Cümə , 22 Noyabr 2024
Drone Cameras

İnkişafına milyardlar xərclənən… və boşalan regionlar

Qiymətləndirici: “Paytaxtın yüklənməsi ciddi fəsadlara yol aça bilər”

İqtisadçı: “Əyalətlərdə vəziyyət gərgindir, əmək qabiliyyətli insanların əksəriyyəti ev-eşiyini tərk edir”

“Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş dörd dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlama verib. Nazir oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, 2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb: “2004-cü ildən bəri bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən çox yeni müəssisə yaradılıb. Regionlarda 8 hava limanı tikilib və ya yenidən qurulub, Laçın hava limanının tikintisi davam edir. 17 min km-dən çox avtomobil yolu, 500-dən çox körpü və tunel, 3300-dək məktəb, 450-dən çox uşaq bağçası, 550-dən çox tibb müəssisəsi, 41 olimpiya idman kompleksi tikilib və ya təmir olunub”.

Regionlardan paytaxta kütləvi axının olması sirr deyil və elə bu səbəbdən də Bakıda insan sıxlığı və hərəkət məhdudiyyəti yaşanır. İnsanların kütləvi şəkildə şəhərə üz tutmasının kökündə evsizlik və gəlir əldə etmək imkanlarının olmaması dayanır. Əyalətlərdə zavod və fabriklərin, istehsalat müəssisələrinin az olması, əlverişli biznes mühitinin yoxluğu paytaxta kütləvi axını şərtləndirir.

Ortaya haqlı suallar çıxır. Məsələn, həqiqətən də, son 20 ildə regionların sosial-iqtisadi inkişafına 104 milyard manat vəsait ayrılıbsa, niyə insanlar öz doğma yurd-yuvalarında deyil, Bakıda yaşamağa üstünlük verirlər?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc AYNA-ya açıqlamasında deyib ki, dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair fərman izmalayıb və 2023-cü ilə qədər olan dövrü əhatə edir: “Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zənzəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı fərmanından sonra iqtisadi rayonların sayı 14-ə çatıb. Qeyd olunan proqramda regionların inkişaf layihələri proporsional qaydada təsnifatlaşdırılıb. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri-nef sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Maliyyə təsisatları, habelə banklar tərəfindən sahibkarlara güzəştli kreditlərin həcmi artırılıb. Nəqliyyat infrastrukturu genişlənidirilib. Bunlar, heç şübhəsiz, müsbət məqamlardır. Lakin bununla kifayətlənmək olmaz və qarşıda görüləsi işlərimiz hələ çoxdur”.

“Regionlarda işsizliyin aradan qaldırılmasına önəm verilməlidir. Düzdür, ölkə iqtisadiyyatının zəif və regionların daha az inkişaf etdiyi dövrlərdə vətəndaşlarımızdan xarici ölkələrə köçənlər olub. Onların əksəriyyəti artıq həmin ölkələrdə müəyyən məşğulluq və yaşayış imkanları qazanıb. Bəzi soydaşlarımız isə geri dönüblər. Onlardan bəziləri öz doğma rayonlarına, bir qismi isə Bakıya qayıdıb”, – deyə həmsöhbətimiz bildirib.

Oruc hesab edir ki, paytaxtın yüklənməsi ciddi fəsadlara yol aça bilər: “Bu səbəbdən ixrac yönümlü istehsal müəssisələrinin regionlarda yerləşdirilməsi, sənaye məhəllələrinin sayının artırılması, aqrar sektorun inkişafı prioritet olmalıdır”.

İqtisadçı ekspert Xalid Kərimli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, təkcə regionlarda deyil, paytaxtda da məşğulluq problemi hökm sürür: “Regionlara nisbətən Bakıda və Abeşron yarımadasında vəziyyət qismən normaldır. Lakin burada da orta aylıq əmək haqqı inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. Əyalətlərdə isə vəziyyət daha gərgindir. Əmək qabiliyyəti olan insanların əksəriyyəti ya paytaxta, ya da xaricə üz tutur. Bu da, heç şübhəsiz, regionlarda məskunalşma və miqrasiyaya öz mənfi təsirini göstərir”.

“Bu istiqamətdə Azərbaycan hökuməti müəyyən tədbirlər həyata keçirsə də, ciddi nəticələrə nail əldə etmək mümkün olmur. Bunun üçün bölgələrdə dayanıqlı iş yerləri yaradılmalıdır. Eyni zamanda bu müəssisələri stimullaşdırmaq üçün dövlət dəstəyi təmin olunmalıdır. Müəyyən dövlət proqramları həyata keçirilməlidir. Yəni, məsələyə kompleks yanaşmaq lazımdır”, – deyə mütəxəssis vurğulayıb.

Kərimlinin sözlərinə görə, ixrac yönümlü müəssisələrin inkişafına xüsusi diqqət ayrılmalıdır: “Misal üçün, regionlarda parklar, muzeylər, diaqnostika mərkəzləri, olimpiya mərkəzləri tikilir. İxrac yönümlü müəssisə olmadıqlarına görə dotasiya əsasında fəaliyyət göstərirlər. Yəni, hökumət bu müəssisələri açmağa da, saxlamağa da vəsait xərcləyir. Regionlarda yaradılan sənaye məhəllələri də faktiki olaraq fəaliyyətsizdir. Proses təbii və qanunauyğun şəkildə olmalıdır. Hansısa müəssisələri paytaxtdan kənarda yerləşdirməklə inkişafa nail olmaq mümkün deyil. İxrac yönümlü müəssisələr isə bir müddət sonra rentabelliyi təmin edə və işsizliyin aradan qaldırılmasına gətirib çıxara bilər. Habelə idxaldan asılılığımızı əhəmiyyətli sürətdə azaldar”.

Müəllif: Azər Niftiyev

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …