Cümə , 22 Noyabr 2024
Drone Cameras

İdxaldan ixraca

…1990-cı illərin əvvəli yəqin ki, orta və yaşlı nəslin yaxşı yadındadır. Naxçıvan onda gündəlik iqtisadi sıxıntılar içərisində yaşamaq üçün çarpışan bir məmləkət idi. Bir neçə il əvvəl dağılan Sovet hökumətindən qalan hər şey getdikcə tükənirdi. Çünki torpaqlar əkilmir, istehsal sahələri demək olar ki, yox dərəcəsində idi. İqtisadi mübarizə ilə yanaşı, ərazilərinə xaincəsinə hücum edən düşmənlə müharibə aparan naxçıvanlılar ancaq qonşu ölkələrdən gətirilən, yəni idxal olunan malların, ərzağın hesabına gündəlik yaşamlarını keçirirdilər. Bu məhsulların siyahısına isə yaşamaq  üçün lazım olan hər şey daxil idi. “Zavod” sözü yalnız çörək istehsal edən müəssisənin adında işlənirdi. O isə əslində indiki çörək sexləri səviyyəsində idi. Fabriklər, iri istehsal müəssisələri fəaliyyətini dayandırmışdı.

Aqrar diyar olan Naxçıvanda kəndlə şəhər arasında geniş uçurum var idi. Nəqliyyat sektoru demək olar ki, yox olduğu üçün sənaye, kənd təsərrüfatı çökmüş, “biznes” deyilən məfhum qonşu ölkələrdən daşınan ucuz, tərkibinin nə olduğu bilinməyən ərzaq məhsulları, malların necə gəldi- evlərdə, küçələrin tinlərində, köhnə avtomobil baqajlarında satışı- “alverçiliklə” assosiasiya olunurdu. İrana, Türkiyəyə  çantalarda, “karobkalarda” sürüyə-sürüyə daşıdığı “sverlo”, “lezva”, elektrik malları, keçmişdən qalan texnikanın, cihazların üzərindən talan edilərək götürülən mis, alüminium satmaqla oradan  “bakuş”, biskivit, saqqız, ucuz  parçalardan tikilən paltarlar və bizim üçün tamam yad bir şeylər olan nələr, nələr… gətirib satanlar ən yaxşı “biznesmenlər” idi. Bir qayda var idi, sərhədi o taya keçənlər evləri üçün aldığı ərzaqdan əlavə mütləq qonum-qonşuya, tanış-bilişə  satmaq üçün də nələrsə gətirirdilər.   Bəlkə də bu pərakəndəlik o zamanın qanunları, qaçılmaz reallıqları idi.  Amma yenə də o vaxt daha çox inkişaf eləmiş ölkələrlə müqayisədə bu  şəhərin küçələrinə necə gəldi səpələnmiş “budkalar”, köşklər kimi  çox cılız və bəsit görünən biznes idi. Yerli istehsaldan isə demək olar ki, söhbət gedə bilməzdi. Naxçıvan məşhur tarixi abidələri ilə deyil az qala “Cin bazarı” ilə məşhurlaşmışdı. Bu “Cin bazar”ında isə yenə də qonşu ölkələrin məhsulları, ərzağı, kənd təsərrüfatı mallarından başqa heç nə yox idi. Necə deyərlər, hamı ancaq alır və satırdı. Halbuki, vaxtı ilə keçmiş SSRİ-nin, dünyanın bir sıra ölkələrinə göndərilən Naxçıvan məhsulları əl-əl gəzir, o zaman “defisit” sayılırdı. İndi isə yerli istehsal nümunələri az qala yalnız kəndlərdə təsərrüfat adamlarının öz ailəsi üçün hazırladığı qida məhsulları idi.  Bu yaşlı və orta nəslin yadında qalan acı gerçəklikdir. Açığı, o günlərdən danışmaq və yazmaq belə bu gün adama  çox cansıxıcı gəlir. Çünki…

Bu günün gerçəkliyi tamam başqadır. Bir zamanlar işıqlı gələcək dediyimiz arzu əslində elə bu günün özüdür. O çətin günlərdən haradasa 25 il keçəndən sonra 2020-ci il Naxçıvanda “İxrac ili” elan edilir. Cəmi 25 ilə Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kursun nəticəsi kimi  aparılan iqtisadi siyasətin, qurulan  düzgün dövlət idarəçiliyinin, zəhmətin, iradənin hesabına ortaya çıxan iqtisadi göstəricilər hətta dünyanın bir sıra ölkələri ilə müqayisə edilir. Müqayisədə üstün tərəf isə təbii ki, Naxçıvan olur. İndi Naxçıvanlı iş adamlarının, sahibkarların dünya səviyyəsində təşkil olunan iqtisadi sərgilərdə iştirakı və yaxşı nəticələrlə qayıtması yerli məhsulların bazarını genişləndirir.    

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  fevralın 6-da Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi haqqında imzaladığı Sərəncamdan oxuduqlarımız bu istiqamətdə əldə olunanlara ən yaxşı nümunədir .

Bu gün muxtar respublikada qəbul edilən dövlət proqramlarının uğurla icrası sosial-iqtisadi inkişafı təmin edib, makroiqtisadi göstəricilər bütün parametrlər üzrə artıb, yeni sənaye müəssisələri yaradılıb və yerli istehsalın həcmi çoxalıb.

Naxçıvan Muxtar Respublikasında 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi istehsalçıların xarici bazarlara çıxışlarını və bu istiqamətdə təşviq tədbirlərinin artırılmasını zəruri edir.

Həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirib, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılıb, yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib.

Nəticədə muxtar respublikanın ixrac potensialının artırılması və ixraca dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə  2020-ci il Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilir. Təsəvvür edirsinizmi, dünənə qədər qonşu ölkələrdən ərzaq, tikinti materialı, qida məhsulları, yüngül sənaye və elektrik idxal edən muxtar respublika artıq  özünün istehsal etdiyi keyfiyyətli və dünya standartlarına uyğun olan məhsullarını təkcə qonşu və region ölkələrinə yox, bütün dünya bazarlarına çıxarır. Muxtar respublikanın 1992-ci ildən blokada şəraitində yaşamasını nəzərə alsaq, biz dünyada analoqu olmayan, hətta iqtisadi və siyasi idarəçiliklə bağlı dərsliklərə salınası, ayrıca araşdırma mövzusu olacaq danılması mümkün olmayan əlahəzrət bir  faktla qarşı-qarşıya qalırıq.

Bu gün, 25 il bundan əvvəlkindən fərqli olaraq 2020-ci ilin Naxçıvanı öz iqtisadi inkişaf modeli ilə dünyaya nümunə olacaq dərəcədə  iddialı  və gerçəkçidir!       

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …