Cümə , 3 May 2024
Drone Cameras

2021-ci il Azərbaycanın postmüharibə reallıqlarını dünyaya qəbul etdirmək istiqamətində atdığı uğurlu addımlarla yadda qaldı

Azərbaycan dövlətinin 2021-ci ildə apardığı daxili və xarici siyasətin əsas istiqaməti, həmçinin 2020-ci ildə 44 günlük  Vətən müharibəsində qazanılan Qələbənin nəticələrinin möhkəmləndirilməsi olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl və paralel fəaliyyətlər həyata keçirib. Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xarici media orqanlarına müsahibələri vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib rol oynayıb. 2021-ci ildə də dövlətimizin başçısı postmüharibə dövrü, Ermənistan və digər qonşu dövlətlərlə münasibətlər, eyni zamanda, xarici siyasət ilə əlaqədar Azərbaycanın mövqeyini Türkiyənin Anadolu Agentliyinə, “CNN Türk” televiziya kanalına, İspaniyanın EFE informasiya agentliyinə, “El Pais” qəzetinə, İtaliyanın “La Repubblica”, “İl Sole 24 Ore” qəzetlərinə və Rusiyanın “Rossiya-1” telekanalı vasitəsilə beynəlxalq auditoriyaya çatdırıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
“Pandemiya reallıqlarını nəzərə alsaq, beynəlxalq tədbirlərin demək olar keçirilmədiyi bir şəraitdə Azərbaycan 2021-ci ildə də beynəlxalq təşkilatlar çərçivəsində uğurla fəaliyyət aparıb. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi bu təşkilatın mövqeyinin beynəlxalq aləmdə güclənməsində mühüm rol oynayıb. Bunun nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv ölkələr yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq ölkəmizə və onun rəhbərinə böyük etimad göstərib. Bildiyimiz kimi, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük təsisatdır və bu təşkilatda 120 ölkə təmsil olunur. Ölkəmizin beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyətlər sırasında sözsüz ki, əsas yeri postmüharibə dövrünün və regionda Azərbaycanın 44 günlük müharibə nəticəsində yaratdığı yeni reallıqların tanıdılması və möhkəmləndirilməsi tutur. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO və Avropa İttifaqı ilə bu istiqamətdə aparılan fəaliyyətlər mühüm əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın Türkiyə və Rusiya ilə ikitərəfli və çoxtərəfli görüşləri regionda dayanıqlı sülhün saxlanılması üçün mühüm əhəmiyyətə malikdir”, – deyə İctimai Birliyinin sədri qeyd edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən irəli sürülən yeni platformanın yaradılması ideyasının inkişafı istiqamətində irəliləyiş hiss olunmaqdadır. Ölkəmiz Türk Şurasında sədrliyi uğurla başa vuraraq İstanbulda keçirilən Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatının yaradılmasında da mühüm rol oynayıb. Eyni zamanda, xüsusi olaraq qeyd etmək lazımdır ki, beynəlxalq arenadakı fəaliyyətimizdə Türkiyə ilə bu il imzalanmış və Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi ölkəmizin 2021-ci ildə atdığı ən uğurlu addımlardan biri olub. Bəzi ölkələr var ki, atdıqları imzanın arxasında dura bilmirlər. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycanın sözü imzası qədər keçərlidir. Məhz bu baxımdan Azərbaycan bütün fəaliyyətində beynəlxalq hüququ, humanizm prinsiplərini əsas tutaraq qlobal əməkdaşlığa töhfə verir. Azərbaycanın haqlı mövqeyi ölkəmizin bütün platformalarda haqlı tərəf olaraq iştirakını şərtləndirir. Bu baxımdan ötən ilin dekabrında Prezident İlham Əliyevin NATO və Avropa İttifaqına uğurlu səfərləri qeyd olunmalıdır. NATO Zirvə görüşlərində daim Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə Görüşündə qəbul edilmiş yekun sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, 2021-ci il Azərbaycanın müharibə və postmüharibə reallıqlarını dünyaya qəbul etdirmək istiqamətində atdığı uğurlu addımlarla yadda qaldı.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …