“1990-cı ildə Azərbaycan xalqına qarşı Sovet İttifaqı rəhbərliyi tərəfindən törədilmiş hərbi cinayətin 31~-cı ildönümünü yaşayırıq. Sovet imperiyasına məxsus hərbi birləşmələr tərəfindən həmin il yanvarının 19-dan 20-nə keçən gecə şəhərə silahlı müdaxilə edərək dinc əhaliyə qarşı qanlı divan tutulub. Bu zaman 134 nəfər şəhid olub, 744 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sovet ordusunun qanlı cinayətlərinə boyun əyməyən xalqımız Azərbaycanın istiqlaliyyəti uğrunda canlarını fəda verərək şəhidlik zirvəsinə ucalıb. 31 il öncə SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayət misli görünməmiş vəhşilik, vandalizm və insanlığa sığmayan, amansızlıqla həyata keçirilən faciə kimi bəşər tarixinə düşüb. O zamankı sovet rəhbərliyi SSRİ Konstitusiyasını, beynəlxalq konvensiyaları, müəyyən olunmuş beynəlxalq hüquq nomalarını kobud şəkildə pozaraq insanlıq əleyhinə hərbi cinayətin işlənməsinə rəvac verib
Təəssüflə qeyd edilməlidir ki, dünya ictimaiyyəti M.S.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu dəhşətli hərbi cinayət aktına biganəlik nümayiş etdirməkdədir. 31 il ərzində dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatları 20 Yanvar hadisələrinə hələ də hüquqi və siyasi münasibət bildirməmiş və o zamankı sovet rəhbərliyini beynəlxalq hüququn qınağına çəkməmişdir. Bu gün təəssüflər olsun ki, ABŞ və qərbin digər aparıcı dövlətləri zaman-zaman qondarma 1915-ci il erməni soyqırımına münasibət bildirir, müxtəlif ölkələrin parlamentləri qondarma soyqırımla əlaqədar olaraq qərarlar qəbul edirlər. Lakin nədənsə sovet ordusunun Azərbaycan xalqına qarşı 20 Yanvarda törətdiyi hərbi cinayət və daha sonra Rusiyanın bilavasitə iştirakı ilə ermənilərin 1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırım cinayətləri dünyanın aparıcı dövlətlərinin diqqətindən kənarda qalmaqdadır”.
Sima Babayeva
Boyukmillet.com xeber portalının redaktor müavini