Erməni işğalının dünəni və bu günü; düşmənin dişini qıran aprel döyüşləri…
Azərbaycanın başı tarixən bəlalı olub. Daha dəqiq desək, mühüm strateji mövqedə, təbii sərvətlərlə zəngin bölgədə yerləşdiyindən çoxları – farslar, ruslar, ingilislər və digərləri zaman-zaman, ərslər boyu Azərbaycanı öz əsarətində saxlamağa, işğal etməyə, torpaqlarını qoparmağa, sərvətlərini yağmalamağa çalışıb. 19-cu əsrdə bədnam ermənilər Azərbaycanın qərb bölgəsinə yerləşdiriləndən sonra isə daha dəhşətli faciələrimiz başlayıb…
Azərbaycanın tarixi ərazilərində ermənilərin yerləşdirilməsinə Rusiya imperiyasının dəstəyi ilə 19-cu əsrin əvvələrində start verilib. Çünki bu, rus imperiyasına bölgədə öz nüfuzunu artırmaq, ətrafını zəiflətmək üçün sərf edirdi. XIX əsrdə baş verənlər, xüsusi ilə Rusiya-Türkiyə, Rusiya-İran müharibələri rus imperiyasının ciddi şəkildə zəifləməsinə səbəb olmuşdu. Bu dönəmdə şimal qonşumuz özünün cənub sərhədində müsəlman və türk ölkəsi olan Azərbaycanın varlığından, güclənməsindən də təbii ki, narahat olmaya bilməzdi. Məhz bu səbəbdən də Azərbaycan ərazilərində ermənilərin yerləşdirilməsi bir siyasət kimi həyata keçirilib. Məqsəd Azərbaycanı maksimum zəiflətmək və erməni kartı ilə təzyiq etmək olub və bu gün də həmin siyasət bu və ya digər formada davam edir…
Torpaqlarımızın iki müqavilə ilə parçalanmasından – 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sazişlərinin imzalanmasının ardınca isə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi daha da intensivləşdirilib.
Müxtəlif mənbələrdən alınan məlumatlar göstərir ki, həmin dövr ərzində Türkiyədən 90 minə, İrandan isə 50 minə yaxın erməni gətirilərək, Azərbaycan torpaqlarında, daha çox İrəvan, Göyçə, Qarabağ, Naxçıvan və Bakı ərazisində yerləşdirilib…
Əlbəttə, siyasətin məğzi təkcə erməniləri bura köçürüb onları toplum halına salıb yaşatmaq deyildi. Türkmənçay müqaviləsindən dərhal sonra qərbi Azərbaycan ərazisində erməni valiliyinin yaradılması da bunu isbat edən ilk faktdır. Həmin vilayət İrəvan xanlığının səyləri nəticəsində 1846-cı ildə ləğv edilib. Amma erməniləri Azərbaycan üçün işğalçı toplum kimi hazırlamaq və onlar üçün Ermənistan dövləti yaratmaq siyəsətinin qarşısını almaq həmin dövrdən təəssüf ki, mümkün olmayıb və bu siyasət bu gün də öz ağır nəticələrini verməkdədir…
Ermənilər bəlli missiyaya uyğun olaraq ərazilərimizdə məskunlaşdıqdan sonra öz dövlətlərini yaratmaq haqqında düşün(dürül)məyə başlayıb. Məskunlaşma başa çatar-çatmaz planlı şəkildə, missiyalarına uyğun olaraq onlar Azərbaycan xalqına qarşı soyqırım aktı keçirmək planı qurublar. Rəsmən qeydə alınan ilk həmlə 1905-ci ildə başlayıb. Ermənilər 1905 və 1906-cı illərdə azərbaycanlılara qarşı kütləvi soyqırımlar törətməyə start veriblər. Həmin illərdə erməni daşnakları Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlıları öldürüblər. Və bu cinayətləri xüsusi qəddarlıqla həyata keçirməklə, xalqımızda ağır xof yaratmaq istəyiblər…
Rus imperiyasının dəstəyi ilə Azərbaycan torpaqlarında ermənilərə dövlət – Ermənistan qurulduqdan sonra isə daha ağır cinayətlər həyata keçiriblər. 1918-1920-ci illərdə onlar qərbi Azərbaycan ərazisində “türksüz Ermənistan” iddialarını maksimum reallaşdırmağa çalışıblar. Bu müddət ərzində ermənilər YARIM MİLYONDAN çox azərbaycanlını qətlə yetiriblər, tarixi yurdlarından didərgin salıblar.
1918-ci ilin mart-aprel aylarında isə onların törətdiyi soyqırım dünyanın ən dəhşətli kütləvi qətliamlarından biri kimi tarixə düşüb. Erməni daşnaqları Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda on minlərlə azərbaycanlını qətlə yetiriblər, şikəst ediblər, hətta xeyli insanı diri-diri torpağa gömüblər. O dönəmdə Bakıda və Şamaxıda ermənilərin həyata keçirdiyi kütləvi soyqırım aktları daha dəhşətli xarakter alıb. Təkcə Bakıda 30 minə yaxın insan xüsusi işgəncələrlə məhv edilib. Şamaxının 60-a yaxın kəndi tamamilə dağıdılıb, 7 minə yaxın insan öldürülüb. Qubada müsəlmanların yaşadığı 122 kənd məhv olunub. Qubada soyqırıma məruz qalmış müsəlmanların kütləvi məzarlıqları bu gün dünyanın dəhşətlərindən biri kimi qəbul edilir.
Qarabağda 200-ə yaxın, Zəngəzurda 120-dən artıq kənd, oba xarabalığa çevilib. İrəvan quberniyasında 210-dan, Qarsda 90-dan çox kənd yerlə-yeksan edilib…
1918-ci ildə erməni daşnaqlarının Bakıda və ölkə boyunca törətdiyi kütləvi qırğınların sonunda Bakının və ölkənin işğalına doğru getdiyi bir vaxtda Azərbaycana qardaş Türkiyədən Nuru Paşanın başçılıq etdiyi qoşunların köməyə gəlməsi o dövrdə proseslərin qarşısını alıb. Türk əsgərləri ilə birlikdə azərbaycanlıların yaratdıqları Qafqaz İslam Ordusu daşnaqların bəşəri cinayətlərini neytrallaşdırıb. Bu zaman həlledici döyüş Göyçay qəzasında (indiki Göyçay rayonu) ərazisində olub. Burada daşnaqlar məğlub edilib, daha böyük miqyaslı soyqırım, işğal planının qarşısı alınıb.
… Buna rəğmən XX əsrin əvvəllərində Cənubi Qafqazda cərəyan edən proseslərin sonluğu Azərbaycan üçün ağır fəsadlar vermişdi: Xalq Cümhuriyyəti hakimiyyətdən salınıb, sovet hökuməti formalaşanda Azərbaycan ərazilərinin böyük bir hissəsi artıq parçalanmışdı, qərbi Azərbaycan ermənilərin nəzarətinə verilmişdi.
Fakt isə budur ki, 1918-ci il mayın 27-də “Ermənistan Respublikası” elan edildiyi zaman bu qondarma dövlətin paytaxtı belə mövcud deyildi! Rusiya imperiyasının təzyiqi ilə Azərbaycan Milli Şurası 1918-ci il 29 mayda tarixi şəraitin diqəti ilə İrəvan şəhərini 99 illik müqavilə ilə Ermənistan Respublikasının paytaxtı kimi tanımaq məcburiyyətində qalıb…
Beləcə, illər ərzində həyata keçirilən siyasət nəticəsində Qərbi Azərbaycan torpaqları – İrəvan, Zəngəzür, Göyçə mahalı, Vedibasar, Zəngibasar, Qəmərli, Dərələyəz, Ağbaba, Qafan, Amasya və digər tarixi yurdlarımız Ermənistan dövlətinin ərazisi kimi qeyd edilib…
1923-cü ildə artıq möhkəmlənmiş və Kremldən açıq dəstək alan ermənilər Dağlıq Qarabağa muxtariyyət statusu ala bildilər!
