Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkrlıq komitəsinin üzvü Vahid Əhmədov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraaçı direktoru Vüqar Səfərli ilə bağlı danışıb. Deputat mətbuata verdiyi açıqlamada bildirib ki, Vüqar Səfərlinin fəaliyyəti dövründə haqsızlıqlara yol verilib, buna görə də KİVDF-də yoxlamalar aparılmalıdır. Millət vəkili bu haqda parlamentdə müzakirə aparılacağını da diqqətə çatdırıb.
Yenisabah.az-ın sözügedən məsələ ilə bağlı bu və digər suallarını AVP sədri, deputat Fəzail Ağamalı cavablandırıb:
– Fəzail bəy, deputat həmkarınız Vahid Əhmədov KİVDF-nin fəaliyyətində ciddi nöqsanlar olduğunu deyib. Qeyd edib ki, bu məsələni Milli Məclisdə qaldıracaq. Əgər Vahid Əhmədov Vüqar Səfərli məsələsini parlamentdə qaldırsa, onu dəstəkləyəcəksiniz?
– Vüqar Səfərli vəzifə başında olanda mən onun fəaliyyətində ciddi nöqsanların olduğunu və qanun pozuntularına yol verildiyini söyləmişəm. KİV DF ölkəmizdə mətbuatın yüksək səviyyədə qurulmasında xüsusi rol oynamaq məqsədilə yaradılıb. Bu, ölkə başçısının iradəsinin ifadəsi idi və əlbəttə, onun üzərinə qoyulan missiya son dərəcə əhəmiyyətlidir. Təəssüf ki, qurum yarandığı vaxtdan fondun icraaçı direktoru işləyən Vüqar Səfərli fonda özünün ata mülkiyyəti kimi yanaşıb və oradan istədiyi şəkildə istifadə etməyə üstünlük verib. Kütləvi informasiya vasitələrində onun fəaliyyəti ilə bağlı xeyli sayda məlumatlar gedib. Jurnalistlərə evlərin paylanmasında, ayrılan vəsaitdə qeyri-şəffaflıq olub. Ona görə də mən prezidentin apardığı islahatlar içərisində bunun da yer almasının vacibliyini önə çəkdim.
Lakin təəssüf edirəm ki, bundan nəticə çıxarılmadı, əksinə mənim 5-6 cümləlik tənqidi fikirimə 5-6 qəzetdə cavab verildi. 5-6 nəfər üstümə gəldi. Məndə bu təəssüf doğurdu. Sonra mən “Ayna” qəzetinin saytına da açıqlama verəndə dedim ki, buyrun nəticə çıxarın, islahatlara qoşulun, buraxılmış olan nöqsanları aradan qaldırın, şəffaf işləyin və s. İndi nəhayət, konkret addım atıldı. Tamam fərqli bir insan vəzifəyə gətirildi və mən əminəm ki, o, tam ədalətli şəkildə fondla bağlı qoyulan vəzifələri yerinə yetirəcək. Fondun ləkələnmiş imicini təmizləyəcək. Onun atmış olduğu addımlar artıq bunu sübut edir və həmin addımları təqdirəlayiq hesab edirəm.
Vaxtilə problemləri demişəm, mətbuatda da gedib. İndi əgər bundan sonra o məsələ Milli Məclisdə müzakirə olunarsa və ehtiyac olarsa, mən də fikrimi söyləyərəm. Lakin mənə elə gəlir ki, mən o fikrimi artıq söyləmişəm. İndi siz mənə sual ünvanladız və bir də bunun üzərində dayandım. Düzü, mən bir qayda olaraq vəzifədən gedənlər haqqında fikir bildirməyi özümə məqbul hesab etmirəm. Lakin əgər böyük cinayət, dövlətçiliyə qarşı xoşagəlməz məqamlar varsa, o zaman fikirimi deyirəm, məsələdə sona qədər gedirəm.
Vüqar Səfərli qanunsuz addımlar atıb, ədalətsizliklərə yer verib. Bununla bağlı araşdırmalar gedir. Araşdırmaların nəticəsi də şübhəsiz bizə bəlli olacaqdır. Sadəcə açığı, artıq mən bu müzakirəyə qoşulmaq istəmirəm. Çünki mən vaxtında sözümü demişəm, sözümün doğru olduğunu da hər kəs bilirdi, bu, indi sübut olundu.
– Sizin də dediyiniz kimi, Vüqar Səfərlinin fəaliyyətini hamıdan əvvəl tənqid edənlərdən biri də sizsiniz. Hazırda fondun fəaliyyətində hansı dəyişiklikləri zəruri hesab edirsiniz?
– İlk növbədə fond adından da görüldüyü kimi kütləvi informasiya vasitələrinin inkişafına dəstək üçün yaradılıb. Bu baxımdan dəstək ədalətli şəkildə, şəffaf formada həyata keçirilməlidir. Köhnə yanaşma bəlli idi. Onların özlərinin yaxın adamlarına, himayə etdikləri mətbuata külli miqdarda vəsait ayrılırdı. Ancaq 1990-cı illərdən üzü bəri gələn qəzetlərə bu cür münasibət yox idi. Eyni zamanda jurnalistlərin müsabiqəsində də haqsızlıqlar var idi. Bunların hamısı aradan qaldırılmalıdır, əminəm ki, belə də olacaq. Fond KİV-in inkişafında ciddi rol oynayacaq addımlar atıb əhəmiyyətli töhfələr verəcək. Çünki başqa alternativ yoxdur. Mən ümidvaram ki, Əhməd müəllim özündən əvvəl işləyənin acı taleyini hər zaman göz önünə alacaq. Yəqin ki, onun üstün keyfiyyətləri nəzərə alınaraq icraaçı direktor vəzifəsinə təyin olunub. O da buna söykənərək, etimadı doğruldaraq bu işini şəffaf şəkildə qurmalı, bütün müsabiqələr açıq şəkildə mətbuatda getməlidir.
Bütün müsabiqələrin qalibi elan olunmalıdır. Bugünkü jurnalistlər kimin hansı qabiliyyətə malik olduğunu hər kəsdən yaxşı bilirlər. Ona görə də mən düşünürəm ki, jurnalistlər həm də bir ictimai nəzarət funksiyasını yerinə yetirərək fondun rəhbərliyinə kömək göstərməlidir. Təkliflər, təmənnasız xidmətlər olmalıdır. Çünki bu, birbaşa jurnalistlərin fəaliyyətinə stimul verən fonddur.
Evlərin paylanılmasında düşünürəm ki, ədalət prinsipi əsas götürüləcək. Uzun illər junalistika sahəsində çalışan, həqiqətən evə ehtiyacı olan adamlar ev almalıdır, bir neçə yerdə evi olanlara ev verilməməlidir. Mən çox arzulayardım ki, yazılı mətbuatla bərabər elektron mətbuata da diqqət ayrılsın. Məlum olduğu kimi, kütləvi informasiya vasitələrində elektron mətbuat önə keçib. Demək olar ki, yazılı mətbuat diqqəti cəlb eləmir. Koronavirus da buna əlavə bir problem yaratdı. Bir sözlə, elektron mətbuat gününmüzün ən aktual səviyyəsinə çıxmaqdadır və artıq özünə kifayət qədər nüfuz qazanıb. Bu gün ictimai-siyasi prosesdə həqiqətən, fəal iştirak edən 10-15 sayt var. Saytların adını çəkmək istəmirəm, çünki ola bilər ki, birini deyəndə digəri yaddan çıxsın. Bu cür saytlar onsuz da hər birimizə bəllidir. Bu ciddi saytlarımız diqqətdən kənarda qalmamalıdır. Onlara da vəsait ayrılmaldır ki, onlar işlərini qura bilsinlər, müstəqilliklərini təmin etsinlər. Onlar da müsabiqəyə cəlb olunmalıdır. Əgər belə olmasa, onlar istər-istəməz fəaliyyət göstərmək üçün müxtəlif variantlara əl açaqlar və bu da müstəqilliklərinə problem törədəcək.
Çox istəyərdim ki, yeni rəhbərlik bunları diqqətdə saxlasın .
– Vahid Əhmədov iddia edib ki, Azərbaycan mətbuatı uzun illər Əli Həsənovun kölgəsində qalıb. Məhz buna görə kompleks dəyişikliklər olmalıdır. Bu barədə siz nə düşünürsünüz?
– Əli Həsənov ictimai-siyasi şöbənin müdiri idi. Təbii ki, mətbuat da onun himayəsində idi. Onun fəaliyyət göstərdiyi dövrdə KİV-də mövcud nöqsanların olması haqqında hörmətli həmkarımın demiş olduğu fikirlər təbii ki, müəyyən dərəcədə həqiqəti ehtiva edir. Lakin onun fikirlərinə mən əlavə şərh vermək istəmirəm.
– İslahat dalğasının mətbuata da çatacağı gözlənilir. Sizcə, mətbuatda hansı islahatlar getməlidir? Ümumiyyətlə, siz yeni dövrün mətbuatını necə görmək istəyirsiniz?
– Azərbaycan mətbuatında islahatların yüksək səviyyədə davam etməsi üçün Prezident tərəfidən ciddi addımlar atılıb. Prezident Administrasiyasında struktur dəyişiklikləri aparılarkən bununla bağlı ayrıca şöbə yaradılıb. Düşünürəm ki, şöbə və ona rəhbər gətiriləcək şəxs zamanın tələbinə uyğun olaraq KİV-in daha yüksək səviyyədə qurulması üçün lazım olan addımları atacaq. Azərbaycanda Zərdabidən başlayan mətbuat ənənələrimiz var. Bizim dünya tarixinə qızıl hərflərlə yazılan Molla Nəsrəddin ənənəmiz var. Sövet dövründə kifayət qədər məhdudiyyətlər olmasına baxmayaraq, Azərbaycan mətbuatı öz ənənələrini saxlayıb. Mətbuatda işləyən, yazarlar, jurnalistlər, naşirlər mətbuatın müstəqilliyinin qorunub saxlanmasında böyük fədaakarlıqlar göstəriblər. Müstəqillikdən sonra isə ulu öndər çox mühim sənədlərə imza atdı, senzuranı götürdü. Təbii uğurlarla bərabər ciddi problemlər də olub. Jurnalistikadan xəbəri olmayanlar qəzet açdı, əvvəllər yüksək vəzifədə çalışan məmurlar öz himayələrində qəzetlər saxladılar, o qəzetlər vasitəsilə istəmədikləri adamları təhdid etdilər, kompromatla istəmədikləri insanları nüfuzdan salmağa çalışdılar və s. Təqribən beş il əvvələ qədər vəziyyət belə idi. İndi də müəyyən dərəcədə işartıları var. Amma o zaman daha geniş yayılmışdı. Buna baxmayaraq, yenə də mətbuatda jurnalistika etikasına əməl edən peşəkar jurnalistlər var. Onların hesabına jurnalistika ayaqda qaldı, inkişaf elədi. Etiraf edim ki, hazırda çox istedadlı , jurnalisika əxlaqına riayət edən insanlar var. Biz onları dəyərləndirməli, onlara qayğı göstərməliyik. İctimai nəzarətin həyata keçirilməsi üçün, eyni zamanda bu və digər sahələrdə insanlarımızın maariflənməsi, vətənpərvərliyin həyat normasına çevrilməsi üçün jurnalistlərin əməyi inkişaf etdirilməlidir. Onlara əlverişli imkanlar yaradılmalıdır. İnanıram ki, aparılan islahatların içərisində mənim dediklərimin,sizin soruşduqlarınızın, çoxlarının düşündüklərinin xüsusi yeri olacaqdır. Çünki Azərbaycan 2018-ci ildən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. Jurnalistika bunun içərisində öz yerini tapacaq.
Sayad Həsənli