Çərşənbə axşamı , 21 Yanvar 2025
Drone Cameras

Dağlıq Qarabağ erməniləri öz kimliklərini qorumağa çalışırlar

“Biz Dağlıq Qarabağı özümüzlə gətirə bilmədik”

2023-cü ildə baş verən kütləvi köçdən sonra Dağlıq Qarabağ erməniləri öz kimliklərini, dialektlərini və mədəniyyətlərini qorumaq üçün mübarizə aparıblar.

Donara Qasparyan onilliklər ərzində Dağlıq Qarabağ mədəniyyətinin və mətbəxinin simvolu olan xırda doğranmış göyərti ilə doldurulmuş yemək növü olan-Jengyalov qutablarını bişirib Stepanakert bazarında satırdı. 

2023-cü ildə Qarabağın Azərbaycanın hərbi nəzarəti altına keçməsi nəticəsində oradan qaçdıqdan sonra İrəvandakı biznesini bərpa edib. 

Donara Qasparyan, foto: OC Media

Gəlirindən razı olsa da, pul onun üçün önəmli deyil.

O, “OC Media”ya açıqlamasında belə deyir: 

“Biz Dağlıq Qarabağı özümüzlə gətirə bilmədik, amma gəlin onun dadını və iyini saxlamağa çalışaq. Ermənistandakı otlar Dağlıq Qarabağdakı kimi qoxuya malik deyil, amma hər halda, ləzzətli bişirmək üçün əlimdən gələni edirəm”.

Ərazisinin kiçik olmasına baxmayaraq, Dağlıq Qarabağ bölgələrinin öz subkulturaları və spesifik dialektləri var. 

2023-cü il köçündən sonra bir çox keçmiş kənd merləri Ermənistan hökumətinə öz adət-ənənələrini və dialektlərini qoruyub saxlamağa imkan yaratmaq üçün öz köçkün sakinlərini Ermənistanın bir bölgəsinə yerləşdirməyi təklif etdilər. 

Hətta birinci yerdə qalmağı seçmiş olsalar da, sonda Dağlıq Qarabağ qaçqınları ölkəyə səpələniblər.

Bu, Dağlıq Qarabağ mədəniyyətinin qorunub saxlanmasına mənfi təsir göstərib. 

Bir çox qaçqının maddi resurslardan məhrum olması bu prosesi daha da çətinləşdirir. 

Bununla belə, bəziləri öz şəxsiyyətlərini həmçinin erməni diasporunun köməyi ilə qoruyub saxlamağın yollarını axtarırlar.

Tatevik Xaçatryan və Mariam Sarkisyan, foto: OC Media

“Mənim Ermənistanımda it dili ilə hürməyin”

Tatevik Xaçatryan və Mariam Sarkisyan yalnız dialekti deyil, həm də mədəniyyəti və kimliyi daha geniş şəkildə qorumağı hədəfləyərək Dağlıq Qarabağ dialektində “podcast” aparırlar.

Erməni dilinin Dağlıq Qarabağ ləhcəsi İrəvanda danışılan dildən əhəmiyyətli dərəcədə fərqlənir. Hətta bu fərq o qədərdir ki, hər iki tərəf bir-birini tam anlamada çətinlik çəkir. 

Dağlıq Qarabağdakı məktəblərdə ədəbi erməni dili öyrədilsə də, oranın sakinlərinin gündəlik həyatda əsas dili köçkünlərin əksəriyyətinin danışdığı dialekt idi.

“Bu, təkcə ləhcəmizi qorumaqla bağlı deyil. Bu həm də insan hekayələrinin rəqəmsallaşdırılmasına yönəlib, çünki Dağlıq Qarabağ erməniləri öz ləhcələrində danışarkən daha səmimi və azaddırlar”, –  deyə Xaçatryan OC Mediaya bildirib.

Lakin o deyir ki, bir podkast onların mədəni irsini qorumaq üçün kifayət deyil.

 “Bu gün bizim ləhcəmiz həvəsimiz bahasına qorunub saxlanılır və bunun nə qədər davam edəcəyi bəlli deyil”, – Xaçatryan deyir. 

“Şəxsən mən oğlumla Dağlıq Qarabağ ləhcəsində danışıram, amma görürəm ki, onun lüğətinə İrəvan jarqonundan sözlər əlavə olunur”, – deyə o əlavə edir.

Bundan əlavə, Ermənistan cəmiyyətində “podcast”a olan münasibət həmişə müsbət olmayıb.

Xaçatryan bildirir ki,onların sosial mediada paylaşdıqları yazıların altına tez-tez mənfi və təhqiramiz şərhlər gəlir. 

Məsələn, “Mənim Ermənistanımda it dili ilə hürməyin” və ya “Atan Putinə get, bəlkə sənə yaşamağa yer verər” kimi şərhlər. 

Dağlıq Qarabağ  ermənilərinin Ermənistandakı ermənilərdən daha çox Rusiyapərəst olduğu və Rusiyanın təsirinin daha yüksək olduğu barədə bir reputasiya mövcuddur. 

Dağlıq Qarabağ ermənilərinin baxış bucağından, çoxları Rusiya Prezidenti Vladimir Putin və ya Kremlə şəxsi loyallıq hissi etməsələr də, alternativ bir qorunma mənbəyinin olmadığını hiss edirdilər.

“Mən hətta cinsi təhqirlər barədə danışmayacağam belə. Atamın adı Qarik Xaçatryandır, Mariamın atasının adı isə Yuri Sarkisyandır və Putin bizim atamız deyil”, – deyə Xaçatryan deyir.

“Ermənistan bizim də ölkəmizdir. Biz hər bir Ermənistan vətəndaşı kimi mavi pasporta sahibik, hamı kimi biz də vergi ödəyirik. Çoxları, sadəcə, ev itirməyin nə olduğunu başa düşmür və mən başqa həmvətənlərimizin taleyimizi yaşamasını istəmirəm”, – Sarkisyan deyir. 

Foto: OC Media

“Biz Ermənistana əliboş gəlməmişik”

2020-ci ildə İkinci Dağlıq Qarabağ Müharibəsindən sonra Azərbaycan Hadrut şəhəri və ətraf ərazilərə nəzarəti ələ keçirdi və orada yaşayan etnik ermənilər Dağlıq Qarabağın qalan erməni əhalisinə nisbətən daha tez qaçqın vəziyyətinə düşdülər. 

Bu onlara Ermənistana inteqrasiya və uyğunlaşmaq üçün daha çox vaxt qazandırıb.

2021-ci ildə Hadrut icmasının üzvləri tərəfindən İrəvanda Dizak İncəsənət Mədəniyyət və Gənclik Mərkəzi açıldı, ardınca eyni adlı vətəndaş cəmiyyəti təşkilatı yaradıldı. 

Həmin qrup Dağlıq Qarabağın irsi ətrafında kitab təqdimatlarından tutmuş, yay düşərgələrinə qədər – ənənəvi rəqs, musiqi, oyunlar və naxış da daxil olmaqla müxtəlif mədəni tədbirlər təşkil edir.

2023-cü ilə qədər Dağlıq Qarabağ hökuməti mədəniyyət təşkilatlarına maliyyə dəstəyi verirdi, lakin 2023-cü ildəki köçkünlük və hökumətin ləğvindən sonra, Dizak Art Mədəniyyət və Gənclər Mərkəzi kimi mədəniyyət mərkəzləri kiçik qrantlar və xeyriyyəçilərin dəstəyi ilə fəaliyyət göstərməyə məcbur olub.

Bir çox belə təşkilatlar və bizneslər üçün bu dəstəyin böyük hissəsi əsrlər boyu xaricdə erməni dilini və mədəniyyətini qoruyub saxlamaqda uğur qazanmış erməni diasporundan gəlib.

Məsələn, New Yorkda yerləşən Erməni Ümumi Xeyriyyə Birliyi (AGBU) tərəfindən maliyyə dəstəyi aldıqdan sonra, Vadim və Kristina Balayan Yerevanın mərkəzindəki “Art Café”ni yenidən açmağa müvəffəq oldular. 

Kafe o vaxtdan bəri digər Dağlıq Qarabağ erməniləri üçün mədəniyyət tədbirlərinin keçirildiyi bir məkana çevrilib, burada yarmarkalardan tutmuş, çörək bişirmə seminarlarına qədər müxtəlif tədbirlər təşkil olunur.

Foto: OC Media

Vadim Balayan OC Mediaya açıqlamasında “İnsan başqalarını motivasiya etməyə, ruhlandırmağa çalışır”, – deyərək Dağlıq Qarabağ ermənilərinin kafeyə gəlişindən şəxsən ilhamlandığını bildirir.

Ermənistandakı xarici səfirliklər də Dağlıq Qarabağ qaçqınları üçün bir sıra müvəffəqiyyətli layihələr həyata keçiriblər.

Lakin Dağlıq Qarabağın Tarixi Mühitinin Qorunması üzrə Dövlət Xidmətinin keçmiş direktoru Armine Hayrapetyan vurğulayır ki, vətəndaş cəmiyyəti qrupları və səfirliklər dəstək göstərsələr də, çatışmayan şey bir “dövlət yanaşması”dır: 

“Təbii ki, biz Ermənistana əliboş gəlməmişik. Biz mədəniyyətimizi, adət-ənənələrimizi, mətbəximizi, potensialımızı özümüzlə gətirmişik”, – deyə Hayrapetyan OC Mediaya bildirib. 

“Ancaq nə bu potensialdan istifadə olunur, nə də mədəni məsələlər düzgün müzakirə olunur”, – deyə o vurğulayıb. 

“Eşitmişəm ki, bu QHT-lər YUNESKO-dan Dağlıq Qarabağa missiya göndərməyi xahiş ediblər, mədəniyyət ocaqlarının qorunması üçün pul yığımları təşkil ediblər, amma yenə də bu məsələyə dövlət səviyyəsində diqqət yetirilməlidir. Açığı, Ermənistanın və ya Dağlıq Qarabağın hakimiyyətinin bu problemdən narahat olduğu hiss olunmur”, – o əlavə edir.

Hayrapetyan vurğulayır ki, məsələn, ABŞ Səfirliyinin Dağlıq Qarabağdakı qədim erməni monastrlarında olan nadir 13-cü əsr əlyazmaları və arxiv sənədlərinin qorunması üçün 74,000 dollar ayrılması  kimi xaricdən maliyyə dəstəyi almaq gözəl olsa da, bu məsələ sadəcə puldan ibarət deyil.

“Burada siyasi bir alt mətn var. Dağlıq Qarabağdakı bütün erməni mədəni irsi Azərbaycan nəzarətindədir. Eynən Laçındakı Müqəddəs Yüksəliş Kilsəsinin aqibəti kimi hər hansı bir kilsə “qanunsuz tikinti” sayılaraq dağıdıla bilər”, – deyə Hayrapetyan deyir.

O həmçinin mədəniyyəti və mədəni abidələri tez-tez eyni şeylər kimi qavranıldığını, amma bunların iki fərqli anlayış olduğunu vurğulayıb: 

“Dağlıq Qarabağ ermənilərinin bir yaşayış məntəqəsində kompakt yaşaması mümkün olsaydı, onlar avtomatik olaraq öz ləhcəsində danışar, adət-ənənələrini qoruya bilərdilər, lakin onda Dağlıq Qarabağda qalan abidələri necə qoruyub saxlamaq barədə düşünməliydik”.

“Mədəniyyəti, adət-ənənələri və sıx yaşayışı qorumaq yaxşı ideyadır, lakin Dağlıq Qarabağ ermənilərinin daha geniş erməni cəmiyyətindən “ayrılması” ikisi arasında sərhəddi gücləndirə bilər. Bu, həqiqətən də, çox həssas məsələdir və hər hansı bir addım atmazdan əvvəl iki dəfə düşünmək lazımdır”, – Hayrapetyan deyir.

“Müharibəni görən insanlar sərhəd qəsəbəsində yaşamaq istəmir”

Oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, “Dağlıq Qarabağdan məcburi köçkün düşmüş bütün qardaş və bacılarımızın Ermənistan Respublikasında qalması üçün mümkün olan hər şeyi etmək” hökumətin siyasətidir. 

Bununla belə, son bir il ərzində minlərlə Dağlıq Qarabağ ermənisi ölkədəki sosial çətinlikləri əsas gətirərək oranı tərk edib.

Dəstək vədinə baxmayaraq, Dağlıq Qarabağ qaçqınlarından narazılıq gurultusu tez-tez onlayn və bağlı qapılar arxasında davam edir və bəziləri hökumətin Ermənistan daxilində fərqli icmalar qurmaq cəhdlərini qəsdən sabotaj etdiyini deməyə qədər irəliləyir.

Bəziləri hökumətin “Qarabağ klanı”nın – Ermənistanın keçmiş prezidentləri, hər ikisi Dağlıq Qarabağdan olan Robert Köçəryan və Serj Sarkisyana və onların tərəfdarlarının hakimiyyətə qayıdışından qorxduğundan şübhələnirlər.

Qaçqın böhranının əvvəlindən bəri Ermənistan hökumətinin təşəbbüsləri Dağlıq Qarabağ ermənilərini sərhədə yaxın əyalətlərə yerləşdirməyə yönəlmişdi; məsələn, dialektlərin oxşar olduğu və mədəni bənzərliklərin olduğu Syunik əyalətinə.

Məsələn, bir çox Dağlıq Qarabağ ermənisi sərhəd şəhəri olan Qorisə yerləşdi, lakin bu gün orada onlardan yalnızca təxminən 1,300 nəfər qalır. 

Qorisdəki iş yerlərinin sayı yerli əhali üçün çətinliklə kifayət edir və kirayə verilə biləcək mənzillər azdır. 

Məktəblər, idman fəaliyyətləri, universitetlər — hər şey Ermənistanın paytaxtı İrəvanda cəmləşib.

Qoris, foto: OC Media

Qorisli bir taksi sürücüsü OC Mediaya deyir: 

“Bizim tələbələr də universitet üçün İrəvana getdi; Qoris yaşamaq üçün gözəl, təmiz və sakit bir yerdir, amma müharibə görmüş insanlar sərhəd şəhərində yaşamaq istəmirlər, buna görə də gediblər”.

Çətin sosial vəziyyət və hökumətin qaçqınlar üçün dəstək proqramının yaşamaq üçün kifayət etmədiyini başa düşməsi Kristin Saruxanyanı Rusiyanın Krasnodar şəhərinə köçməyə vadar edib.

Kristin Saruxanyan, foto: OC Media

Saruxanyan Dağlıq Qarabağ qaçqınları üçün nəzərdə tutulan 40,000 dram (100 dollar) məbləğində ev kirayəsi və əlavə 10,000 dram (25 dollar) kommunal xərclər üçün verilən “40+10 minlik proqram”ın benefisiarı olub:

“Biz iş tapa bilmədik. Ermənistan hökumətindən bu maliyyə dəstəyi gec gəlirdi və ya heç gəlmirdi və mən bunu bizdən ödənişi vaxtında etməyi tələb edən ev sahibinə necə izah edim?” – deyə Saruxanyan „OC Media“ya bildirib.

O, Krasnodarda bir sıra digər Dağlıq Qarabağ ermənilərini, eləcə də Rusiyada yaşamağa üstünlük verən Ermənistandan olan erməniləri tapıb. 

Dağlıq Qarabağdakı həyatla çoxlu oxşarlıqlar olsa da, eyni deyil:

“Bütün Dağlıq Qarabağ erməniləri üçün bir şey aydındır və düşünürəm ki, onlar mənimlə razılaşacaqlar ki, ora gözəl yer, cənnət idi. Biz hər gün ailəmizlə, canımızla, ürəyimizlə Dağlıq Qarabağdayıq və hamımız öz evimizə, vətənimizə qayıtmaq arzusundayıq, başqa heç nə”, – deyə Saruxanyan bildirib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Check Also

Mirzoyan İran-Ermənistan sərhədindən Rusiya sərhədçilərinin çıxarılmasına münasibət bildirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran-Ermənistan sərhədindən Rusiya sərhədçilərinin çıxarılmasına münasibət bildirərək, bu hadisədə …