Bazar ertəsi , 16 Mart 2026
Drone Cameras

Naxçıvanda DÖVLƏTİN subsidiyalı gübrəsi BAZARDA SATILIR… – BU NƏDİ BELƏ?

Naxçıvanda fermerlər üçün nəzərdə tutulan subsidiyalı gübrənin bazarda satıldığı bildirilir. Fermerlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, gübrə üçün müraciət etdikdə yerli Kənd Təsərrüfatı Nazirliyi müxtəlif bəhanələrlə onu verməkdən imtina edir və fermerləri bazara yönləndirir.

Babək rayonunun Hacıvar kəndindən olan fermer Fikrət Məmmədov deyir ki, gübrəni vermək üçün ondan payızda əkdiyi sahənin əkinə yararlı olması barədə analiz nəticəsi tələb olunur:

“Getmişəm nazirliyə, gübrəni ala bilmirəm. Deyirlər ki, torpağın analizini gətir. Bunların hamısı gübrəni verməmək üçün bəhanədir. Taxıl sahələri payızda əkilir. O vaxt bizə heç kim demədi ki, torpaqdan analiz götürmək lazımdır. Analiz üçün də ayrıca pul istəyirlər. Deyək ki, mən indi analiz verdim və sahə əkinə yararsız çıxdı. O zaman gəlib əkdiyimi şumlayacaqlar. Elə şərt qoyurlar ki, çıxılmaz vəziyyətdə qalasan.

Ac millətin canına susayıblar. Mənə iki tona yaxın gübrə verilməlidir, vermirlər. Məcburam ki, gedib bazardan alım. Mənim də bazardan almağa o qədər pulum yoxdur.”

Digər fermer B. Qasımov isə gübrə tələb etdiyi üçün problemlə üzləşdiyini bildirir:

“Nazirliyə gedib haqqımı tələb etdim, səs-küy saldım. Dedilər analiz ver, gəl gübrəni apar. Pul ödədim, gəlib analiz götürdülər. Sonra da nəticə çıxardılar ki, guya sahəm əkinə yararlı deyil. İndi deyirlər ki, ya səsini kəs, gübrəni istəmə, ya da sahən əkinə yararsız olduğu üçün şumlanacaq. Sentyabrda əkdiyim taxıldı, iki ay sonra biçilməlidir. Analiz olmalıydısa, niyə əkməmişdən əvvəl demirdilər?

Nazirlik əməkdaşları gübrəni dükanlarda, bazarlarda tanışlarının əli ilə satdırırlar. Bu cür bəhanələrlə bizi məcbur edirlər ki, gedib bazardan alaq.”

Fermerlər aidiyyəti qurumlara müraciət edərək problemin araşdırılmasını və onlara verilməli olan subsidiyalı gübrənin təmin olunmasını tələb edirlər.

Check Also

Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir – Pulunuz kəsiləcək

“eManat” bu bank kartlarına mədaxilə görə haqq tutacaq. Komissiya təkcə “e-Manat” terminallarında yox, bütün ödəniş …