Naxçıvan teatrı tarixi inkişaf yolu keçib. 1883-cü il mayın 11-də Naxçıvanda dövrünün maarifpərvər ziyalısı Hacı Nəcəf Zeynalovun şəhərin məşhur “Zaviyə” məhəlləsindəki evində Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası səhnələşdirilib və bununla da Naxçıvanda teatrın əsası qoyulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan teatrı yarandığı dövrdən maarifçilik mövqeyində çıxış edib, Azərbaycan teatr sənətinin qüdrətli nümayəndələri ilə əlaqələr saxlayıb, öz həmkarlarının mənəvi dəstəyini daim hiss edib. Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Qurbanəli Şərifzadə, Məhəmmədtağı Sidqi, Əliqulu Qəmküsar və başqa görkəmli ziyalılarımız teatrın inkişafı sahəsində sərt sınaqlara dözərək əsl fədakarlıq göstəriblər. Naxçıvan teatrının yarandığı illərdə bu sənət ocağının təşəkkülü üçün Bakıdan Naxçıvana gələn qüdrətli sənətkarların Naxçıvan teatrının aktyorları ilə birlikdə tamaşalar göstərməsi, sənət dostlarına mənəvi dəstək olması teatrımızın peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurularaq istifadəyə verilib. Qədim diyarımızda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayır.
Müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Naxçıvan teatrı Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Trabzon, Qars, Ərzurum, İqdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku və başqa şəhərlərində qastrol səfərlərində olub, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanıb. Naxçıvan teatrının Bakıda və Azərbaycanın digər rayonlarında göstərdiyi tamaşalar da maraqla qarşılanıb. Teatrımız repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşaları səhnəyə qoyur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının müstəqillik illərində tamaşaya qoyduğu dramlar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Hökmdar və qızı”, “Nadir şah”, “Şeyx Sənan”, “Xəyyam”, “Qönçəbəyimin nəğməsi”, “Mirzə Cəlil taleyi”, “Araz sahilində doğan günəş”, “Ağa Məhəmməd şah Qacar”, “Əlincə qalası”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı”, “Ah Paris, Paris!..”, “Arılar arasında”, “Göy quş”, “Qılınc və qələm”, “Əli və Nino”, “Burla xatun” kimi üslub, struktur, janr müxtəlifliyi ilə seçilən tamaşalar teatrın yaradıcılıq axtarışlarının nəticəsidir.
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da yüksək qayğı ilə əhatə olunub. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının Türkiyə, Tacikistan və İrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı isə müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapıb.
Bu gün muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Xalq teatrlarının “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Yalan”, “Varlı qadın”, “Yarımgünlük rəis müavini”, “Subaylarınızdan görəsiniz”, “Beş manatlıq gəlin” və digər bu kimi tamaşaları ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Rayonlar mərkəzlərində istifadəyə verilən Mədəniyyət Saraylarında teatr kollektivləri üçün hər cür şəraitin yaradılması xalq teatrlarının fəaliyyətinin daha səmərəli təşkilinə səbəb olub.
Müstəqillik illərində Naxçıvan teatrının tədqiqi ilə bağlı bir sıra uğurlu işlər həyata keçirilib, monoqrafiya və kitablar nəşr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı bu baxımdan dəyərli mənbədir. Kitabda Naxçıvan teatrı ilə bağlı çoxsaylı mühüm elmi əhəmiyyətə malik sənədlər, fotoşəkillər və digər məlumatlar ilk dəfə olaraq oxuculara təqdim olunub.
Muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan insanların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlara layiq görülüblər.
Check Also
Azərbaycan jurnalistə təzminat ödəyəcək
AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …