi? Əsla! Xalqa boş-boş danışan yox, çörək verən, iş yeri açan, əmin-amanlığı, sabitliyi təmin edən adam lazımdır. Bu keyfiyyətlər isə onda qətiyyən yoxdur. Çünki özü indiyəcən bir manat qazanmayıb. Ona həmişə haradansa gəlib… Rəhbərlik etdiyi təşkilat bir dənə barışdırıcı missiya həyata keçirməyib, ancaq dava-dalaş salıb, onu-bunu söyməklə məşğul olub…
Hələ AXC üzvü olduğum dövrdə bir cəbhəçi məclisində liderlər haqqında söz düşmüşdü. Mən də düşündüyümü danışan adamam. Söhbət Əli Kərimlinin üzərinə gəldi. Dedim, o, dərsini yaxşı oxuyan şagird, tələbə olsa da, həyat təcrübəsi azdır. Həyatı məktəb dərsliklərində yazılan kimi dərk edir. Amma atalar deyib ki, “oğul həm məktəbxana görməlidir, həm də divanxana.” Cəbhəçi donosbazlar yeməyib-içməyib mənim bu sözümü ona çatdırmışdılar. Özü də bu şəkildə: “Əli Kərimli ömründə bir bokal pivə içməyib, ondan prezident olmaz…”
Doğrudur, mən pivə söhbəti eləməmişdim, amma yeri gəlsə, bu da şərtdir. Çünki ölkəyə məhz onun insanlarının xarakterinə, yaşayış tərzlərinə, meyillərinə müəyyən mənada yaxın və ya uyğun, xalqın dilini bilən, onunla dil tapan insan rəhbərlik edə bilər. Yəni yeri gələndə yeyib-içən, lazım olanda futbol oynayan, lazım gələndə alver edən, dava edən, döyülən, tutulan və s.
Əli Kərimlini indi-indi tutmağa başlayıblar. O da kostyumda, ağ köynəkdə, qalstukda polis idarəsinə gedir, orada quru bəy pozasında davranır, bir-iki saatdan və ya beş-on gündən sonra qayıdır evinə. İnanın ki, bütün bunlar mənə nəsə qeyri-təbii təsir bağışlayır…
Prezidentlik elə bir ali vəzifədir ki, ona pillə-pillə yüksəlmək daha yaxşıdır. Əli Kərimli isə cəmi bir il dövlət vəzifəsi tutub, 25 beş ildən çoxdur ki, heç bir yerdə işləmir. İctimai-siyasi fəaliyyət, ancaq danışmaq, mitinq keçirmək, Sevinc Osmanqızıya “növbətçi” müsahibələr vermək yaxşı inzibatçı, idarəçi olmaq, vaxtında düzgün, əhəmiyyətli qərarlar qəbul etmək üçün yetərli deyil.
Çox mühüm səbəblərdən biri bizim qərbpərəst müxalifətin, o cümlədən də Əli Kərimlinin şimal qonşumuz Rusiyaya, cənub qonşumuz İrana birmənalı düşmən münasibəti sərgiləmələridir. Bu amil onların hakimiyyətə yolunu bağlayan ciddi səbəbdir.
Digər əngəllərdən bir radikalizmdir. Niyə Əli Kərimli zərrə qədər güzəştə meyil etmir. O boyda partiyanı, hərəkatı pərən-pərən saldı, ancaq kimsəylə hesablaşıb, kimisə dinləyib hakimiyyətlə kompromisə, açıq danışıqlara getmədi. Daha doğrusu, bəzən gizli danışıqlar apardı, amma ikibaşlı oyunlar oynadı, hamını aldatmağa çalışdı. Belə şeyləri isə, ciddi adamlar bağışlamırlar.
Onun xaricdəki müəyyən dairələr qarşısında öhdəliyi olması ehtimalı çox güclüdür. Çünki birmənalı xaricdən maliyyə alır, onlardan komanda gözləyir, onların sifarişini yerinə yetirir. Məsələn, bu gün keçirilən tədbirin adı “xeyriyyə marafonu” olsa da, arxa planda hansısa sifarişin yerinə yetirlməsi məsələsi ola bilər. Xüsusi xidmət orqanları, polis isə bunları çox gözəl bilir və onu nahaq yerə, “ictimai asayişi pozmağa cəhddə” ittiham etmirlər. Əminəm ki, “xeyriyyə marafonu” sadəcə aysberqin görünən tərəfidir.
Başqa bir səbəb Əli Kərimlinin, ümumiyyətlə indiki qərbpərəst müxalifətin elita arasında dayağının olmamasıdır. Paradoksal hal ondan ibarətdir ki, onlar burjua-millətçi şüarları ilə yoxsul təbəqənin dəstəyinə ümid edirlər. Bu isə absurd bir şeydir. Proletariat heç vaxt var-dövlət uğrunda mübarizə aparmayıb, belə olsaydı, heç vaxt qələbə qazana bilməzdi. Çünki var-dövlət uğrunda mübarizə aparanlar ideya üçün ölməyə hazır olmurlar. Əli Kərimli yoxsul təbəqədən çıxdığı üçün proletar radikallığından əl çəkə bilmir, eyni zamanda burjua-demokrat ideyaları ilə çıxış edir. Bu səbəbdən nə daxili elita, nə də Qərbdəki dairələr tərəfindən ciddi qəbul olunmur. Ondan sadəcə “demokratiya şousu” təşkil etmək üçün istifadə edirlər.
Əli Kərimlinin məhz prezident olmağı qarşısına məqsəd qoyması da ona mane olan amillərdəndir. Axı normal insan necə hansısa vəzifəni qarşısına məqsəd qoya bilər? Vəzifələr ancaq məqsədə çatmaq üçün vasitə ola bilər. Təcrübə göstərir ki, israrlı olanlar çox zaman istədiklərinə nail ola bilmirlər. Mübarizə geniş hədəflər uğrunda olmalılıdır, xırda, konkret vəzifələr naminə yox. Həyat belə şeyləri sevmir. Yadımdadır, Əbülfəz Elçibəy həmişə deyirdi ki, prezident olmaq istəmir, amma iş elə gətirdi ki, oldu. Heydər Əliyev də istəmirdi, hamımız xatırlayırıq ki, Milli Məclisi tərk edərək dedi ki, mənə heç nə lazım deyil. Onu yalvarıb geri qaytardılar. Bəziləri deyir ki, guya səmimi deyildi. Amma mən qəti əminəm ki, o həqiqətən istəmirdi və deyirdi ki, “can sizin, cəhənnəm tanrının”, qırın bir-birinizi, mənsə gedirəm. Onsuz da bacarmayacaqsınız. Əgər dərhal geri qaytarmasaydılar, sonra yalvaracaqdılar. Çünki bu, tarixi zərurət idi. Amma Əli Kərimli heç vaxt zərurət olmayacaq və ola da bilməz.
İndiki Prezident İlham Əliyev də prezident olmaq üçün dəridən-qabıqdan çıxmayıb. Sadəcə vəziyyət, şərait belə gətirib ki, Heydər Əliyev komandasının və ölkədə sabitlik istəyən kütlələrin iradəsi ilə bu ağır yükün altına girməli olub.
Novruz Məmmədov da heç vaxt baş nazir olmaq barədə düşünməyib. Amma gecə-gündüz bu haqda düşünənlərin arzusu hələ də çin olmayıb və yəqin ki, olmayacaq.
Məncə, Əli Kərimli də artıq reallığı və prezident postunun onun üçün əlçatmaz olduğunu anlayır. Sadəcə bunu etiraf etmir ki, aldatmağa cəhd etdiyi bir ovuc adam da ətrafından dağılmasın. O həm də öz-özünü aldadır. Elə ətrafındakılar da bunu anlayırlar, sadəcə bu gülünc rolu oynamaqdan başqa nəsə bacarmırlar.
Əli Kərimli və ətrafında olan insanlar həyatda bircə şeydən həzz alırlar: guya bunlar böyük missiya daşıyıcılarıdır. Guya “mürtəce” hakimiyyətə qarşı “mütərəqqi” mübarizə aparır, ölkədə ədaləti, qanun-qaydanı bərpa etmək, xalqın rifahını yüksəltmək istəyirlər. Əslində isə bu gurultulu şüarların arxasında gizlənib, öz miskin güzəran və dolanışıq problemləırini həll etməyə çalışırlar. Mənə elə gəlir ki, dolanışıq, məişət qayğılarını yoluna qoymaq üçün bu boyda hay-küy qaldırmağa ehtiyac yoxdur. Əli Kərimli vəkillik eləsə, vaxtında müstəntiqdən, prokuror köməkçisindən-zaddan düzəlsəydi, daha dürüst davranar, daha rahat çörək yeyərdi. Elə onun ətrafına toplaşanlar da hərə öz işinə gedib, müəllimliyini, fəhləliyini, həkimliyini, mühəndisliyini eləsə, həm özləri, həm də ölkəmiz üçün faydalı olarlar…
P. S. Yazını paylaşarkən Əli Kərimlinin sərbəst buraxıldığını oxudum.
Nadir Quliyev,
Azinforum.az