“Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini 63 deputat dəstəkləyib, cəmi 7 deputat əleyhinə çıxıb
Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib.
Layihəni 63 deputat dəstəkləyib, cəmi 7 deputat əleyhinə çıxıb.
Hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələri sənədin lehinə səs veriblər.
Müxalif “Ermənistan” Partiyası səsvermədə iştirak etməyib. Digər müxalifət fraksiyasından “Mənim şərəfim var” Partiyası isə əleyhinə səs verib.
Kreml Ermənistan parlamentinin Avropa İttifaqına üzvlük haqqında qanun layihəsinin ilk oxunuşda təsdiqləməsinə münasibət bildirib.
“Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü onun suveren hüququdur. Amma ermənilər ilk öncə bunun nə dərəcədə qarşılıqlı istək olduğunu və avropalıların özlərinin buna necə münasibət bəslədiyini anlamalıdırlar. Eyni zamanda, Ermənistan xalqı Avrasiya İqtisadi İttifaqına üzvlükdən dividendlər almağa davam edir. İki fərqli beynəlxalq təşkilatın üzvü olmaq mümkünsüzdür. Həmçinin Avropa İttifaqına daxil olmaq istəyən çox ölkələr var ki, onların gözləmə prosesi onilliklərlə davam edib”, – Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov fevralın 12-də jurnalistlərə deyib.
“Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsinin müəllifləri Qərbpərəst “Avroreferendum” partiyasının üzvləridir. Onlar layihəni parlamentə təqdim etmək üçün qanunla tələb olunan 50 mindən çox imza toplayıblar.
Ermənistan hökuməti layihəni 2025-ci il yanvarın 9-da təstiqləyib.
Ermənistanın baş naziri Nikol Paşinyan həmin vaxt bildirib ki, Aİ-yə üzvlüklə bağlı qərar ümumxalq səsverməsi yolu ilə verilməlidir.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu addımı Avrasiya İqtisadi İttifaqından çıxışın başlanğıcı kimi gördüklərini və bu vəziyyəti nəzərə alaraq Yerevana qarşı iqtisadi siyasət hazırlayacaqlarını bəyan edib.
Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyan 2025-ci il yanvarın 25-də deyib ki, Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqının üzvüdür və qurumu tərk etmək məsələsi Yerevanın gündəmində deyil.
2024-cü ilin oktyabrında Paşinyan Avropa Parlamentində çıxışı zamanı Aİ-ni Ermənistan hökumətinin son illərdə apardığı islahatları dəstəkləyən “əsas tərəfdaşı” adlandırmışdı. Əlavə etmişdi ki, Ermənistan Aİ-yə daha da yaxınlaşmağa hazırdır.