İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məhculları və o dövrün hadisələrinə gün işığı tutan “M. C. Bağırov Siyasi Portret” kitabı 2021-ci ildə işıq üzü görüb. Kitab M.C.Bağırovun Azərbaycan siyasi idarəsinin rəisi, AK(b)P və sonradan AKP MK-nın birinci katibi işlədiyi zaman respublikadakı ictimai-siyasi vəziyyətdən, onun apardığı siyasətdən, Stalin və Beriya ilə əlaqələrindən və onun həyatından bəhs edir. Kitab arxiv materialları əsasında yazılıb və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Müəllif bu kitabı qələmə alarkən həm Bakıda, həm də Moskvada çox ciddi tədqiqatlar aparıb. Lakin bu günlərdə “Ədəbiyyat qəzeti”ndə (13-20 -27 aprel 2024-cü il sayında) Xalq yazıçısı, uzun illər Baş nazirin müavini işləmiş Elçin Əfəndiyevin “Mir Cəfər Bağırov kim idi ? Şəxsiyyəti, əməli və taleyi” adı altında silsilə yazıları dərc olunub. Müəllifin bəzi fikirləri və istinad etdiyi faktlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Uzun illər arxivlərdə M.C.Bağırova dair tədqiqatlar aparan Adıgözəl Məmmədov ilə əlaqə saxladıq, səsləndirilən iddialara münasibət öyrəndik.
Medianews.az-a danışan A.Məmmədov yeniyetməlik illərində E.Əfəndiyevin müəllifi olduğu “Bülbülün nağılı” , “Bеş dəqiqə və əbədiyyət” , “Ağ dəvə” ,“Ölüm hökmü”, “Ömrün sоn səhəri” ,“Mahmud və Məryəm” əsərlərini sevə-sevə mütaliə elədiyini vurğulayıb. Qeyd edib ki, xüsusən Xalq yazıçısının “Mahmud və Məryəm” əsəri ona çox təsir edib.
A.Məmmədovun sözlərinə görə, müəllif bu əsərində gəncliyin ehtiras hisslərini bədii bəlağətlə çox gözəl təsvir edib: “Bəzən gecənin bir aləmi durub yenidən o hissələri oxuyur və bu maqnitik təsirə bürünərək yuxuya dalırdım. İnsanın yetkinlik dövrünün formalaşdığı bir zamanda bu kitabın gənc insan psixologiyasına ciddi təsiri var idi. Yəni, Elçin Əfəndiyev Azərbaycanda ən çox sevdiyim yazıçıdır. Amma bütün bunlarla yanaşı, Elçin müəllimin Bağırova dair bu son yazısı məndə də çoxlu suallar yaratdı. Çox sağ olsun ki, müəllif yazısında mənim də kitabıma istinad edir və bir mənbə kimi göstərir. Ancaq görünən odur ki, Elçin Əfəndiyev bir çox hadisələrə hələ də keçən əsrin 80-ci illərinin stereotipləri ilə yanaşır. Ümumilikdə, Elçin müəllimin Stalin dönəmi, Stalinizm, o dövrdə baş verən proseslərə yanaşmasını anlayışla qarşılayıram. İstənilən yazıçıda hər hansı bir məsələyə subyektiv yanaşma təbii bir haldır. Lakin tarixi faktlar olduğu kimi göstərilməlidir. Yəni bu, fərdin keçdiyi həyat yolundan, onda formalaşmış təcrübələrdən qaynaqlanır. Bu təcrübəyə əsaslanan yanaşma ilə bərabər, sənədlər də arqument kimi istifadə edilməli, mənbə kimi göstərilməlidir. Çünki, artıq o dövrdən ortalama 40 ilə yaxın vaxt keçib və bu mövzu ilə bağlı bir çox arxiv materialları ictimailəşib. Mən hələ ki, sözügedən yazının ikisi ilə tanış olmuşam və bu yazılarda müəllifin o dövrdə baş verən proseslərə özünəməxsus yanaşmasını müşahidə etmişəm. Bununla belə, Xalq yazıçısının obyektivliyi qorumağa çalışmasını da gözardı etməməliyik”.
E.Əfəndiyevin şəxsiyyətinə hörmətlə yanaşdığını dilə gətirən A.Məmmədov sözügedən yazıda Xalq yazıçısının toxunduğu bəzi məqamlara aydınlıq gətirib: “Müəllif mərhum tarixçimiz Eldar İsmayılova istinad edərək yazır ki, Azərbaycan SSR XDİK-nın rəhbəri olmuş Mixayıl Rayevi Mir Cəfər Bağırov otağında güllələyib. İndi mən sual verirəm, bunu sübut edən hər hansı bir sənəd, yaxud da ki, təsdiq edən bir mənbə varmı? Sözügedən şəxsin istintaq işinin materiallarında belə bir hal varmı? Rəhmətlik Eldar müəllimlə mən çox ünsiyyətdə olmuşam, ölümündən sonra çıxan kitabından çox-çox illər öncə sözügedən hadisə barədə mənə də danışıb. Mən də həmişə bu hadisəni təsdiq edən hər hansı sənədin olub-olmamasını soruşurdum. Bir dəfə rəhmətlik bezdi və dedi ki, “vallah, bunu mənə belə danışıblar, amma əlimdə bunu sübut edən bir sənəd yoxdur”. Yəni təsdiq olunmamış bir məsələ, hadisə bir həqiqət kimi göstərilib. Bundan başqa, Elçin müəllim öz yazısında fikir söyləyir ki, Mir Cəfər Bağırovun əfv ərizəsi olmayıb. Arqument kimi onun əfv ərizəsinə Bağırovun güllələnməsindən sonra baxıla bilməzdi fikrini irəli sürüb. Görünür, Elçin müəllim mənim “Azərbaycanın güllələnmiş liderinin şəxsi işi – M.C.Bağırov” (“Досье расстреленного руководителя Азербайджана-М.Д.Багиров”) adlı sonuncu kitabımla tanış deyil. Orada Bağırovun istintaq materialları və bu ərizələr çap edilib”.
A.Məmmədli söyləyib ki, Mir Cəfər Bağırova ölüm hökmü kəsildikdən, daha doğrusu güllələnmə qərarından sonra, onun oğlu Cen Bağırov öz müraciətində atasının şəhid atası olmasını, xidmətlərini nəzərə alınmasını, barəsindəki güllələnmə hökmünün dəyişdirilməsini xahiş edib: “Bu müraciətdən sonra Bağırovun vəkili V.Qavrilov SSR Ali Sovetinin sədrinə müraciət edib. 26 aprel 1956-cı il tarixdə V.N.Qavrilovun SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Vororşilova ünvanlandığı əfv ərizəsində bildirilir ki, bu il aprelin 26-da SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyası Bakı şəhərində məhkum Bağırovun işinə baxaraq onu müqəssir hesab edib və ona ən ağır cəza – güllələnmə hökmü verib. Ərizədə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrindən xahiş edilib ki, M.C.Abbasoviç Bağırovun güllələnmə hökmü yüngül cəza ilə əvəz olunsun. Lakin SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 1896-cı il təvəllüdlü Bağırov Mir Cəfər Abbasoviçin əfv ərizələri rədd edilib (РГАСПИ. F.17. Siy.171. İş.479. Səh.46-48). Bu qərarın altında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Voroşilovun, SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi Н.N.Peqobun imzaları var (Moskva, Kreml, çap. 53 nüsxə. İş. № ЛП-2028). Sonradan Mir Cəfər Bağırov da özü məktub yazıb. Hərçənd ki, bu məktub bir az şübhəlidir. Çünki mən o arxiv sənədinin orijinalını görmüşəm. Orada Bağırovun qolu, yəni imzası yoxdur. Çox güman ki, Bağırov sona qədər inadından əl çəkməyib. Yəni heç bir əfv olunması barədə müraciət etməyib. Ola bilsin ki, onun adından V.Qavrilov mətni yazıb. Amma belə müraciət olub”.
Araşdırmaçı A.Məmmədov vurğulayıb ki, sonrakı mərhələdə hətta Sovet İttifaq Kommunist Partiyasının rəyasət heyətinin qapalı iclasında bu məsələ müzakirə olunub: “Bunu təsdiq edən sənədlər də var. Bu müzakirədə Anastas Mikoyan Mir Cəfər Bağırovun güllələnməsinin dayandırılması məsələsini qaldırır. Əlbəttə, burada Mikoyanın öz oyunu vardı. Yəni Mir Cəfər Bağırovun güllələnməsində erməni-daşnak və ədəbi cütlüyün rolunun izini itirməyə çalışırdı. Dediyim kimi, bu məsələ Sov.İKP MK Rəyasət Heyətinin iclasında qaldırılıb. Amma bu barədə qərar müsbət olmayıb. M.C.Bağırovun və başqalarının işi barədə Sov.İKP MK Rəyasət Heyətinin 7 may 1956-cı il tarixli ciddi məxfi qərarında göstərilib ki, 7 gündən gec olmayaraq geri qaytarılsın. Sov.İKP MK Rəyasət Heyətinin 7 may 1956-cı il tarixli iclasının 14 №-li protokolundan çıxarışda isə qeyd olunub ki, “SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının hökmü ilə Bağırovun və başqalarının işi razılaşdırılsın. Keçən proses və çıxarılan hökm barədə yerli mətbuatda dərc olunsun”
Araşdırmaçı A.Məmmədov Xalq yazıçısı E.Əfəndiyevin öz yazısında M.C.Bağırovun kinli, qısqanc obrazını yaratmasına, hətta bunun üçün Azərbaycan SSR Elmlər Akademiyasının sabiq prezidenti Musa Əliyevin xatirələrinə istinad etməsinə də münasibət bildirib: “O, illər elə dövr idi ki, Azərbaycanın rəhbər elitasında, xüsusilə siyasi cəhətdən yetkin gənclərə daha çox üstünlük verilirdi. Bununla da rəhbər vəzifələrdə azərbaycanlılaşdırma siyasəti həyata keçirilirdi. Məhz bu dövrdə Azərbaycanın tanınmış alimlərindən biri, geologiyanın inosemerlər sahəsi üzrə ilk Azərbaycan alimi Musa Əliyev Azərbaycana dəvət olunur. Sonradan Musa müəllimin Elmlər Akademiyasının prezidenti seçilməsi birbaşa M.C.Bağırovun xidməti idi. Onu da qeyd etmək yerinə düşər ki, M.C.Bağırova Musa müəllimin Elmlər Akademiyasının prezidenti olması təklifini, tanınmış cərrahımız, Akademiyanın ilk prezidenti Mir Əsədulla Mirqasımov vermişdi. O dövrdə tək Musa müəllim deyil, partiya və dövlət rəhbərliyinə daha çox gənc azərbaycanlılar irəli çəkilirdi. Elmlər Akademiyasının yeni prezidenti Musa Mirzə oğlu Əliyev hələ bir il öncə Azərbaycan SSR Nazirlər Sovetinin müavini və Dövlət Plan Komitəsinin sədri vəzifəsinə qədər irəli çəkilmişdi. Məhz o, M.C.Bağırova 1950-1970-ci illər üçün respublikanın 20 illik inkişaf planını təqdim etmişdi”.
A.Məmmədov deyib ki, bu gün Bakı şəhərinin ən gözəl memarlıq nümunələri sayılan binalar, o cümlədən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Dövlət Dram Teatrının binalarının, ən böyük layihələrdən biri olan akademiya şəhərciyinin, akademiyanın binasının, Şamaxıdakı Astrofizika Rəsədxanasının, 1941-ci ildən “dondurulmuş” metro tikintisinin, “Turboprokat” zavodunun inşası, eyni zamanda da digər iqtisadi əhəmiyyətli layihələrin həyata keçirilməsinin birbaşa təşəbbüskarı və bu işin əsasını qoyanlardan biri Musa Əliyev idi. Belə bir kadrın əlbəttə ki, Dövlət Plan Komitəsindən Elmlər Akademiyasına getməsini heç Mir Cəfər Bağırov da istəmirdi. Çünki Musa müəllim özünün yenilikçi xüsusiyyəti ilə M.C.Bağırovun sevgisini qazanmışdı. Amma yuxarıda qeyd etdiyim kimi, Mir Əsədulla Mirqasımovun təşəbbüsü ilə Musa müəllim Elmlər Akademiyasının prezidenti seçilir. İndi sual olunur ki, Elçin müəllimin söylədiyi kimi Mir Cəfər Bağırov Musa Əliyevə niyə qısqanclıqla yanaşırdı ki? Qısqanclığından o dövrdə heç elmlər doktoru olmayan, elmlər namizədi elmi dərəcəsi olan bir şəxsin Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti seçilməsinə niyə dəstək verirdi ki? (gülür). Əslində Bağırovun Musa müəllimə bu münasibətinə çox qısqanclıqla yanaşanlardan biri Nazirlər Sovetinin sədri Teymur Quliyev idi. Düzdür, Stalinin təklifi ilə Bağırov Moskvaya SSRİ neft naziri vəzifəsinə getməli idi. Amma Bağırov buna razılıq vermirdi, bu ayrı mövzudur. Ancaq Bağırovun Moskvaya gedişindən sonra faktiki olaraq Musa müəllim Azərbaycan rəhbərliyinə ən layiqli namizəd idi”.
A.Məmmədov deyib ki, Mir Cəfər Bağırov həmin illərdə siyasi varis axtarışında olub: “Bağırovun fikrincə ən ciddi namizədlərdən biri də Musa Əliyev idi. Nazirlər Sovetinin sədri Teymur Quliyevlə yanaşı, Musa müəllimə çox qısqanclıqla yanaşan digər bir şəxs də Bakı şəhər Partiya Komitəsinin katibi Qnidin idi. Musa müəllimlə Qnidin arasında hələ 1944-cü ilə söykənən bir ziddiyyət vardı. Musa müəllim o dövrdə Azərbaycan KP MK-nin şöbə müdiri işləyirdi. Xəbər verilir ki, Şimali Qafqazdan Lənkərana gətirilmiş 240 valideynini itirmiş uşaq arasında qarın yatalağı xəstəliyi yayılıb. Təcili müdaxilə tələb olunduğundan Musa müəllim bu uşaqların vaqonlarla Bakıya etap olunmasını və izolyasiya edilmələrini tapşırır. Onların müalicəsi vaqonlarda aparılmağa başlanır. Dörd nəfər uşaq tələf olsa da yerdə qalanlar tam sağalır. Qnidin Bağırova xəbər verərək deyir ki, bəs Musa Əliyev Bakıda epidemik vəziyyət yaradaraq qarın yatalağı xəstələrini paytaxta etap etdirib. Bağırov həqiqətin nə yerdə olduğunu bildikdən sonra Qnidinə “Sən neçə ildir Azərbaycanın çörəyini yeyirsən, amma ağıllı azərbaycanlıları görməyə gözün yoxdur. Sən məni çaşdırmağa çalışdın”. Bağırov sonra üzünü maarif nazirinə tərəf çevirərək “sən də həmişə Musa Əliyevdən şikayət edirsən, amma sənin görməli işini o görüb və buna görə ona təşəkkür etməlisən”. Bu barədə qeydlər 2022-ci ildə Bakıda rus dilində nəşr edilən “Öz dəst-xətti ilə Musa Əliyevin gündəliyi” kitabının 239-242-ci səhifələrində var”.
Ərtürk İSMAYIL