1948-1953-cü illərdə də xeyli Azərbaycan əraziləri Ermənistanın tabeliyinə verilib, minlərlə soydaşımız tarixi yurdlarından deportasiya olunublar…
Görünən odur ki, ermənilərin mənfur işğalçılıq siyasəti bir an belə dayanmayıb.
Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində ermənilər tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə birləşdirilməsi məsələsi qaldırılıb. Bu iddia hətta həmin illərdə Kremldə – Siyasi Büroda dəfələrlə qapalı şəkildə müzakirə olunub. 1969-cu ilin mayında Qazax və Ermənistanla sərhəd olan digər bir neçə başqa rayonun ərazisinə daxil olan Azərbaycan kəndlərinin Ermənistana birləşdirilməsi barəsində düşmən ölkənin Ali Soveti qərar qəbul edib. Bu qərar SSRİ Ali Soveti tərəfindən də təsdiq olunub. Həmin vaxt mərhum Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi bu qərarın həyata keçməsinə imkan verməyib! Lakin 1986-cı ildə Azərbaycanın o vaxtkı rəhbərliyinin səhlənkar yanaşması səbəbindən həmin ərazilərin bəzisi Ermənistana birləşdirilib…
Ermənilər xüsusi ilə 70-80-ci illərdə Qarabağı da “dinc yolla” işğal etmək üçün Kremldə min oyundan çıxıblar. Lakin həmin müddət ərzində Azərbaycanın birinci katibi, Siyasi Büro üzvü olan Heydər Əliyev Dağlıq Qarabağın Ermənistana ilhaqına mane olub. 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini postundan uzaqlaşdırılmasından sonra ermənilərin əl-qolu açılıb…
Və 1988-ci ildə ermənilər açıq şəkildə Dağlıq Qarabağ iddiasına girişdilər; Topxana meşəsinin dağıdılması yeni konfliktin əsasını qoymaq üçün məqsədli addım idi…
Və tarixi düşmənlərimiz 1989-cu ilk “uğura” nail oldular. Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsinə dair hüquqa söykənməyən, siyasi mahiyyət daşıyan bir qərar qəbul etdi. O dövrdə artıq can verən SSRİ-nin rəhbərliyi, xüsusi ilə Qorbaçov ermənilərə açıq şəkildə dəstəyini əsirgəmədi…
Azərbaycanın erməni siyasətinə dəstək verməsi səbəbindən və Azərbaycanın özünün müqəddəratını müəyyən etmək mübarizəsinin qarşısını almaq üçün rus imperiyası 1990-cı ilin yanvarında Bakıda dəhşətli qırğın da törətdi. Lakin bununla da Azərbaycanın haqq mübarizəsinin qarşısını ala bilmədilər…
Ermənilər Dağlıq Qarabağı silahlı yolla işğal etməyə başlayanda Azərbaycan dövləti tam qanuni əsaslarla, suveren hüququndan istifadə edərək 26 noyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” qanun qəbul etdi. Bundan sonra ermənilərin yenə də Rusiyanın dəstəyi ilə işğal siyasəti daha da intensiv xarakter aldı…
1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın – 1992-ci il 18 may, Kəlbəcər – 1993-cü il 2 aprel, Ağdam – 1993-cü 23 iyul, Cəbrayıl – 1993-cü il 23 avqust, Füzuli – 1993-cü il 23 avqust, Qubadlı – 1993-cü il 31 avqust, Zəngilan – 1993-cü il 29 oktyabr tarixlərdə) ərazisi işğal olunub. Həmçinin, Ermənistanla həmsərhəd bir sıra yaşayış məntəqələri – Naxçıvan Muxtar Respublikasının 1 (Kərki), Tərtər rayonunun 13 (Çardaxlı, Umudlu, Ortakənd, Talış, Həsənqaya, Şıxarx, Çanyataq, Çaylı, Ağdərə, Kiçikqarabəy, Qızıloba, Ağabəyyalı, Uluqarabəy) və Qazax rayonunun 7 (Yuxarı Əskipara, Aşağıəskipara, Baqanis Ayrum, Xeyrimli, Barxudarlı, Soflu, Qızılhacılı kəndləri) artıq 20 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Naxçıvan MR isə blokadadadır. Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşüb.
Bu müddət ərzində ermənilər Azərbaycana xalqına qarşı kütləvi soyqırım siyasəti də həyata keçirdi. Bu soyqırımlardan ən dəhşətlisi Xocalı şəhərində baş verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş işğalı xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin bəşəriyyətə qarşı cinayətlərdən biridir. Xocalıda 613 dinc sakin bir gecədə vəhşicəsinə qətlə yetirildi.
Ermənistanın 1988-ci ildə başlayan növbəti işğalçılıq və soyqırım siyasəti nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşüb, 20 min nəfərə yaxın azərbaycanlı şəhid olub, 50 min vətəndaşımız yaralanıb, əlil olub. 5 min insanımız itkin düşüb, girov və əsir götürülüb…
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri arasında atəşkəs imzalanıb. Bu müddətdə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar da bugünədək nəticəsiz qalıb. Ötn zaman ərzində ermənilər mütəmadi olaraq atəşkəs rejimini, danışıqlar prosesini pozur və vaxtaşırı cəbhə xəttində təxribatlar törədir. Atəşkəs dövründə də təxminən 1988-1994-cü illər ərzində gedən savaş zamanında olan qədər Azərbaycan vətəndaşı, əsgəri şəhid olub!
Ermənistanın bu işğalçılıq siyasətinə təbii ki, dünyada ciddi əks reaksiyalar olub. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Təhlükəsizlik Şurası birmənalı şəkildə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəkləyib, Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu aydın şəkildə qeyd edib. Ermənistan Silahlı Qüvvələrinin və ermənilərin qeyri-qanuni silahli birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz tamamilə çıxarılması və didərgin düşmüş əhalinin öz yerlərinə qaytarılması üçün şərait yaradılması tələbi də qəti şəkildə qoyulub. Lakin təəssüflər olsun ki, bu qətnamaələr icra edilməyib və bu gün də torpaqlarımız işğal altında qalmaqdadır.
Paralel olaraq qeyd etməliyik ki, ermənilər 1988-ci ildən başlayan işğal planında Qərbdən və Avropadan da dəstək alıblar!
Hələ 1989-cu il iyulun 19-da ABŞ Senatı erməni lobbisinin təsiri və təzyiqi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət barəsində Azərbaycanın əleyhinə qətnamə qəbul etmişdi.
Buna paralel olaraq ermənilərin Türkiyəyə qarşı saxta soyqırım iddiaları da bəzi Qərb və Avropa dairələri tərəfindən gündəmə gətirlərək, müdafiəsi yönündə təbilğat aparılırdı.
Azərbaycana və Türkiyəyə qarşı edilən bu təzyiqlərin yekunu olaraq ABŞ Senatı 1991-ci il iyulun 20-də Ermənistana iqtisadi yardım göstərmək barədə qərar qəbul etdi. Daha sonra isə 907-ci düzəlişin qəbul olunması da zaman-zaman Azərbaycan-ABŞ münasibətlərində bir qara ləkə kimi keçir…
***
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı yaranmış status-kvonun dəyişməsi artıq zamanın tələbinə çevrilib.
Proseslər göstərir ki, artıq Azərbaycanın da səbri tükənməkdədir, əgər danışıqlar nəticə verməzsə, Azərbaycan dövləti tərəfindən ən yüksək səviyyədə alternativ – hərb yolu ilə torpaqlarını işğaldan azad etmək haqqından istifadə ediləcəyi haqda bəyanatlar dəfələrlə səsləndirilib.
Və bunun ilkin addımı atılıb. 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin Lələtəpə yüksəkliyini azad etməsi, Cocuq Mərcanlı kəndinin xilas edilməsi Azərbaycanın iradəsinin nümayişidir! Və bu çox ciddi bir uğurdur, Ermənilərin belə demək mümkünsə, dişinin sındırılmasıdır!
