Şənbə , 23 Noyabr 2024
Drone Cameras

2020-ci ildə manat-dollar nisbətinin 1.70 civarında saxlana biləcəyi barədə proqnozlar nə dərəcədə əsaslıdır…

Ruslan Atakişiyev: “Qarşıdakı illərdə dövlətin əsas siyasəti ondan ibarət olacaq ki, manatın məzənnəsi hazırkı səviyyədə sabit saxlansın”

Manatın yaxın gələcəkdəki taleyi hər bir vətəndaşı düşündürən əsas suallardan biridir. Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ilin aprel ayından etibarən 1 ABŞ dollarının məzənnəsini 1.70 manat səviyyəsində sabitləyib. Artıq uzun müddətdir manat dollara qarşı 1.70 məzənnəsi ətrafında sabitlik nümayiş etdirir.

Xüsusən də son iki ildə neftin orta illik qiymətinin 60 dolların üzərində olması manatın sabit saxlanması üçün iqtisadi əsaslar yaratdı. Son illər cəmiyyətdə manatın sabitliyinə inam da xeyli artıb. Bu, müxtəlif formalarda özünü göstərir. Bütün bunlarla yanaşı, Mərkəzi Bank, Maliyyə Nazirliyi 2020-ci il üçün də manat-dolları məzənnəsinin 1.70 səviyyəsində olacağını proqnozlaşdırırlar. Maliyyə Nazirliyi bunu onunla əsaslandırır ki, tədiyyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.

O da məlumdur ki, zaman-zaman maliyyə bazarlarında müəyyən dalğalanmalar olur. Bütün bunlar da valyuta məzənnələrinə təsir edir. Bu baxımdan bütün bunları nəzərə alsaq, gələn il manat-dollar nisbətinin 1.70 civarında saxlana biləcəyi barədə proqnozlar nə dərəcədə realdır?

  • “Bu gün beynəlxalq və regional səviyyədə manata təzyiqlər davam etməkdədir”

Sözügedən məsələni dəyərləndirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev buna bir neçə aspektdən yanaşır. Onun fikrincə, qarşıdakı dövrdə manatın mövcud məzənnəsi saxlanacaq: “Qarşıdakı dövrdə manatı nəyin gözləməsi dövlət büdcəsinin təqdimatı ilə bağlı sənədlərdə öz əksini tapıb. 2020-2021-ci illərdə də dövlətin əsas siyasəti ondan ibarət olacaq ki, manatın məzənnəsi hazırkı səviyyədə sabit saxlansın. Yəni 1 dollar 1,7 manat səviyyəsində saxlansın. Bunun belə olması ona görə vacibdir ki, manatın məzənnəsinin qeyri-stabilliyi ölkəyə investisiya qoyulmasına, sahibkarlıq mühitinə mənfi təsir edir.

Son dövrlər ölkə iqtisadiyyatında müsbət amillərin ortaya çıxması fonunda manatın dollara nisbətən möhkəmlənməsi üçün də imkanlar yaranır. Ancaq bu o demək deyil ki, manat bu gün özünün real qiymətini tam şəkildə tapıb. Məsələ ondadır ki, 2016-cı ildə qəbul olunan yol xəritələrində və digər sənədlərdə manatın “üzən məzənnə”yə keçirilməsilə bağlı siyasət önə çəkilsə də, bu məsələ iqtisadi reallıq nəzərə alınaraq dövlət tərəfindən tənzimlənmə yolu ilə həyata keçirilir. Bu gün beynəlxalq və regional səviyyədə manata təzyiqlər davam etməkdədir. Ancaq hesab edirəm ki, dövlət uzunmüddətli perspektivdə manatla dollar arasında mövcud məzənnənin qorunub saxlanmasında maraqlıdır. Çünki bu, ölkədə son dövrlər aparılan iqtisadi islahatların uğurla nəticələnməsinə təsir edən əsas amillərdən biridir. Belə olmasa, həyata keçirilən iqtisadi islahatlar gözlənilən nəticənin əldə olunmasında çətinliklər yarada bilər”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …