İranda kitabların çapdan əvvəl Mədəniyyət İdarəsinin razılığını alması şərtdir
İranın Mədəniyyət və İslami İrşad İdarəsi Güney azərbaycanlı yazıçı Rza Hüseyni Bəqanamın Azərbaycan türkcəsində yazdığı “Sürgündə” kitabının nəşrinə icazə verməyib. Bu barədə yazıçı özü məlumat yayıb. Bildirib ki, idarə kitabda istifadə olunan dilin İran Azərbaycanının əsl türkcəsi və Təbriz ləhcəsi qaydalarına uyğun olmadığını əsas gətirərək, kitabın nəşrinə icazə verməyib. Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin Mətbuat məsələləri üzrə sədr müavini Həsən Güli Azərbaycan dilində nəşr olunan kitabların dili ilə bağlı açıqlamasında İranda Azərbaycan ədəbi dilində olan və Azərbaycan Respublikasında qəbul olunmuş dövlət dili qaydalarına riayət edilən kitabların nəşrinə icazə verilməyəcəyini söyləyib. Güli bildirib ki, türk dilinin müxtəlif ləhcələri var: “Qonşu ölkələrdə də bu dil fərqli ləhcələrdə danışılır və müxtəlif əlifbalarda yazılır. Ancaq əsl türk dili İranda danışılan türkcənin Təbriz ləhcəsidir. Bütün kitablarda bu qaydaya riayət olunmalıdır”. Qeyd edək ki, Güney Azərbaycanda yeni “ədəbi dil qaydası” tətbiq etmək İranın Quzeylə Güneyi mənəvi baxımdan ayırmaq planıdır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, İranda kitabların çapdan əvvəl Mədəniyyət İdarəsinin razılığını alması şərtdir. Ekspertin sözlərinə görə, bu qaydanın əsas məqsədi Güney Azərbaycanda türkcə kitab nəşrini azaltmaq, nəşriyyatları maliyyə zərərlərinə uğratmaq və türkcə kitab oxumaq istəyənlər üçün kitabların əlçatımlılığını azaltmaqdır:
“Türk kitablarına qarşı məhdudiyyətlərin qoyulması ümumilikdə yeni deyil. Yuxarıda dediyimiz kimi, İranda hər bir kitab işıq üzü görməmişdən qabaq Mədəniyyət İdarəsinə göndərilir, orada senzuraya məruz qalır. Bir çox kitab bu mərhələni keçə bilmədiyi üçün işıq üzü görə bilmir. Bunlar azmış kimi, kitab senzurasının qaydaları da ildən-ilə sərtləşdirilir. Mədəniyyət İdarəsinin razılığı əsasında çap olunmuş kitablar ikinci nəşr üçün bir daha icazə ala bilmirlər! Məsələn, Azərbaycan türkcəsində olan sözlər “Bakı dilidir” adı ilə kitablardan sildirilir! Yaxud başqa dillərdən alınmış olan sözlərin Azərbaycan türkcəsinin səs qaydalarına uyğun tərzdə yazılmasına izn verilmir və onların fars dilində olduğu kimi yazılmasını təklif edirlər! Bir halda ki hər dilin özünəməxsus qaydaları var və türkcə sözləri fars dili qaydalarına uyğun olaraq yazdığımızda həm dilimizin qaydaları pozulur, həm də onları oxumaq çətinləşir”.
S.Əsədli vurğulayıb ki, əslində, bu işləri görənlərin də məqsədi budur: “Məqsəd Azərbaycan türkcəsində kitab yazıb oxumağı çətinləşdirməkdir. Ancaq Güney Azərbaycanın şair və yazıçıları bütün qadağalara baxmayaraq, ana dilini kitablarda, nəşrlərdə yaşatmağa çalışırlar. Onlar bu yolun çətinliyini və əllərində olan imkanların yetərsizliyini çox yaxşı bilirlər. Lakin Ana dilini yaşatmağı, Azərbaycan mədəniyyətini qorumağı və Azərbaycan türkcəsini gəlişdirməyi özlərinə bir milli-mənəvi vəzifə bilən Güney Azərbaycan yazar və şairləri bu yolda əllərindən gələni etməyə qərarlıdırlar!”.