Bakı və Abşeronda yenitikili binaların inşası ilə məşğul olan Mənzil Tikinti Kooperativlərindən (MTK) təmirsiz (podmayak) mənzil alarkən vətəndaşların aldadılması hallarına rast gəlinir.
Belə hallarla qarşılaşmamaq üçün nə etmək lazımdır?
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Oruc “Report”a açıqlamasında bildirib ki, ölkə vətəndaşlarının əksəriyyəti öz hüquqlarını dərindən bilmədiyinə görə, ilkin alqı-satqı zamanı aldanmalar, əsassız ödəniş tələbləri kimi qanunsuzluqlarla üz-üzə qalırlar:
“Bunlar hüquqi maarifləndirmənin aşağı səviyyədə olmasından irəli gəlir. Müvafiq qurumlar tərəfindən bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Vətəndaş həyati əhəmiyyətli qərar verirsə, böyük məbləğə fərdi yaşayış evi və ya mənzil alırsa, müəyyən xərc çəkib konsaltinq xidmətindən istifadə etməlidir. Belə olarsa, prosesdə aldanmazlar. İlkin alqı-satqı zamanı bağlanan müqavilələrə çox diqqət yetirilməli, orada bütün nüanslar öz əksini tapmalıdır. Vətəndaş yenitikili binada bünövrədən (katlavandan) və ya hələ bəzi qurğularla təmin edilməyən binadan, yaxud yarımçıq tikilidən ev alırsa, onun nə zamansa problemlərinin olacağı ehtimalı var. Problemlərlə qarşılaşmamaq üçün bağlanan müqavilədə vətəndaşın hüquqları tam əks edilməlidir”.
Ödənilən məbləğ geri qaytarıla bilər
V.Orucun sözlərinə görə, həmin təmirsiz mənzilin xüsusiyyətləri, qapı və pəncərə oyuqlarının vəziyyəti, binanın kommunal xətlərinin çəkilmiş olması, girişinin vəziyyəti, lift və digər konstruktiv elementlərinin olması, tikinti yerləşən ərazidə abadlaşdırılmaların aparılması, nəqliyyat üçün, xüsusilə də təcili yardım və yanğından mühafizə maşınları üçün gediş-gəliş imkanının olması müqavilədə əksini tapmalıdır.
“Gələcəkdə mənzildə qeyd edilənlərlə bağlı əskiklik olarsa, vətəndaş müqavilə əsasında məhkəməyə müraciət edib qarşı tərəfdən kompensasiya yaxud ödədiyi məbləğin geri alınmasını tələb edə bilər. Belə olduqda MTK-lar da məsələyə çox ciddi yanaşacaq”, – Birliyin rəhbəri hesab edir.
V.Oruc MTK barədə məlumat toplanılmasının da vacib olduğunu vurğulayıb:
“Vətəndaş konsaltinq xidmətinə müraciət etməyibsə, bu məlumatı özü müstəqil qaydada toplamalıdır. Həmin şirkətin binaları yekunlaşdırıb təhvil verməsi, nə vaxtsa probleminin olmaması kimi məsələlər aydınlaşdırıldıqdan və onun dayanıqlı bir şirkət olduğu qənaətinə gəlindikdən sonra mənzil alınmalıdır. Tikintinin neçə müddət davam edəcəyi, ərazinin tikintiyə qədər olan vəziyyəti də müəyyən edilməlidir”.
Ekspertin sözlərinə görə, MTK-lar boş ərazini alır və ya müəyyən ərazidə söküntü işləri aparıb bina tikirlər:
“Tikinti işini aparmaq üçün böyük maliyyə tələb olunur. Bir binanın tikintisi milyonlarla manat vəsait deməkdir. Sahibkarın hansı mənbədən bu tikintini maliyyələşdirəcəyi və nə vaxta yekunlaşdıracağı ciddi məsələdir. MTK-lar çox hallarda bünövrədən (katlavandan) mənzilləri sataraq maliyyə əldə edir və onun hesabına tikinti işləri aparırlar. Bəzən yetəri qədər maliyyə əldə edilmir, yaxud yetəri qədər mənzil satılmır və tikintinin vaxtı uzanır. Vətəndaş buna diqqət yetirməlidir. Tikinti şirkətinin əvvəllər maliyyə problemi yaşayıb-yaşamaması aydınlaşdırılmalıdır”.
Problemli şirkətlər adlarını dəyişir
Ekspert bildirib ki, həmin şirkətin bundan öncə adını dəyişib-dəyişməməsi də müəyyən edilməlidir:
“Azərbaycanda bəzi tikinti şirkətləri bir neçə dəfə adını dəyişib. Onların əvvəlki adlar altında fəaliyyəti zamanı problemləri olub, vətəndaşlarla mübahisələr, yaxud dövlət qurumları ilə natamam ödənişə görə narazılıqlar yaşanıb, yəni onların “qara tarixçə”ləri var. Bunlar unudulsun deyə, şirkət adını dəyişir.
Bunları nəzərə alaraq tövsiyə edirəm ki, vətəndaşlar daha çox hazır, yəni sənədləşdirilməsi mümkün olan binalardan mənzil əldə etsinlər. Bünövrə səviyyəsindən, natamam tikilidən yaxud təhvil-təslim olunmayan və hələ ki, çıxarış verilməyən binalardan mənzil almaq istənilən vaxt problemə əsas yarada bilər”, – deyə müsahibimiz əlavə edib.