Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Vətənpərvərlik gərək insanın, canında, qanında olsun

Azərbaycan üçün ürəyi yanan soydaşımız

Azərbaycanın xarici ölkələrdə tanıdılması, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində xaricdə yaşayan soydaşlarımızın gördükləri işlər danılmazdır. Etiraf edilməlidir ki, bu işdə əcnəbi ölkələrdə yaradılan icmaların, diaspora təşkilatlarının rolu, onların təmsilçilərinin yaşadıqları ölkələrin ictimai-siyasi həyatındakı fəallığı böyük əhəmiyyət daşıyır. Belələrindən biri də Qırğızıstanda Azərbaycanı ləyaqətlə təmsil edən qeyrətli eloğlumuz, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti Nüsrət Məmmədovdur.

***

Yeri gəlmişkən qeyd edək ki, Şəki torpağında böyüyüb boya-başa çatan N.Məmmədov tanınmış böyük bir nəslin nümayəndəsidir. Hələ XIX əsrin əvvəllərində, daha dəqiq desək, 1813-cü ildə Azərbaycan bölünəndən-Çar Rusiyası ilə Gülüstan müqaviləsi bağlananda Nüsrət müəllimin ulu babaları Çar Rusiyasını tanımayıblar və buna görə də sonradan başları çox bəlalar çəkib. 1920-ci ildə Azərbaycan  Demokratik Cümhuriyyətinin süqutundan sonra hakimiyyətə gələn Şura hökumətini də qəbul etməyiblər. Nüsrət Məmmədovun babaları 1930-cu ildə Şəkidə  kommunistlərə qarşı üsyanın təşkilatçılarıdır. Tarixdə buna Göynük üsyanı deyirlər. Heç şübhəsiz ki, bu nəslin nümayəndələri hər zaman “KQB”-nin nəzarəti altında idilər. Və odur ki, məxfi göstərişə əsasən bu nəslin nümayəndələrini heç bir rəhbər vəzifəyə yaxın buraxmırdılar.  Ta o  vaxta qədər ki, Azərbaycan müstəqil oldu və ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldi, məxfi göstəriş qüvvədən düşdü. Yalnız bundan sonra bu nəslin nümayəndələri dövlət vəzifələrinə yaxın buraxıldılar.  

***

Otuz ildən artıqdır ki, Qırğızıstanda fəaliyyət göstərən TDSDF-nin rəhbəri Nüsrət Məmmədov həm də diaspora nümayəndəsi  kimi  Qırğızıstanda bir çox işlər görür. Bişkekdə ölkəmizlə bağlı onlarca bədii, elmi, siyasi kitablar, məqalələr çap olunub, beynəlxalq konfranslar, toplantılar, müzakirələr keçirilib. Şübhəsiz ki, bu işdə Nüsrət müəllimin rəhbərlik etdiyi təşkilatın xüsusi rolu olub. Təkcə onu demək kifayətdir ki, TDSDF-nin maliyyə dəstəyi ilə azərbaycanlı müəlliflərin  100-dən artıq kitabı qırğız, ingilis, qazax, rus və Azərbaycan dillərinə tərcümə olunaraq çap edilib. Həmin nəşrlər pulsuz olaraq müxtəlif xalqların nümayəndələrinə, elm və incəsənət adamlarına paylanıb. Üstəlik hər çap edilən yeni kitabın yüksək səviyyədə təqdimatı keçirilib. Nəzərə almaq lazımdır ki, belə təqdimatın təşkil edilməsi Azərbaycan ədəbiyyatının yayılması, eləcə də xalqlar arasındakı əlaqələrin genişlənməsində müstəsna rol oynayır. Çünki, xoşməramlı ədəbi məclislərə respublikanın aydınları, elm təmsilçiləri və geniş ictimaiyyət nümayəndələri dəvətli olur. Bunun parlaq nümunəsi 2016-cı il mart ayının 10 Qırğızıstan Respublikası Prezidentinin bir nömrəli iqamətgahında keçirilən Azərbaycanın tarixi əsərlər yazarı Yunus Oğuzun “Tamerlan” ikicildliyinin təqdimatında respublikanın tanınmış elm adamlarının, görkəmli yazıçıların, nazirlərin, diplomatların iştirak etməsidir. Respublikanın bütün aparıcı Kütləvi İnformasiya Vasitələrində təqdimat geniş şəkildə dəfələrlə işıqlandırıldı. Kitabın təqdimatının keçirildiyi zalda Türkiyənin, Qırğızıstanın bayraqları ilə yanaşı Azərbaycanın da bayrağının dalğalanması təqdimata xüsusi yaraşıq verirdi. Kitabın geniş oxucu kütləsi tərəfindən yüksək səviyyədə qarşılanmasının səbəbi idi ki, əsərin müəllifi Qırğızıstan Milli Yazıçılar İttifaqına üzv qəbul edilməklə yanaşı bir neçə mükafat da qazandırdı. Məhz onun gördüyü  işlər sayəsində Qırğızıstanda Azərbaycan haqqında təsəvvürlər daha da genişlənir, tariximiz, ədəbiyyatımız, incəsənətimiz təbliğ olunur, uğurlu və ardıcıl siyasətimiz o bölgənin adamlarına kitablarla, görüşlərlə çatdırılır. Nüsrət müəllimin isə yaşadığı ölkədəki nüfuzu və hörməti belə tədbirləri daha möhtəşəm və əzəmətli edir.

2008-ci ildə dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycana səfərinin fond tərəfindən təşkili Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafında xüsusi rol oynayır. RF, Türkiyə Cümhuriyyətindən, Qazaxıstandan, Tacikistandan, Qırğızıstan Respublikasından gələn  böyük nümayəndə heyəti arasında jurnalistlərin, elm adamlarının olması ilə  uzun müddət Azərbaycan haqqında məlumatlar müxtəlif dövlətlərin media gündəmini zəbt etmişdi.

2009-cu ildə AMEA-nın müxbir üzvü, Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi rəhbərliyi ilə, bir qrup Azərbaycan tarixçisinin yazdığı “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” kitabının rus və ingilis dillərində fondun sifarişi ilə işıq üzü görməsi düşmənlərimizi çox narahat etmişdi.

Qeyd edək ki,  indiyədək Azərbaycan tarixi mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlq Qarabağ münaqişəsi ilə əlaqədar qırğız, rus və ingilis dillərində 101-ə yaxın kitab və kitabçalar dərc olunub. Odur ki, Fondun nəşr etdirdiyi bütün kitabarın insanlar arasında pulsuz paylanması isə əsl vətənpərvərlik nümunəsi kimi dəyərləndirilməlidir. TDSDF-nin xeyirxah əməlləri bununla məhdudlaşmır. Fondun təşəbbüsü ilə dəfələrlə Bişkekdə, Almatıda və başqa yerlərdə konfransalar, toplantılar təşkil olunub. Misal olaraq, hələ 2007-ci il dekabr ayının 12-də Almatı şəhərində keçirilmiş “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” elmi nəzəri konfransını göstərmək olar. Həmin tədbir 2007-ci  ilin mühüm hadisəsi elan olunmuşdu. Tədbirdə AR PA rəsmisi Qafar Əliyevin və MM indiki millət vəkili Hikmət Məmmədovun iştirakı tədbirə xüsusi rəng vermişdi. 

Bu toplantılarda türk dünyasının tanınmış siyasi xadimləri, deputatlar, alimlər, jurnalistlər iştirak ediblər. Vaxtaşırı olaraq türk dünyasının tanınmış siyasi xadimləri  Heydər Əliyev, Mustafa Kamal Atatürk, o cümlədən Azərbaycanın hazırkı Prezidenti cənab İlham Əliyev  və başqaları haqqında məruzələr dinlənilib. Nüsrət müəllim həmçinin “Manas”ı Azərbaycan dilinə tərcümə edən, sonradan həmin əsərin tədqiqatını apararaq dəyərli bir elmi əsər ortaya qoyan görkəmli şair-alimiz Adil Cəmilin bu elmi işini TDSDF-nin sifarişi ilə qırğız dilinə çevirərək nəşr etdirib. Sonra Bişkekdə TURKPA-nın sammitində, Qırğızıstan Prezidenti iqamətgahında kitabın təqdimatı keçirilib və böyük rezonansa səbəb olub.  Təsadüfi deyil ki, Nüsrət müəllimin böyük zəhmətinə, gördüyü işlərə qırğız ziyalıları da böyük dəyər verirlər. Deməli,  harada yaşamasından, hansı dildə danışmasından  asılı olmayaraq hər bir azərbaycanlı  ilk növbədə doğulduğu torpağın adını hər zaman uca tutmalı, onun milli dəyərlərinə sahib çıxmağı bacarmalıdır.

 

Olaylar.Az

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir