Cinsi təcavüzdə ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı açıqlanan sənədlərdə diqqətçəkən bir məktub üzə çıxıb. Sənədlərdə pandemiya modelləşdirilməsi üçün tövsiyələrin və texniki həllərin hazırlanmasının müzakirə olunduğu yazışmalar yer alır. Maraqlıdır ki, bu məktub 2017-ci ildə – COVID-19 pandemiyasının başlamasından təxminən üç il əvvəl yazılıb.
Yazışmalar amerikalı milyarder Bill Qeytsə ünvanlanıb və sonradan Epşteynə göndərilib. Məktubun müəllifi Qeytsə müraciət edərək, həmkarları ilə birlikdə həyata keçiriləcək işlərin bir hissəsi kimi konkret tapşırıqların və analitik materialların siyahısının hazırlandığını bildirib.
Sənəddə xüsusilə “müxtəlif ştammların pandemiya modelləşdirilməsi üçün tövsiyələrin və texniki spesifikasiyaların təkmilləşdirilməsi” məsələsinə diqqət yetirildiyi vurğulanır. Bu anlayışlar səhiyyə sisteminin planlaşdırılması, tibbi məlumatların qorunması və ABŞ əhalisi üçün səhiyyə xərclərinin təhlili ilə bağlı layihələr kontekstində istifadə olunur.
Lakin məktubun pandemiyadan illər əvvəl yazılması, eləcə də Ceffri Epşteyn və Bill Qeyts adlarının bu mövzuda yanaşı hallanması cəmiyyətdə ciddi suallar doğurur. Üstəlik, Bill Qeytsin müxtəlif illərdə etdiyi çıxışlarda dəfələrlə daha təhlükəli, daha dağıdıcı virusların meydana çıxa biləcəyi və bəşəriyyəti əhatə edən yeni, böyük pandemiyaların qaçılmaz olduğu barədə xəbərdarlıqlar etməsi bu müzakirələri daha da sərtləşdirir.
Görəsən, bu yazışmalar sadəcə səhiyyə sahəsində aparılan texniki və analitik planlamanın bir hissəsidir, yoxsa sonradan baş verən qlobal pandemiya ilə bağlı səsləndirilən “virusun süni yaradılması” iddialarına dolayısı ilə də olsa əsaslar yaradır?
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Pandemiyanın olacağı ilə bağlı təlaşlı anonslar və fikirlər zaman-zaman səsləndirilib. Bu, həm COVID-19 dövründə, həm də post-COVİD mərhələsində davam edib. Eyni zamanda, Çinin Uhan şəhərindən virusun yayılması ilə bağlı aparılan araşdırmalar və müzakirələr də hər kəsə məlumdur.
İlk növbədə Bill Qeytsin bu mövzuda səsləndirdiyi xəbərdarlıqlara diqqət yetirək. Konkret faktlara söykənə bilmədiyimiz üçün burada daha çox ehtimallardan danışırıq. İstər nüvə silahları olsun, istər bioloji silahlar, istərsə də süni intellekt – bunların hər birini bu gün müəyyən mənada silah kimi dəyərləndirmək mümkündür. Təəssüf ki, bu silahların əldə olunma miqyası o qədər genişdir ki, zaman-zaman onların utilizasiyası və ya zərərsizləşdirilməsinin mümkünsüzlüyü ortaya çıxır. Eyni zamanda, mövcud qorunma mexanizmlərinin yetərli olmadığı da aydın görünür.
Bu baxımdan bioloji silahların, o cümlədən COVID-19 da daxil olmaqla müxtəlif virusların laboratoriyalarda hansı səviyyədə və nə qədər təhlükəli şəkildə yetişdirilməsi, bu tədqiqatların hansı məqsədlərlə aparılması və həmin laboratoriyaların təhlükəsizlik səviyyəsi ilə bağlı suallar hər zaman aktualdır. Əlbəttə ki, Bill Qeyts kimi şəxslərin bu məsələlərlə bağlı müəyyən məlumatlara malik olmaması mümkün deyil. Bu biliklərin özü belə narahatlıq yaratmağa kifayət edir. Çünki onlar hansı miqyasda təhlükəli tədqiqatların aparıldığını, həm bioloji, həm də digər silah növlərinin nə qədər riskli olduğunu bilirlər.
Əgər bu laboratoriyalarda təhlükəsizlik tələbləri tam təmin olunmursa, əməkdaşların məsuliyyətsiz davranışı və ya hansısa siyasi qərarların məsuliyyətsizliyi dünyanı çox ciddi risklərlə üz-üzə qoya bilər. Bu, daim narahatlıq doğurmalı məsələdir.
Bu gün nüvə silahları bəzi ölkələr üçün bir növ qoruyucu faktor kimi təqdim olunsa da, digər tərəfdən, həmin silahların məsuliyyətsiz siyasi qərarlar nəticəsində dünyanı böyük təhlükə altına salmaq ehtimalı da mövcuddur. Eyni zamanda, hansısa atom elektrik stansiyasında baş verə biləcək bir qəzanın Çernobıl nümunəsində olduğu kimi qlobal fəlakətlərə yol aça biləcəyini də unutmamalıyıq.
Hadisələrə bu prizma ilə yanaşdıqda, İlon Mask kimi, artıq yüz milyardlarla sərvətə sahib olan şəxslərin dünya ilə müəyyən mənada “oyun oynamaq” istəklərini də anlamağa çalışmaq olar. Görürük ki, onların bir qismi artıq Yer kürəsindən kənarda həyat axtarışına çıxır, eyni zamanda bu dünyanı müxtəlif mexanizmlərlə idarə etmək cəhdləri də mövcuddur. Ömrün uzadılması, insan həyatının nəzarətə götürülməsi kimi ideyalar artıq bu insanların fəaliyyət istiqamətlərindən birinə çevrilib”.
Həkim qeyd edir ki, bu amillər çox böyük, nəhəng və eyni zamanda olduqca təhlükəli layihələr həyata keçirən, bu proseslərə nəzarət edən fiqurlardır: “Bu baxımdan, baş verənləri ya planlaşdırılmış proseslər kimi, ya da hansısa planların tam reallaşmayan hissələri kimi dəyərləndirmək olar. Eyni zamanda, daha böyük iqtisadi üstünlüklər əldə etmək naminə, böyük risklər hesabına bu proseslərin bilərəkdən həyata keçirilməsi ehtimalını da tam istisna etmək olmaz.
Çünki hamımıza məlumdur ki, təkcə COVID dövrü iqtisadi baxımdan bir sıra güclərə, başda Amerika olmaqla, olduqca nəhəng kapitallar qazandırdı. Bu aspektdən baxdıqda, dünyanın idarə olunmasının əsasən kapitallar üzərindən həyata keçirildiyini də görürük.
Bütün bunları nəzərə alaraq demək olar ki, bəli, mümkündür ki, bu proseslər hansısa planlamaların nəticəsidir. Eyni zamanda, müəyyən planların baş tutmayan hissələrinin yaratdığı təsadüflərdən ibarət olması ehtimalı da mövcuddur”.
Afaq Mirayiq,
Musavat.com
Boyukmillet.com Biz yanmasaq vətən yanar
