Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Əlli dörd gün erməni mühasirəsində qalmış şəxslərin həyatı ilə bağlı ssenari birinci yerə çıxıb

“Supəri” ssenarisi 1993-cü ilin aprel-may aylarında Laçın-Kəlbəcər rayonları ərazisində 54 gün mühasirədə qalmış Azərbaycan hərbçiləri və mülki sakinlərin həyatından bəhs edir”.

Bunu “Report”a açıqlamasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” ssenari müsabiqəsinin qalibi rejissor Mirsadıq Ağazadə deyib.

O bildirib ki, mühasirədə qalan şəxslərin içində bir qız olub: “O qız mənə maraqlı idi. Ssenarini o qızın üstündə qurmuşam. Əslində belə bir hadisə olub. O haqda sənədli filmim də var. Həmin şəxslər 54 gün düşmən mühasirəsində qalıblar. Dəstənin komandiri Əli Əliyev olub. O, “54 gün erməni mühasirəsində” adlı kitab yazıb”.

Rejissor vurğulayıb ki, ssenariyə əsasən film çəkilərsə, təxminən saat yarımlıq ekran əsəri olacaq: “Ssenari iki aya yazılıb. Ssenarinin sonunda qələbəmiz yer alıb”.

Xatırladaq ki, “Supəri” ssenarisi 1993-cü il mart ayının 31-dən may ayının 23-dək Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalan azərbaycanlıların həyatından bəhs edir.

Belə ki, həmin tarixdə 19 nəfər – Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəl Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov mühasirədə qalıblar.

Ə.Əliyev həmin əzablı günlərdə baş verən hadisələr barədə “54 gün erməni mühasirəsində” adlı kitab yazıb. Onun kitabı əsasında isə 2012-ci ildə “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Həmin ekran əsərinin müəllifi tanınmış jurnalist Vəsilə Vahidqızı, rejissoru isə Mirsadıq Ağazadədir.

Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də vəfat edib.

Check Also

Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib. Boyukmillet.com xəbər verir …