Bazar , 28 Aprel 2024
Drone Cameras

Əmlak bazarında qiymət artımı varmı?

Azərbaycanın böyük potensialı və güclü inkişaf dinamikası yeni-yeni investisiya imkanları və sahələrini açmaqdadır. İqtisadiyyatın mühüm sektorlarından biri də daşınmaz əmlak bazarıdır. Ancaq son dövrlər qiymət artımı əhali tərəfindən birmənalı qarşılanmır. Əmlak bazarında qiymət artımı müşahidə olunurmu, varsa, nəyə əsasən artır?

 Mövzu ilə bağlı XQ-ə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “VECON” Şirkətlər Qrupunun sahibi Vüqar Oruc açıqlama verdi. “2022-ci ildə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olaraq ilin əvvəllərində istər kirayə, istər satış bazarında qiymətlərdə artım müşahidə olundu. Ancaq həmin illə müqayisədə 2023-cü ilin l rübündə bahalaşma tendensiyası yoxdur. Çünki maksimum nəticələr 2022-ci ilin elə l rübündə oldu. İlin sonuna doğru isə qiymətlər sabitləşdi. 2023-cü ildə isə, ümumilikdə, bazarda sabitlik dövrü olub. Hazırda əmlak bazarında fəallıq olmadığına görə qiymətlərdə artım müşahidə olunmur. Amma 2021-2022-ci illə müqayisədə qiymətlər günümüzdə daha bahadır. Rayonlar üzrə müvafiq əmsallar var, hansı ki, ordakı bahalaşma 20 faizin üzərindədir. Ancaq bəziləri də var ki, orda bahalaşma 3-4 faiz təşkil edir. 

İnfrastrukturun genişlənməsi, inkişafı, tikinti işlərinin daha aktiv və dinamik irəliləməsi və ən əsası da paytaxt sakinlərinin ictimai nəqliyyatın əlçatınlığına əsasən hansı ərazilərə üstünlük verməsi qiymət artımının əsas elementlərindən biridir. Bundan başqa, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, o cümlədən iqtisadi inkişaf, işğal altında olan ərazilərimizin azad olunması ilə səciyyələnən investisiya axını, ümumilikdə, bu kimi amillər ölkədə daşınmaz əmlakın qiymətinin yüksəlməsinə səbəb olub. Hazırda o tendensiya özünü qorumaqdadır. Hesab edirəm ki, azalma faktoru müşahidə edilməyəcək. Əksinə, əmlak bazarında müvafiq qiymət artımı ehtimal olunur. Bir məsələni də qeyd etmək istəyirəm ki, bir sıra geosiyasi hadisələrin əmlakın qiymətinə təsiri mühümdir. Necə ki, Rusiya-Ukrayna münaqişəsi ilə qiymət artımı əlaqələndi, eləcə də digər geosiyasi faktorlar da buna daxildir.

Adətən ipoteka və kredit zəmanəti fondunun kredit ayırmaları olduqda, əmlak bazarında artıma səbəb olur. Çünki bu ipotekadan istifadə etmək istəyən insanlar daşınmaz əmlak bazarına müraciət edir, bununla da tələbat artır. 

Hazırda qiymətlər stabildir. Hər hansı mühim bir hadisə baş verməsə, qiymətlər bu statistika ilə irəliləyəcək”.

Şahanə XANKİŞİYEVA

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …