Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın taxıl sazişində iştirakını müvəqqəti olaraq dayandırmasına münasibət bildirib.
Boyukmillet.com xəbər verir ki, Ərdoğan Türkiyənin bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib.
“Biz əldə etdiyimiz razılıqla Ukraynadan 9,3 milyon ton buğdanın dünya ölkələrinə göndərilməsini təşkil etmişik. Bununla da qida böhranının qarşısını nisbətən almışıq. Rusiya Ukrayna buğdasının ixracı üzrə göstərilən səylərlə bağlı tərəddüdlü davransa da, biz bəşəriyyət üçün cəhdlərimizi qətiyyətlə davam etdirəcəyik”, – deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Rusiya taxıl müqaviləsindən imtina edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda “Taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Moskva taxıl müqaviləsində iştirakını dayandırır.
Rusiya tərəfi iddia edir ki, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib. Ukrayna isə deyilənlərin tamamilə yalan olduğunu açıqlayıb.