BMT–nin Bakıda yeni resident-əlaqələndiricisi də öz ölçüsünü götürdü. Götürdü ki, BMT–nin aşkar səhvlərinə baxmayaraq, Azərbaycanda çörəyi qulağımıza yemirik. Başa düşürük ki, BMT kollektiv təhlükəsizlik və müdafiə təşkilatı olsa da, yeri gələndə, onu idarə edənlərin marağı tələb edəndə kollektiv hücum təşkilatı rolu da oynaya bilir.
Qəddafini cəzalandıranda heç qoymadılar ki, qətnamənin qatı açılsın. Prezident Əliyev BMT-nin əlaqələndiricisinə məhz bunları dedi və başa saldı ki, onun təmsil etdiyi təşkilatın öz qərarlarının fasiləsiz və təminatlı icra mexanizmi yoxdur. Fasiləsizlik o deməkdir ki, bir halda bir qətnaməni dərhal icra edir, başqa halda isə illərlə gözləmə mövqeyi tutaraq öz qətnaməsinin yararsız kağız parçasına çevrilməsini özünəhörmət hissindən məhrum şəkildə müşahidə edir. Bu nöqteyi-nəzərdən, Əliyevin BMT rezidentinə dediyi sözlər ilk əvvəl bu təşkilatı özünəhörmət fəlsəfəsinə qaytarmaq düsturudur. Biz belə başa düşürük, onların necə başa düşəcəkləri isə öz işləridir…
Minsk Qrupunun üç həmsədr ölkəsi Əliyevin bu dəfə dediklərindən də nəticə çıxarmasa, dünyanın işləri daha çətin olacaq. Biz birtəhər aradan çıxdıq, 30 il başımızı yastıqladılar, son 17 ildə İlham Əliyev MQ həmsədrliyinin hüdudlarında düz 4 dövlətlə təkbaşına çarpışdı, ABŞ, Fransa, Rusiya və Ermənistan əslində bir ələ oynadılar, sonda uduzdular, Azərbaycan torpaqlarını özü təkbaşına qardaş ölkənin dəstəyilə azad etdi, Prezident bunu da dəqiq dedi.
MQ-nin üç həmsədr ölkəsi olan ABŞ, Fransa və Rusiya heç vaxt belə sərt və birmənalı tənqid olunmamışdılar. Hər şey BMT rezidentinin gözləri qarşısında baş verdi. İlham Əliyev nəyi düz demədi ki? Dedi ki, Dağlıq Qarabağa dair 4 məşhur qətnaməni qəbul etmiş Təhlükəsizlik Şurasının üç daimi üzvü həm də MQ-nin həmsədr ölkələri olduqları üçün həmin qətnamələri nəinki icra etmədilər, sadəcə etmək istəmədilər, icrasına mane oldular, istəsəydilər tam icra edərdilər, həm də bunu dərhal edərdilər. Məgər belə deyil? Kim bilmir ki, bu üç ölkə nəinki qətnamələrin icrasında maraqlı olmadı, üstəlik, 44 günlük müharibənin “şirin” vaxtında bizə öz düşmənçiliklərini davam etdirərək, Təhlükəsizlik Şurasında Azərbaycana qarşı daha bir qətnamənin qəbuluna cəhd etdilər, lakin qarşısını qoşulmayan dost ölkələr aldı. Prezident düz demədi ki, Qarabağ məsələsinin müharibə həddinə gəlib çatmasının bütün məsuliyyəti həmsədr ölkələrin üzərindədir?! Bəlkə Prezident onu səhv dedi ki, Minsk Qrupu səmərəsiz fəaliyyət göstərdi?! Məgər Prezident haqlı deyilmi ki, Ermənistanın təcavüzünün məsuliyyətini həm də beynəlxalq təşkilatlar daşıyır?! “Həmsədrlər Ermənistanı BMT qətnamələrinin icrasına məcbur etmədi” deməklə də Prezident tam haqlı deyilmi?!
Azərbaycan Prezidentinin öz sərt irad və tənqidlərində haqlı mövqeyinə dəlalət edən suallar çox ola bilər. Ancaq bunlar da kifayətdir. Məqsədimiz heç də sualların çoxluğu ilə oxucuları təəccübləndirmək deyil.
Hədəf odur ki, üç həmsədr ölkənin hələ heç vaxt bu qədər dəqiq və birmənalı irada tuş olmadıqlarını diqqətə çatdıraq. İlham Əliyev rezidentlə söhbətdə həmsədr ölkələr çərçivəsində 17 il təklikdə 4 dövlətlə apardığı təkbaşına mübarizənin son akkordunu vurdu. Hamıya mesaj verdi ki, hər iki münaqişə tərəfində tökülən qanlar astagəllik və düşmənçilik etmiş bu üç ölkənin boynundadır. Ermənistan hər bir şıltaqlıq və yaramazlığında məhz onların ağzına baxaraq hərəkət edirdi. İndi elə nöqtədəyik ki, Ermənistan onların ağzına baxmağı davam etdirdikcə daha pis vəziyyətə düşür. Ancaq həmsədr ölkələr Ermənistanın ağzına dadsız tikələr tullamaqda nə vaxta qədər davam edəcək?
İndi bizə çox maraqlıdır, İlham Əliyevin tam əsaslı irad tutduğu üç həmsədr ölkə nə cavab verəcək, ümumən reaksiya verəcəklərmi? Təkzib edə bilməzlər. Çünki Azərbaycan Prezidenti rezidentlə söhbətdə “onluqdan” vurdu. Buna nə təkzib ola bilər ki?! Qalır üç ölkənin etirafları…
Aydın QULİYEV