8 may Şuşanın işğal günü idi…18 may Laçının günü idi, Şuşa getməsə, Laçın getməzdi, Laçın getmısə, Kəlbəcər işğal olmazdı. Neçə illərdir, bu gün – 8 may gələndə içəridən qovrula-qovrula, qürurumuza boğula-boğula qalmışdıq! Bu gün tariximizin ən qara günlərindən biri kimi bizi məngənətək sıxırdı. Şuşa hər bir azərbaycanlının şərəf, qeyrət rəmzidir.
Çox sevindirici haldır ki , 2021-ci ilin 8 may tarixindən artıq çıxışlarımızı: “Bu il 8 mayda Şuşanın mənfur ermənilər tərəfindən işğalından 30 il keçir,” başlıqlı cümlə ilə başlayası olmadıq. Bu sevinci bizə yaşadan Vətən müharibəsi qəhrəmanları, müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandan 2020 -ci ilin 8 Noyabrında Azərbaycan tarixinin ən şərəfli salnaməsini yazdı. Şuşanın işğaldan azad olunması təkcə bizim yox, həmçinin Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin də qürur mənbəyinə çevrilib. 8 Noyabırın çal-çağırlı sədası 8 mayda daha möhtəşəm eşidildi. 30 ilik həsrətin son akkordları məhz belə möhtəşəm olmalı idi. Hər yanda əks-səda doğuran Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı bir çox məqamlarla yadda qaldı.
Əvvəla, ölkəmizin mədəniyyət paytaxtında keçirilən bu festival işğaldan azad olunan torpaqlarımızın mənən dirçəldilməsinin təsdiqidir. Məlum olduğu kimi 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri reallaşdırılır. Bu layihələr çərçivəsində azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası həyata keçirilir.
Eyni zamanda, həmin layihələr tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını da əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımızda bərpa-quruculuq işləri görülür, həmçinin o torpaqlar mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir.
“Xarıbülbül” festivalı bir daha möhtəşəm qələbəmizin, Şuşaya zəfər dönüşümüzün elə Zəfərə layiq bir təcəssümü oldu. 1989-cu ildə Şuşada ilk dəfə keçirilmiş festival 32 il sonra yenə Cıdır düzündə baş tutdu və bu da bizim qayıdışımızın daha bir əlamətidir.
Festivalda ən çox xoşagələn və yaddaqalan məqamlardan biri də festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilməsi oldu. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı.
Axı istər 1-ci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsində ölkəmizdə yaşayan bütün azsaylı xalqların nümayəndələri doğma Qarabağ uğrunda canından keçib, şəhidlik məqamına yüksəlib.
Dövlət başçımız da festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. 44 günlük müharibə isə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var. Yəni, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələrinin çıxış etməsi heç də təsadüfi deyil. Bununla biz bir daha bütün dünyaya milli birlik, milli həmrəylik mesajı verdik.
44 gün davam edən Vətən müharibəsində ölkəmizdə yaşayan, Azərbaycan vətəndaşı olan bütün xalqların nümayəndələrinin yaxından iştirak etdiyi və düşmən üzərində qazanılan Qələbəyə öz töhfəsini verdiyi hər birimizə məlumdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi: “Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad edib”. Odur ki, Azərbaycanın mədəniyyət beşiyi olan, mədəniyyət mərkəzimiz Şuşada keçirilən “Xarıbülbül ” festivalında da sevinci bizimlə birlikdə yaşadılar və mədəniyyətlərini fəxrlə təqdim etdilər. Müharibə dövründə bir yumruq olan xalqıımız, müharibədən sonra da bir yumruq olduğunu bütün dünyaya, həmçinin mənfur qonşulara nümayiş etdirir oldu.
8 noyabrda şəhidlərimizin qanı bahasına əldə edilmiş qələbələr vasitəsi ilə Qarabağ, bir xalqın qüruru xilas olundu, cəmiyyəti düşündürən suallara cavab tapıldı; qələbə “iti qovmağ”a təhrik edir, ya da tarixi haqların bərpasına həyəcan oyadır.
Dizdə təpər, qolda güc, sözdə kəsər, qəlbdə iman və böyük gələcəyə inamdır qələbə!
Qələbə bir dövlətin sifətidir, şərtidir, gərəyidir. Qələbə qazanmayan qüdrətli dövlət qura bilməz. Bu siyasi teoremin əksi də doğrudur: qüdrətli dövləti olmayan qələbə qazana bilməz.Şuşa, Laçın və Kəlbəcər işğal olunmasaydı digər torpaqlarımız işğal olunmayacaqdı. O ağır işğallar olmasaydı, itkilərimiz, dağıntılarımız 30 ildəki kimi olmayacaqdı, 30 illik problemləri yaşamayacaqdıq. Ədaləti bərpa etmiş Qalib Dövlətimiz var olsun!
Ötən ilədək 8 may – Şuşanın, 18 may – Laçının, 23 iyul Ağdamın işğal günüydü… Daha deyil! Bir daha heç vaxt olmayacaq! İndi 1992-ci il deyil, 2021-ci ildir. Azərbaycan uduzan, uduzdurulan deyil, qazanan – zəfər qazanan tərəfdir. O illər, itirə-itirə getdiyimiz illər getsin-gəlməsin. İndi Azərbaycanda dövlət, dövlətçilik vaxtıdır; dövlət-xalq birliyi, güclü ordu, siyasi iradə, ictimai sabitlik mövcuddur. Var olsun bu Qələbənin sevincini, qürurunu, fəxarətini bizə yaşadanlar!
Ağdam 38N-li tam orta məktəbin direktoru Məsud Həmzəyev.