Qarabağ münaqişəsi ilə bağlı 2016-cı ilin digər bir böyük – beynəlxalq miqyaslı uğuru da var. Beynəlxalq aləmdə ötən 20 ildə Qarabağla bağlı xeyli beynəlxalq təşkilat qərar, qətnamə, bəyanat imzalasa da, 2016-cı ilədək heç bir qurum Qarabağın işğalını açıq və birmənalı şəkildə təsbit etməmişdi. 2016-cı ildə AŞPA nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanovun təqdimatı əsasında AŞPA 2085 (2016) saylı qətnamə qəbul etdi. Həmin qətnamədə işğal faktı ilk dəfə və birmənalı şəkildə əksini tapır. Bu sənəd 90-cı illərdən indiyədək Ermənistanın işğalçı dövlət kimi tanınmasının qarşısını almağa yönəlmiş siyasətin iflasıdır. Həmin qətnamənin qəbulunun ardınca beynəlxalq qurumların rəhbərləri və yüksək səviyyəli səlahiyyətliləri sırasından ilk dəfə olaraq AŞPA prezidenti cənab Pedro Aqramunt Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal etməsini rəsmi şəkildə ictimaiyyət qarşısında ifadə etdi. Bu sənəd ermənilərin 20 ildə apardığı siyasəti alt-üst edib..
2085 (2016) saylı qətnamə problemin sülh yolu ilə həllinə bir töhvə kimi qiymətləndirilir.
Məlum qətnamə qəbul edildikdən sonra AVCİYA prezidenti Elxan Süleymanovun təşəbbüsü və imzası ilə “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyası ilə ABŞ Prezidenti Administrasiyasına müraciət edildi.
Məqsəd həm Ermənistanın işğalçı siyasəti ilə bağlı bütün dünyanı məlumatlandırmaq, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün ABŞ kimi nəhəng bir güc mərkəzinin dəstəyini almaq idi. Ağ Ev Administrasiyasının internet resursunda Azərbaycan xalqının Obama Administrasiyasına müraciəti yerləşdirildi. Müraciətdə AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilirdi. 1 ay ərzində müraciəti 100 min nəfərin imzalaması lazım idi. AVCİYA-nın kampaniyanın nəticəsi olaraq petisiyaya 350 min nəfərə yaxın şəxs səs verdi.
Ağ Evin müraciətə cavabı Azərbaycan üçün böyük bir siyasi dəstək kimi qiymətləndirilir. Ağ Evin cavabında deyilirdi: “Biz tərəfləri münaqişənin hərtərəfli nizamlanmasına, o cümlədən Dağlıq Qarabağ ətrafı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasına və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına dair təcili danışıqlar aparmağa və təmkinli olmağa çağırırıq”.
Bütövlükdə bu petisiya Azərbaycan xalqının informasiya müharibəsində çox ciddi bir uğuru, intellektual qələbəsi idi. Amerika Tədqiqat Mərkəzi AVCİYA-nın bu petisiyasını Ağ Evin “Biz xalqıq” platformasında toplanan səslərin sayına görə ikinci ən məşhur petisiya elan etdi…
İnformasiya müharibəsi və intellektual mübarizədə AVCİYA-nın həyata keçirdiyi bu iki addım Qarabağ məsələsində Azərbaycanın mühüm uğurları hesab edilir.
***
Azərbaycanın Qarabağı işğaldan azad etməsinin üçün güclü ordusu, Ermənistandan qat-qat güclü iqtisadiyyatı, imkanları var. Erməniləri işğalçılıq siyasətindən geri çəkmək üçün bununla yanaşı, intellektual və informasiya müharibəsində də uğurlara nail olması status kvo-nun dəyişməsində mühümdür. Bu məsələyə biz xüsusi diqqət yetirməliyik…
Qeyd: Yazı AVCİYA-nın “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” adlı müsabiqəsi üçün hazırlanıb.