Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u Yerevanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək.
Bunu Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Tahir Mirkişili bildirib.
Tahir Mirkişili deyib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır:

“Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib. Bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığına inamına bir daha ciddi zərbə vurub. Bu səbəblərdən Yerevanda keçiriləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik”.
Deputat qeyd edib ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil.
“Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdırılması istiqamətində əməli addımlar da atılır”.
Avronest Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin Parlament Assambleyasıdır. Bu proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna daxildir.
“Şərq Tərəfdaşlığı” Proqramının əsası 2009-cu ildə qoyulub. Məqsəd bu 6 keçmiş sovet respublikasını Avropa Birliyinə daha da yaxınlaşdırmaq, inteqrasiya etməkdir.
Siyasi şərhçi, keçmiş diplomat Nahid Cəfərovun fikrincə, Azərbaycan nümayəndə heyətinin Yerevanda keçiriləcək Avronest PA plenar sessiyasında iştirak etməməsinin əsas səbəbi Avropa Parlamentində səsləndirilən bəyanatlar və sanksiya çağırışlarıdır.

“Avropa Parlamentinin mövqeyi ilə Avropa İttifaqının xarici siyasətini həyata keçirən qurumların mövqeyi arasında müəyyən fərqlər var. Çünki Avropa İttifaqının xarici siyasətini həyata keçirən qurumlar əsasən Avropanın enerji təhlükəsizliyini nəzərə alırlar, amma Avropa Parlamentinin belə bir öhdəliyi yoxdur. Ona görə də parlament üzvləri daha sərbəst hərəkət edir və tənqidlərini əsasən demokratik dəyərlər, insan hüquqları kimi məsələlərə yönəldirlər. Buna görə də zaman-zaman Avropa Parlamentində Azərbaycan hakimiyyətinə, hətta hakimiyyət daxilindəki bəzi konkret şəxslərə qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırışlar səslənir və müzakirələr aparılır. Görünən odur ki, Azərbaycan hakimiyyəti bundan kifayət qədər narahatdır və belə tədbirlərdən, həmçinin bu cür çağırışlardan uzaq durmağa üstünlük verir”.
Avropa Parlamenti son illərdə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən bir neçə qətnamə qəbul edib və bu sənədlərdə Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsini tələb edib.
Məsələn, 2024-cü ilin dekabrında Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyaları pisləyən qətnamə qəbul edib. Bu sənəddə Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsi çağırışı yer alıb. Qətnamə həmçinin, Avropa İttifaqını (Aİ) Azərbaycanla imzalanan qaz idxalına dair Anlaşma Memorandumunu dayandırmağa da çağırıb.
Əvvəlki illərdə də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntularını pisləyən və sanksiya tətbiq edilməsini tələb edən qətnamələr qəbul edib. Bu sənədlərdə, xüsusilə, siyasi məhbusların azad edilməsi və repressiyaların dayandırılması tələb olunub.
Bu qətnamələr hüquqi qüvvəyə malik olmasa da, Avropa İttifaqı üzv dövlətləri üçün tövsiyə xarakteri daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı insan hüquqları vəziyyətinə yönəldir.
Azərbaycan hökuməti isə bu qətnamələri əsassız və qərəzli hesab edərək, Avropa Parlamentinin yanaşmasını tənqid edib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
