“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindəndir”.
Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, ötən əsrin 90-cı illərində müstəqil Azərbaycan dövlətini quraraq uzunmüddətli inkişaf yoluna səfərbər edən Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizin uğurlu sosial inkişaf strategiyası yaradılıb:
“Bu strategiya Prezident İlham Əliyev tərəfindən mükəmməl islahatlarla davam və inkişaf etdirilir. Dövlət başçısının tapşırıqları ilə son beş ildə 4 sosial islahat paketi icra olunub, bu islahatlar üzrə ayrılan əlavə illik vəsait 7 milyard manata çatıb, sosial ödənişlərdə ciddi artımlar olub”.
Bildirilib ki, DOST mərkəzlərində 159 xidmət “bir pəncərə”dən, innovativ texnologiyalarla, modern və çevik, tam şəffaf mexanizmlər üzərində təqdim edilir və DOST ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.
2019-cu ildən bu vaxta qədər DOST Agentliyi və 7 DOST mərkəzi, işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində ilk Smart DOST Xidmət məntəqəsi açılıb. DOST mərkəzlərində ötən dövrdə 1 milyon 730 min vətəndaşa xidmət göstərilib, həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizə çatdırılıb.