Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən daxil olan müraciətdə deyilir:
“Əziz Şuşa” beynəlxalq velosiped turnirinin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan start veriləcək.
Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.
Sürücülərdən tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik”.