Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirməsindən sonra Rusiyanın ermənilər yaşayan ərazilərdə hərbi-siyasi nəzarəti aradan qalxıb.
Azərbaycanın bölgədə suverenliyini təmin etməsi ilə Rusiyanın hərbi iştirakının aradan qalxması müşahidə olunur. Bu, rəsmi Moskvanın Cənubi Qafqaz siyasətində yeni konyukturun formalaşmasına gətirib çıxara bilər. Hazırda həm Azərbaycanda, həm də Ermənistanda Rusiyanın mövqeyindəki kardinal dəyişikliyin səbəbləri bağlı suallar, rəylər səslənir. Yaranmış vəziyyətin səbəblərinə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya müsahibəsində aydınlıq gətirib.
Boyukmillet.com Cebhe.info-ya istinadən müsahibəni sizə təqdim edir:
-Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qarabağda son proseslər haqqında belə deyib:
“Rusiya erməniləri satdı”.
Ümumiyyətlə, bu cür fikirlərin səslənməsi həm Azərbaycana qarşı işğalçılıq müharibəsinin, həm də Qarabağdakı keçmiş qondarma rejimin Rusiya tərəfindən himayə edilməsi ilə bağlıdır. İndi isə əks-proses baş verir. Yəni Rusiya nə cinayətkar rejimin ləğvinə, nə də antiterror əməliyyatının keçirilməsinə mane olmur. Bu da istər-istəməz bir sıra suallar doğurur.
Doğrudanmı, Rusiya erməniləri satdı?
– Bizim cəmiyyətdə belə bir stereotip formalaşıb ki, son hadisələr Rusiyanın ssenarisi əsasında baş verir. Bu fikirlərin bir qismi həqiqətəuyğundur. Ancaq diqqət yetirsək görərik ki, bir çox nəticələr Qərbin xeyrinədir. Qərbin istəyi Rusiyanı mümkün qədər bu bölgədən uzaqlaşdırmaq idi. Axırıncı hadisələr nəticəsində bu baş verir. Ona görə də məntiqi cəhətdən bir sual yaranır ki, sülhməramlılar bundan sonra Qarabağda qalıb nə edəcəklər? Çünki onların Azərbaycan ərazisində qalmasına heç bir ehtiyac yoxdur. Fəal şəkildə müzakirə olunan məsələlərdən biri də Ermənistanın Rusiya hərbi bazalarını öz ərazisindən çıxartmaq istəyi ilə bağlıdır.
Bu da nəticə etibarı ilə Qərbin maraqlarına uyğundur. Biz bu prosesləri təhlil edərkən regionda həm Qərbin, həm də Rusiyanın xeyrinə uyğun olan vəziyyətin əmələ gəldiyini görürük. Rusiya bölgədən uzaqlaşır.
Hələ Ukrayna müharibəsindən qabaq Rusiya elitasında belə fikirlər səslənirdi ki, Ermənistan bizim nəyimizə lazımdır?
Ermənistan qulpsuz çemodandır. Təklif edilirdi ki, Rusiya Türkiyə ilə əməkdaşlığı qurub təhlükəsizliyini daha çox təmin edə bilər, nəinki dörd min nəfər yarıyuxulu əsgərləri orada yerləşdirməklə.
Təhlükəsizlik baxımından, bunun heç bir faydası yoxdur. Hamısı əlavə xərclərdir. Sərhədin o biri tərəfində Türkiyə ordusu, bu biri tərəfdə-Ermənistan ərazisində dörd min əsgər dayanıb. Bunun isə heç bir mənası yoxdur. İndi isə regionda geosiyasi dəyişikliklər gedir. Həm Qərb, həm Rusiya özünün aktual maraqlarına uyğun olaraq siyasət yürüdür. İndi ermənilər ortada qalıblar. Ona görə də ermənilərin uduzan tərəfə çevrilməsi qaçılmaz geopolitik nəticə olmalı idi. Çünki onların bu bölgədə rolu əvvəl Rusiyanın forpostu olmaqdan ibarət olub. İndi isə deyirlər ki, imkan verin, biz Qərbin forpostu olaq. Yəni bu prizmadan baxanda görürük ki, geosiyasi baxımdan onların hər hansı perspektivi yoxdur. Baş verən proseslər də bundan ibarətdir.
Şarl Mişelin açıqlaması daha çox təbliğati bəyanatdır. Məqsəd Rusiya və Ermənistanın bir-birindən uzaqlaşması prosesində ermənilərə dəstək verməkdir.
Qərb Türkiyə-Rusiya tandemindən istifadə etməklə Mərkəzi Asiyada fəal “oyunçu” olmağa hazırlaşır. Çünki Qərb Türkiyə və Azərbaycan amilindən istifadə etməsə Mərkəzi Asiyaya çıxış əldə edə bilməz. Sadəcə olaraq, ermənilər bu məsələdə geosiyasi baxımdan, uduzurlar. Onlardan məntiqli siyasət eşitmirik. Bu siyasət qonşularla normal əlaqələrin qurulmasıdan və regionun üzvü kimi gələcəyini təmin etməkdən ibarət olmalıdır.
– Qondarma rejimin keçmiş rəhbərlərinin saxlanılması “Rusiya nə üçün onların həbsinə razılıq verdi” və ya “Rusiya nəyə görə onları qaçıqmağa çalışmadı?” kimi sualların meydana çıxmasına səbəb olub. Sizcə, bunun cavabı nədir?
– Hesab edirəm ki, Rusiya Azərbaycan-Türkiyə tandemi ilə yeni əlaqələr yaratmaq istəyir. Bunun üçün kimlərsə qurban verilməli idi. Nəticədə, Azərbaycan ictimaiyyətinin Rusiyaya qarşı münasibəti dəyişə bilər. Artıq ictimai rəydə bu dəyişiklik başlayıb. Qərb də çalışacaq ki, bu dəstəyi alsın. Hazırda Qərbdən gələn həmlələr müvəqqətidir. Çünki onlara həm Türkiyənin, həm Azərbaycanın dəstəyi lazımdır. Bu dəstək yalnız siyasi elita tərəfindən deyil, ictimaiyyət tərəfindən də olmalıdır. Ona görə də Qukasyan, Araik- bunlar qəpik-quruşdur.
– Deməli, Rusiya Qarabağdan və ya “Qarabağ kart”ından imtina edir?
– Bu, bəllidir. Sülhməramlıların timsalında Rusiyanın bölgədəki hərbi bazasının olduğuna dair bizdə stereotiplər var idi. Hazırkı silahların səviyyəsini nəzərə alsaq, iki min nəfər əsgəri dağlıq ərazidə saxlamağın nə əhəmiyyəti var? Təbii ki, bu, hərbi baza deyil. İndi söhbət ondan gedir ki, münaqişə bölgədə idarəçilik üsulu kimi hansı şəkildə qala bilər? Çünki münaqişənin davam etməsində tərəflər maraqlıdır.
– Həm Rusiya, həm Qərb?
– Həm Qərb, həm İran. Çünki harada münaqişə varsa, orada kənar qüvvələr üçün imkanlar yaranır. Qarabağda münaqişə daha çox vəsait və qüvvə tələb edirdi. İndi sərhəddə olan gərginlik bu imkanları tam təmin edəcək.
– Yəni münaqişə Qarabağdan Azərbaycan-Ermənistan sərhədinə keçə bilər?
– Bəli. Münaqişə şərti sərhədə keçəcək və davam edəcək. Bu, nə bizim, nə də ermənilərin seçimidir. Kəşmir münaqişəsi, yaxud Tayvan problemi neçə ildir Çinə qarşı istifadə olunur. Dünyanın quruluşu belədir.
– İki yüz ildən artıqdır ki, Rusiyanın Cənubi Qafqazda militarizm, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdüb. Əgər Rusiya regiondakı bundan imtina edirsə, yeni kurs nədən ibarət olacaq?
– Birincisi, müstəmləkəçilik və işğallar Rusiya imperiyasının genişlənmə dövrü idi. Bu, həm Cənubi Qafqazda, həm Mərkəzi Asiyada, eləcə də Şərqi Avropadan Koreya yarımadasına qədər böyük əraziləri əhatə edirdi. Rusiya imperiyasına genişlənmək üçün Cənubi Qafqazda Ermənistan layihəsi lazım idi, onu da yaratdı. Rusiya bu layihəni istismar edirdi. İndi isə Rusiyanın yeni tarixi dövrü başlanır. Birinci mərhələ SSRİ-nin dağılmasından sonrakı dövrü əhatə edir. Hazırda digər böhranların baş verməsi aydın görünür.
Yəni indiki mərhələdə Rusiya realist siyasət yürütməyə məcburdur. Təhlükəsizliyi bu istiqamətdə təmin edən Qafqaz dağları və Rusiya, İran və Türkiyə ilə münasibətlərdir. Yəni maraqların balansının tapılması, aktiv siyasətin yürüdülməsi, əməkdaşlıq, kommunikasiya, tranzit indi daha aktualdır. Vaxtilə aktual olan hərbi bazalar, yəni Ermənistan artıq aktual deyil. Tarixin gedişinə baxsaq, çox qəribə bir mənzərə yaranıb.
– Ermənistandakı hərbi bazalar Rusiyaya lazım deyil?
– Bəli. Vaxtilə Ermənistan Rusiya imperiyasının İrana, Osmanlı dövlətinə və Türkyəyə qarşı hərbi dayağı kimi yaradılmışdı…
– Rusiya tarixi-ənənəvi şəkildə yenidən Cənubi Qafqaza qayıdacaq?
– Təbii ki, bu mümkün deyil. İnsanların canında hələ də bir Rusiya imperiyası qorxusu var. Onlar hələ də Sovet ideologiyasının təsiri altında qalıblar. Proseslərə geniş baxmaq lazımdır.
– Bəs Ermənistan Nikol Paşinyan hakimiyyətdən getsə? Yəni hakimiyyətə Rusiyapərəst qüvvələr gələrsə, Rusiyanın Cənubi Qafqaz siyasətində keçmişə doğru dönüş baş verəcəkmi?
– Bir çox elmi əsərlərdə görürük ki, hər bir tarixi dövr üçün hansısa şəxsiyyətlər böyük və həlledici rol oynayıb. Amma tarixin axarını dəyişmək olmaz. Paşinyan deyil, bir başqası olsa belə, Baş nazir kürsüsünə əyləşdikdən sonra imkanlarının nəyə çatdığını düşünəcək. Çünki Paşinyan imkanı nəyə çatırsa, onu da istifadə edir. Onun imkanı olsa, gedib Şuşada rəqs edərdi. Amma bunu etməyə qadir deyil. Onun yerinə baqası gəlsə belə, bir az hay-küy salacaq, sonra başına bir yumruq dəyəndən sonra sakitləşib yerində oturacaq. Geosiyasi baxımdan, Ermənistanın əsas faktorları, yəni iqtisadi, demoqrafik vəziyyəti, coğrafi mövqeyi zəifləyib. Bunlar dəyişə bilməz.
– Siz bundan əvvəl münaqişənin Qarabağdan Ermənistan ərazisinə, konkret desək, Zəngəzura keçəcəyinə dair proqnoz verirdiniz. Qarabağdakı son hadisələr bu prosesin tərkib hissəsidir?
– Əlbəttə. Artıq hər şey göz qabağındadır.
– Rusiyanın artıq Qarabağ uğrunda deyil, Ermənistan uğrunda geosiyasi mübarizəyə daha çox önəm verdiyini deyə bilərikmi?
– Həm Rusiya, həm Qərb Ermənistan uğrunda gedən rəqabətdə hansısa mövqelərə nail olmağa və bunu istifadə etməyə çalışacaq. Söhbət konkret ərazidən getmir. Görürsüz, Avropa missiya göndərir, Rusiyanın orada sərhədçiləri var. İran təlimlər keçirir. Yəni maraqların toqquşması göz qabağındadır. Çünki indi geosiyasi proseslər əsasən Mərkəzi Asiyada cərəyan edəcək. Çünki Mərkəzi Asiya Qərb və Çin qarşıdurmasında böyük əhəmiyyət daşıyan bir bölgədir. Qısa müddətdə Çinin dövlət başçısı Mərkəzi Asiya ölkələrinin beş lideri ilə sammit keçirdi. Bayden həmin liderlərlə Nyu-Yorkda görüşdü. Avropa İttifaqı da bu tərkiblə bir araya gəldi. Qərb Mərkəzi Asiyada möhkəmlənmək üçün onun bu regionda əsas tərəfdaşları Türkiyə və Azərbaycan olmalıdır. Türk Dövlətləri Təşkilatının artıq siyasi amilə çevrildiyini görürük.
Bu bölgənin əsas hissəsi Zəngəzurdur. Bütün tərəflər Zəngəzurda nəyə isə nail olmağa çalışır. Ona görə münaqişə zonası Zəngəzura keçir. Orada hər kəs bu və ya digər imkanlara malik olmaq, gələcək proseslərə təsir göstərmək istəyəcək. İran ora nəzarəti saxlamaqla Qərbi bu bölgəyə buraxmaq istəmir. Qafanda İran, Rusiya və Fransa Baş konsulluq açmaq qərarı verib. Qərb Türkiyənin imkanlarından istifadə edərək Mərkəzi Asiyaya fəaliyyətini genişləndirmək niyyətindədir. Çinin ən yaxın qonşuları da türk dövlətləridir. Ümumiyyətlə, türk etnik elementi bu prosesdə çox vacib amildir. Qonşu ölkələrə də baxsaq, görərik ki, hər yerdə türklədir.
İran, Əfqanıstan, Gürcüstan, Rusiya, Çində türk xalqları yaşayır. Bu baxımdan, türk faktoru, Türkiyə, Azərbaycan və Türk Dövlətləri Təşklatı ən gündəmin ən aktual mövzusudur. Prosesləri idarə etmək üçün hamıya bir vasitə lazımdır. Bu vasitə də Zəngəzurdur. Biz Qarabağda antiterror əməliyyatı keçirdik, amma Ermənistan qarışmadı. Nəyə görə? Çünki münaqişənin Zəngəzura keçməsindən qorxur.
Müşfiq Abdulla
Cebhe.info