Bazar , 22 Dekabr 2024
Drone Cameras

Diasporumuzdakı “pişik”

Bu qeydlərimin Həmrəylik Günü ərəfəsində işıq üzü görməsini elə diasporumuzun əziz xətrinə – bayram ovqatlarını təlx etməmək naminə rəva görmədim. Bir də axı həmrəylik mövzusu şampan şərabı deyil ki, yığılıb ancaq ilin son günü partladaq. Açıq danışsaq, sözümün canı sırf həmrəylik də deyil…

Müxtəsəri, ötən ilin son iş günlərindən birində e-mail ünvanımı yoxlayan zaman tragikomik bir mənzərənin şahidi oldum. Nöşün ki, məsələn, dünyanın “bərkgedən” ölkələrinin sözdən təsbeh düzəldilən şəhərlərində yaşayan, “lazım gəlsə, təsbehlə adamı yerində oturdan” soydaşlarımızdan – eyni şəhərdən – Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı 10-dan yuxarı müxtəlif məktublar aldım. Vəziyyətin əcaibliyi bununla bitmir; tədbirlə bağlı mətnin sonunda bir təşkilatımız digərini düşmənçilikdə ittiham edərək, ona qoşulmamağa çağırır, onun fəaliyyətini sərt şəkildə qınayır. Hətta qaza gəlib bir-birini “xalq düşməni” də elan edirlər. İl boyu ara-sıra onların bəzilərinin bir-birlərindən e-maillərimizə yazdıqları “donos”ları, hətta ciddi hədələri da xatırlayıb, bilmədim güləm, yoxsa acıyam. Hələ birini də deyim, əsəbiləşməyin. Bəzi həmkarlarımız onların bir-birlərindən “göndərdiklərini” saytlara verəndə qarşı tərəf mənbəni yox, mətbuatı “topa tutur”. Amma yenə də nə gülə bildim, nə də acıya bildim, əvəzində sosial şəbəkədə çox da dərinə getmədən belə bir qeyd yazdım: “Məsələn, xaricdə eyni şəhərdə belə ayrı-ayrı 3 azərbaycanlı tədbiri keçirilir – Həmrəylik Günü”.

Və dərhal müxtəlif vasitələr ilə (zəng, mesaj) reaksiyalar gəldi. Tənqidlər, qınaqlar… Bir şey deyim, gülməyin, mənə haqq qazandırıb tənqidə qoşulanların tam əksəriyyəti elə xaricdə yaşayan diaspor nümayəndələrimiz idi. Misal olaraq yaşadığı bölgə üzrə bu onu, o bunu “neprav” çıxartmağa çalışdı: ki, “bu necə həmrəylikdir, heç olmasa bir gün həmrəy olub bir yerə yığışa bilmirik. Mən dəvət etdim, o gəlmədi. O məndən sonra bu ölkəyə gəlib, o gəlməlidir, niyə mən onun dəvətinə gedimki?!”… Və sair və ilaxır. Fikrini yumorla ifadə edənlər də tapıldı: “İnkişaf edirik də…” Hətta dini aspektdən yanaşanlar da: “Onlar bütün günü içki içir, qardaşoğlu, onlardan mənə diaspor olmaz”. Və hamının da arzusu yaşadığı ölkədə azərbaycanlıların birliyidir.

Bax beləcə, lap “Axrıncı aşırım” filmindəki Qarabağlar kəndində kolxoz qurulması ilə bağlı iclasın oxşarı olan vəziyyət yarandı. Başım şişdi. Hər kəs dərddən danışdı, amma dərmandan danışan olmadı. Ukrayna dilində desək, “viyavlyaetsya” (“sən demə”) hamı bunun səbəbini axtarırmış. Axtarırmış, amma nə işdirsə, tapa bilmirmiş. Belə nəhs durumlarda “elə bil aradan pişik keçib” deyirlər.

Pişik dedim, lətifəsi hər kəsdən uzaq, yadıma məşhur bir məsəl düşdü. Bir anbarda pişiyin əlindən zara gələn siçanlar hamısı razılaşır ki, “bəli, bu pişiyin boğazından zınqırov asaq ki, gələndə səsi eşidilsin, qaçaq”. Bütün siçanlar bu fikri dəstəkləsə də, “bəs pişiyin boynundan zınqırovu kim asacaq” sualına hamı səssiz qalır.

İndi bizə bir siçan lazımdır ki, diasporumuzun ortalığını qarışdıran o pişiyin boynundan bu zəhrimara qalmış zınqırovu, nəhayət, asa bilsin. Yoxsa beynimiz çox dumanlanır, yoldaşlar. Hətta bir anlıq da elə gəldi ki, bu e-mailləri bəlkə düşmən qüvvələr göndərib, diasporumuzu gözdən salmaq naminə. Nə desən olar. Arada lap ağlıma o da gəldi ki, bəlkə bunu İŞİD edib?! Bilmək olmaz, diasporumuzun fəallığı onların da diqqətini çəkə bilər! Son vaxtlar diaspor nümayəndələrimizin sosial şəbəkələrdə çılpaq fotolar paylaşması, yaxud bəzilərinin olduqca nazlı-qəmzəli pozalarda, istirahət fotoları radikal dindarların da diqqətini bir gün çəkə bilər. Hələ mən soydaşlarımız arasındakı başı əmmaməli, əli “ələm”li, üzü xətt saqqallı, Azərbaycan diasporu olaraq islam tarixində bütün həlak olanlara hər gün yas tutan dayıları demirəm… Ukrayna, Belarus kimi ölkələrdə hər gün “gözə girən” naməhrəmlərin arasında yaşamaq onsuz da onlar üçün çətindir, Allah eşqinə, siz də bir tərəfdən əsəblərini korlamayın. Məncə, Diasporla İş üzrə Dövlət Komitəmiz xaricdə yaşayan soydaşlarımızın narahatlığını nəzərə alıb, bunu da araşdırmalıdır. Zatən başqa bir şey də eləyə bilmirik – diaspor təşkilatları həmişə nədənsə narahat olur, Diaspor Komitəsi də bunu “araşdırır”… Hələ ki, bu sahədə “şampanski” partlatmağa əsas verəcək bir nailiyyət qazanmamışıq.

İllərdir, diaspor sahəsindəki vəziyyəti və problemləri azdan-çoxdan araşdırıram, yazıram və hələ mən Azərbaycandan başqa ikinci bir ölkə görməmişəm ki, dövlət olaraq xaricdəki diaspor təşkilatlarına siyasi dəstəklə yanaşı, maddi dəstək də göstərsin. Bunun üçün mütəxəssis olmağa ehtiyac yoxdur, dünyada iki xalqın diaspor missiyası lobbiçiliyə çevrilib – dost yəhudilərin və düşmən ermənilərin. Görmək yox, heç təsəvvür edirsinizmi, İsrail və ya Ermənistan xaricdəki diaspor təşkilatlarına maliyyə ayıralar? Heç vaxt olmayıb, zatən hər iki dövlətin yarandığı gündən tarixi şəraitləri buna imkan verməyib. Əksinə, diaspor təşkilatları bu dövlətlərə hər cür dəstək verir.

Bir atanın övladını daim pulla təmin edərək, onu ayaqda durmaq, özünün ata olaraq kimisə himayə etmək gücündən məhrum etməsi misalını çəkib, susuram. Ona görə yox ki, qorxuram. Ona görə ki, insafən diasporumuz arasında öz maddi və ictimai gücünə əsaslanan təşkilatlarımızın da olduğunu nəzərə alıram… Mövzumuzdan yayınmayaq.

Bayaq Ukrayna dedim, sözümün arasına zınqırovlu pişik girdi. Açığı, son illər bu ölkədəki diasporumuzun arasına necə bir pişik giribsə, hələ də indiyə kimi nəinki onu dartıb çıxardan yoxdur, heç trayektoriyasını müəyyənləşdirmək belə olmur. Ki, dünyada bəlkə də ən fəal azərbaycanlıların toplaşdığı bu gözəl ölkədəki, nəcib soydaşlarımız rahat formada bir araya gələ bilsinlər. Bu ölkəni ona görə misal çəkirəm ki, burada dostlarım daha çoxdur və ərk etmək imkanlarım daha genişdir. Müstəqilliyimizdən sonra dünyada ilk Azərbaycanlılar Konqresi məhz Ukraynada yarandığını (1999-cu il) da qeyd edərək insafən onu da unutmayaq ki, Azərbaycana qarşı istənilən nüansda bu ölkədəki azərbaycanlıların səsi və təsir gücü həqiqətən yetərli olub. İntellektual təfəkkürlə inzibati təşkilatçılığın vətənpərvərlik və diaspor fəaliyyətilə uğurlu sintezi də azərbaycanlılar arasında məhz bu ölkədə daha çox özünü göstərir – Qurban Abbasov (Xarkov), Eldar Tağıyev (Dnepropetrovsk) və digərləri əyani misaldır. İndi bu cür diaspor potensialımızın içinə nə vaxtdır, girən bu şoğərib pişik əməlli-başlı baş ağrısına çevrilib. Hər dəfə də kimsə qabağa durub, bu pişiyin ara qarışdırmağına etirazını bildirir, amma heç biri də zınqırovu hər gün üz-üzə gəldiyi pişiyin boynuna asmaq barədə düşünmür.

Son olaraq bütün dünyadakı diaspor təşkilatlarındakı dostlarıma Ukrayna timsalında üzümü tutub, yalnız bunu deyə bilərəm: Məncə, kənardan gələnə arxayın olmayın, aranızdakı pişiyin boynuna zınqırovu özünüz asın – sizin buna gücünüz də yetir, pişiyi də ki, yaxşı tanıyırsınız.

Tələsin. İnanın, o pişiyi tutub, o zınqırovu onun boynuna asa bilsəniz, çox şey dəyişəcək. Biz azərbaycanlılar tarixdə az uğura imza atmamışıq. Bir pişik, bir zınqırov – çətin nə var axı burda?!

 

Hörmətlə:

Mübariz Aslanov,

sizin daimi dostunuz.

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir