Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

“1916-cı il QIRĞIZ ÜSYANI” toplusu Azərbaycan dilinə tərcümə edilib

“1916-cı il –   Qırğız    üsyanı” toplumu Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Azərbaycan dilinə tərcümə edilmişdir.

Bu barədə fondun prezidenti Nüsrət Məmmədov boyukmillet.com-a açıqlamasında bildirib. Topluya 1916-cı il Qırğız üsyanına aid olan sənəd və materiallar daxil edilmişdir. Bunlar hesabat, sərəncam, teleqram, elan, çağırış, əmr, raport, Türküstan vilayətinin hərbi qubernatorları və general-qubernatorunun məruzələri, məhkəmə qətnamələri, şahidlərin sorğu-sual protokolları və dustaqların dindirmə protokolları, vergilər və rüşvətlərə dair sakinlərin şikayətləri, kəndlilərin ifadələri, üsyan liderləri barədə çuğullamalar, statistik bölmələrin sorğuları və arayışlarıdır.

Sənədlər 1908-1925-ci illəri əhatə edir. 1916-cı il iyunun 25-dən oktyabrın 29-na qədər olan hadisələrin xronologiyası verilir.

Giriş hissəsinin müəllifi – A.Beqaliyevadır.

Topluya ön söz 1947-ci ilin oktyabrında tarix elmləri namizədi C.Məcidov tərəfindən yazılmışdır.

Topluya son söz isə filologiya elmləri doktoru K.Mambətəliyev tərəfindən 2016-cı ilin oktyabrında yazılmışdır.

Qırğız xalqının 1916-cı il üsyanı müstəqillik uğrunda apardığı mübarizədə mühüm yer tutur. Üsyan çarizmin Orta Asiya xalqlarına qarşı aparılan müstəmləkəçilik və milli əsarət sisteminə qarşı qaldırılmışdı.

1916-cı ildə qırğızların qaldırdıqları üsyanın əsas səbəbləri aşağıdakılar idi:

1. Qırğızıstanın torpaq müstəmləkəsi boyunduruğuna düşməsi: çarizmin 50 illik hökmranlığı ərzində yürütdüyü köçürmə siyasətinin nəticəsində qırğız dehqanlarının və maldarlarının ən yaxşı və məhsuldar torpaqlarından, otlaqlarından, suvarma üçün istifadə olunan sularından və hətta mal-qaranın caylooya sürülüb aparıldığı yollarından məhrum edilməsi və dağlara sarı sıxışdırılması. Torpaqların ən yaxşı hissələri çar hökuməti tərəfindən əsil sahiblərindən alınmış və ora köçürülənlərə verilmişdi ki, bu da zəhmətkeş qırğızların yoxsullaşması və gəlmə-qolçomaqların varlanması ilə nəticələnmişdi. Əli qabarlı dehqan və maldarların təsərrüfatlarında mal-davarın sayı azalmış və əkin-səpinin səviyyəsi aşağı düşmüşdü. Var-yoxdan çıxmış dehqan və heyvandarlar işlək mal-qara və ləvazimat tapmayaraq, qalan torpaqlarını gəlmə-qolçomaqlara və ya çar qulluqçularına icarəyə verməyə, özləri isə elə həmin qolçomağın, yaxud bəy və ya manapın nökərçiliyini etməyə məcbur olmuşdular. İkitərəfli zülm dövrü başlanmışdı. Qırğızların gəlmə-qolçomaqlar, həmçinin yerli bəy və manaplar tərəfindən amansız istismarı hökmfərma olmuşdu.

2. Qırğızların milli əsarəti, siyasi hüquqsuzluğu, hakim millətçilik şovinizmi siyasəti, çar və yerli məmurların özbaşınalığı, rüşvətxorluğu və zorakılığı.

3. Vergi boyunduruğu. Müamiləçi-qolçomaqların əsarəti. 1914-1918-ci illər birinci dünya imperialist müharibəsi zamanı qırğız xalqının açıq-aşkar və gizli müxtəlif növ vergi və töycülərlə talan edilməsinin kəskinləşməsi. 1914-cü ildə başlayan Birinci Dünya müharibəsi çarizmin zülmünü kəskin surətdə artırdı – ikiqat sitəm başlandı. Zəhmətkeşlərin çiyninə yeni yüklər düşdü. İndiyə qədər mövcud olan vergilərin artması ilə bərabər, yeni vergilər, töycülər peyda oldu. 1914-cü ildə hər alaçıqdan 4 rubl həcmində xüsusi hərbi vergi təyin edildi. Müharibə illərində Qırğızıstana gələnlərin sayının kəskin surətdə azalmasına rəğmən, çar hökuməti köçürülənlərin torpaq fondunu artırmaqla əməkçi qırğızların iqtisadi vəziyyətini daha da pisləşdirir, qırğız torpaqlarını zəbt etməkdə davam edirdi.

Bitmək bilməyən müharibə çoxlu sayda at, ət, yun, dəri tələb edirdi. Çar hökuməti dehqan təsərrüfatlarının tamamən müflisləşməsini nəzərə almadan, müstəmləkədən ərzaqların daşınmasının həcmini artırırdı. Təkcə 1914-cü ildə Yeddisu vilayətindən ümumi məbləği 33 833 000 rubl dəyərində mal-qara və heyvandarlıq məhsulları daşınıb aparılmışdı.

General-qubernator Kuropatkinin çar II Nikolaya yazdığı raportdan bəlli olur ki, müharibə illərində Türküstandan Hərbi İntendantliq anbarlarına: pambıq – 40 899 044 pud, sabun – 222 000 pud, ət – 300 000, balıq – 473 928 pud, at – 70 000 baş, yurta – 1 344 ədəd, araba – 270 ədəd göndərilmiş və bundan əlavə, müharibə xərcləri məqsədi ilə Türküstan əhalisindən 2 400 000 rubl toplanmışdı. Bu hələ rəsmi məlumatlardır, faktiki olaraq isə əhalidən daha çox vəsait toplanılmış, lakin “könüllü ianələr” adı altında müharibə ehtiyaclarına yığılan məbləğin böyük hissəsi çar məmurlarının və vilayət idarəçilərinin cibinə getmişdi. Qırğızları məcbur edirdilər ki, əsgər arvadlarının təsərrüfatlarında işləməyə müəyyən qisim fəhlə ayırsınlar, həqiqətdə isə işçilər böyük torpaq sahibləri qolçomaqların təsərrüfatlarında çalışırdılar. Fəhlələr ayrılmayan yerlərdə isə hər əsgər arvadına 18-35 rubl “yardım” tutulurdu. Bu və digər faktlar topluda sənədlərlə öz əksini tapıb.

Toplunun redaktoru – Mambətəliyev Kuban

Azərbaycan dilinə çevirən: Munisə Dadaş qızı

Kitabın redaktoru: Vəli Əkbər

Yaxın günlərdə işıq üzü görəcək  238 səhifəlik kitabın pulsuz yayılması nəzərdə tutulur.

Qeyd edək ki  fond tərəfindən əvvəllər 85 kitab təcümə olunaraq, nəşr edilib,mədəniyyət və tarixlərimizin təbliğatı çərçivəsində  pulsuz yayılmışdır.

 

boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir