Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Əliyev üç il gözləyə bilməzdi – Laçın zəfəri….

Bu gün tariximizin bəlkə də ən xoş xəbərlərindən birini aldıq. Cənab Prezident İlham Əliyev öz növbəti tviti ilə bizi bir daha sevindirdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşımında bunları yazıb: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Bu sətirləri oxuyanda Prezidentin “nəyi, necə və na vaxt etməyi mən bilirəm” ifadəsinin tam həqiqət olduğunu bir daha anladıq. Anladıq ki, Prezident öz idarəçiliyi dönəmində verdiyi bütün sözlərə əməl edib. Verdiyi vədlərin həyata keçməsi uğrunda sona qədər prinsipiallıq göstərib. Laçın şəhərində bayrağımızın dalğalanmasının bir çox siyasi və strateji üstülükləri var.

Əvvəla onu qeyd edək ki, işğal dövrünədək Laçında heç vaxt ermənilər yaşamayıb. Yəni bu şəhərin ermənilərin əlində qalması həm də tarixi ədalətsizlik olardı. İkincisi, Laçın şəhəri ərazisi böyük olan bir rayonun inzibati mərkəzidir. Düzdür, rəşadətli Azərbaycan ordusu Laçının, demək olar ki, bütün ərazisini işğaldan azad edib, ancaq bunun fonunda rayon mərkəzinin ermənilərin əlində qalması bir qədər məyusluq yaratmaya bilmirdi.

Ermənistanı Qarabağla birləşdirən yeganə dəhliz məhz bu şəhərdən keçirdi. Ermənilər üçün nəfəslik funksiyası daşıyan bu şəhərin strateji əhəmiyyətini onlar hamıdan yaxşı dərk edir. 30 ilə yaxın müddət ərzində Qarabağla bağlı gedən bütün danışıqlarda Laçın şəhəri və oradan keçən dəhliz əsas müzakirə mövzusu olub. Ermənilər, nəyin bahasına olursa-olsun, həmin şəhərə nəzarəti əldən vermək istəmirdilər.

Ancaq Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandanın müdrik siyasəti nəticəsində həmin şəhər ermənilərin əlindən çıxmalı oldu. Ermənistan, hətta ən çətin dönəmində, üçtərəfli qaydada imzalanan Bəyanata imza atanda belə, Laçının onlarda qalması ilə bağlı möhlət istəmişdi. Ermənistan imza atdığı kapitulyasiya aktında belə son ümidi Laçınla bağlı prosesin bir qədər uzadılmasında görmüşdü. Yenə erməni xisləti ilə düşünərək zənn edirdi ki, bəlkə Azərbaycan əldə etdiyi qələbəni əlində saxlaya bilməyəcək, ona kimi heç olmasa Laçını qorusun.

Etiraf edək ki, Laçının Ermənistanın əlində qalmasından bizim bəzi radikal dairələr də öz xeyirlərinə qara piar vasitəsi kimi istifadə edirdilər. Onlar iddia edirdilər ki, Laçınsız bizim qələbəmiz yarımçıqdır və ermənilər Laçın şəhərini heç vaxt tərk etməyəcəklər. Prezident çox ağıllı gediş edərək, ermənilər üçün Laçına alternativ yol təklif etdi. Çünki bunsuz olmazdı. Ermənilər Qarabağdakı soydaşları ilə əlaqə saxlanılan yolun olmasını həm də humanitar amillərlə izah edirlər. Məhz bu humanitarlığa “yox” deməyən Azərbaycan onlara alternativ yol çəkdi və faktiki olaraq onları oyundankənar vəziyyətə salmış oldu.

Çəkilməsi üçün 3 il nəzərdə tutulan bu yolu biz daha tez müddətə təhvil verməklə bayrağımızın Laçın, Zabux, Susda dalğalanmasına şərait yaratdıq. Bununla da işğaldan azad edilən rayonlarımıza tam nəzarətin bərpası sona çatdı.
Laçın dəhlizi keçmiş DQMV ilə Ermənistanı birləşdirən, eni 5 km olan dar koridordur. Bu dəhliz Laçın şəhəri və ona daxil olan Zabux, Sus və Aşağı Sus kəndlərini əhatə edir. Laçın koridoru 1988-ci ildə başlayan Qarabağ ermənilərinin separatçı addımlarından sonra xüsusi əhəmiyyət qazandı. Nəqliyyat koridorunun statusu ilə bağlı istər Sovet hakimiyyətinin ilk vaxtlarında, istərsə də 1990-cı illərdə müxtəlif iddialar səsləndirilirdi.

Həm Azərbaycan, həm də Ermənistanın dəhlizin gələcəyi ilə bağlı radikal əks mövqelərdə dayanması bu ərazinin hüquqi statusu ilə bağlı məsələnin aktuallığını olduğu kimi saxlayırdı. Erməni rəsmiləri Laçına olan iddianı əsaslandırmaq üçün Sovet hakimiyyətinin ilk illərində bu ərazinin DQMV-yə daxil olduğunu, DQMV-nin Laçın vasitəsilə Ermənistanla birbaşa əlaqəsinin olduğunu bildirirdilər.

Laçın SSRİ-nin dağılmasından sonra xüsusi önəm daşımağa başladı. DQMV rəhbərliyi Azərbaycandan ayrıldıqlarını rəsmən bildirmişdi. Buna baxmayaraq, DQMV Azərbaycan içərisində blokadada qaldığı üçün Laçın ermənilər üçün əsas hədəf sayılırdı. 1992-ci ilin yaz aylarında Azərbaycanda Xocalının işğal edilməsindən sonra başlayan siyasi hakimiyyət böhranı nəticəsində Ayaz Mütəllibov prezident vəzifəsindən istefa verdi. Yeni prezident seçkiləri keçirilənə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edildi. İranda Ermənistan rəhbərliyi ilə danışıqlara gedən Yaqub Məmmədov geri dönərkən Ermənistan ordusunun atəşkəsi pozaraq Şuşaya hücum edib şəhəri ələ keçirdiyini eşitdi. Şuşanın itirilməsi Azərbaycan ictimaiyyəti üçün çox ağır zərbə oldu. Erməni bölmələrinin növbəti hədəfi Laçın idi. Bakıda isə bu ərəfədə Şuşanın işğalı ilə bağlı Milli Məclisdə qızğın müzakirələr gedirdi.

1992-ci ilin mayında baş vermiş geosiyasi proseslər də Azərbaycanın Qarabağdakı mövqeyinə zərbə vurdu. 14-15 may 1992-ci il tarixlərində Daşkənddə Rusiya Federasiyasının himayəsi altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaradıldı. Ermənistan KTMT-yə üzv olsa da, Azərbaycan üzvlükdən imtina etdi. 1992-ci ilin mayın ortalarında rus hərbçilərinin Ağdamdan çıxdığı və Əsgərana qarşı bir hücum olmayacağı xəbərindən dərhal sonra erməni ordusu bu istiqamətdəki ordusunu Şuşa-Laçın xətti boyunca yığmağa başlamışdı. 14 may gecəsi Ayaz Mütəllibovun Ali Sovetin qərarı ilə prezident vəzifəsinə bərpa edildiyi xəbərləri gəldi. Bu xəbərdən sonra Azərbaycan ordusuna aid bəzi dəstələr, xüsusən AXC-yə meylli hissələr özbaşına cəbhə bölgəsini tərk etməyə başladı. Mayın 14-dən 15-nə keçən gecə AXC batalyonunun döyüşçüləri cəbhə bölgəsindən geri çəkildilər.

18 may 1992-ci ildə ermənilər Laçın şəhərini və Gorus-Laçın-Şuşa yoluna bitişik kəndləri də döyüşsüz ələ keçirdilər. Beləcə, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz açıldı. Erməni tərəfi də Laçını, demək olar ki, müqavimətsiz ələ keçirdiyini təsdiqləyir. Robert Köçəryan xatirələrində yazır: “Şuşanı aldıqdan sonra düşmən ruhdan düşdü. Biz isə əksinə, qələbədən ilhamlanaraq Laçın istiqamətində irəliləməyə davam etdik. Ermənistanla Qarabağı birləşdirən dəhlizin tutulması bizim üçün həyati əhəmiyyətli idi. Düşmənin müdafiəni təşkil etməsinə imkan verməmək və yenidən toparlanmasına mane olmaq üçün tempi saxlamaq lazım idi. Hücum sürətlə həyata keçirildi, dəstələrimiz kəndləri, demək olar ki, müqavimət olmadan ələ keçirdi. Düşmən hər şeyi – silahları, texnikanı, döyüş sursatını tərk edərək panika içində geri çəkildi. Qələbə sayəsində təkcə hərbi yox, həm də digər resurslarımızı artırdıq. Tərk edilmiş bütün kəndlərdə qida, yanacaq təchizatı, ev heyvanları, ehtiyacımız olan hər şey var idi. Yalnız bir həftə ərzində qoşunlarımız bütün Laçın bölgəsini azad etdi və 18 mayda Laçına daxil olduq. Hər şey Şuşadakı ssenaridə olduğu kimi baş verdi. Laçının müdafiəçiləri hücum ərəfəsində onu tərk etdilər və biz boş şəhərə girdik”.

Çox açı olsa da, sadalanan tarixi anları biz ölkə, millət olaraq yaşamışıq. Çox şükürlər olsun ki, Azərbaycan Prezidentinin müdrik siyasəti, Ordumuzun qətiyyəti sayəsində bizim bayrağımız yenə Laçında dalğalanır. Ən başlıcası isə, ermənilərin ürəkləri istədiyi kimi istifadə etdikləri Laçın koridoru amili də tarixin arxivinə qovuşdu. Bu da bizə imkan verəcək ki, Qarabağın digər yerlərində də Azərbaycanın yurisdiksiyasını tam təmin edək. Laçında bizim bayrağımızın dalğalanması erməniləri daha konstruktiv olmağa, sülhə meyl göstərməyə vadar edəcək. Laçında dalğalanan bayrağımızın oradakı duruşu əbədi olsun!

Yaşasın bizə bu sevinci bəxş edən Azərbaycan Prezidenti və onun Ali Baş Komandanı olduğu Ordumuz!

Məhəmmədəli QƏRİBLİ,
“Bakı-Xəbər” qəzeti

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …