Bədrəddin Quliyev: “Azərbaycan hakimiyyətində təmsil olunan bəlli qüvvələr indiyə qədər bizi milli baxımdan danışıqlara getməyə, siyasi qüvvələrin bir araya gəlməsinə imkan verməyiblər”
Bir müddət əvvəl Azərbaycanda fəaliyyət göstərən daha bir neçə siyasi partiya dövlət qeydiyyatına alındı. Onlardan biri də Cümhuriyyət Xalq Partiyasıdır (CXP).
CXP sədri Bədrəddin Quliyev Reyting.az-a müsahibəsində partiyanın mövqeyi, irəli sürdüyü təkliflər, atılacaq addımlar və dünyada gedən proseslərdən danışıb.
– Bədrəddin bəy, artıq partiyanız qeydə alınıb. Bundan sonra planlarınız necə olacaq?
– CXP 2010-cu ildə təsis edilib, daha sonra qurultayımız olub. Ondan sonra qeydiyyata alınmaq üçün müraciət etmişik. Qeydiyyatı gözləmədən, Azərbaycanın milli maraqlarını nəzərə alaraq addımlarımızı atmışıq.
İlk addımımız Türkiyə-Ermənistan sərhədlərinin açılmasını hədəfləyən Surix protokolu ilə bağlı olub. Həmin vaxt ABŞ, Avropa Birliyi və regionda marağı olan digər qüvvələrin təzyiqi ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmə gətirilmişdi. O zaman Azərbaycanın dövlət baçısını İstanbula dəvət etsələr də, haqlı olaraq getmədi.
Daha sonra “futbol siyasəti” ortaya çıxdı. Prezident Abdulla Gül İrəvana səfər etdi, Sarkisyanla görüşdü. Məqsəd sərhədlərin açılması idi.
O dövrdə mən, Türkiyə ana müxalifət partiyası – Cümhuriyət Xalq Partiyasının sədri Kamal Kılıncdaroğlu ilə görüşdüm, müzakirələr apardıq və belə qərara gəldik ki, Türk xalqlarının hüquqları müdafiə edilməli, siyasi qüvvələr bu prosesə qoşulmalıdır. Birlikdə bəyan etdik ki, Türkiyə ilə Azərbaycanı üz-üzə qoymaq olmaz. Faktiki olaraq, o zaman regionda maraqlı qüvvələr sərhədlərin açılmasına nail olmaqla həm də Türk dünyasını parçalamaq istəyirdilər. Amma biz düşündük ki, 1920-ci ildə başımıza gələn hadisələrin təkrarlanmasına imkan vermək olmaz. Çünki Azərbaycan Türk dünyasının qapısıdır. Türkiyə-Azərbaycan münasibətləri gərginləşirsə, deməli, qapı bağlanır. Söhbət Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, habelə Rusiyanın daxilində olan müsəlman toplumları, Çində olan uyğur türklərindən gedir. Bu, bir zolaq üzərində yerləşən toplumlardır.
Onsuz da indiyə qədər xüsusi sistemlər quraraq Türk dünyasını parçalayıblar. Tarixi torpaqlarımızın itirilməsi də bunun nəticəsidir. Bütün bunları nəzərə alaraq Türkiyənin ana müxalifət partiyasının sədri Kamal Kılıncdaroğlu ilə birlikdə bəyanat verdik ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmamalıdır. Bu səfərdən sonra Azərbaycana qayıtdım, amma buna görə kimsədən “sağ ol” eşitmədim. Hətta mənə təzyiqlər oldu.
– Səbəb nə idi?
– Milli kimlik, türkçülük məsələsini ortaya qoyduq, bunun sıradan çıxmaması üçün əlimizdən gələni etdik. Buradakı rusun 5-ci kolonu və nurçu sistem əleyhimizə çıxdı. Ancaq biz şüurlu olaraq buna getmişdik.
Nəzərə alın ki, mən, Milli Azadlıq Hərəkatı dövründə tətil hərəkatının rəhbərlərindən olmuşam. Faktiki olaraq Vəzirov, Mütəllibovla kontaklarımız olub, fikirlərimizi demişik, xalqımızın mənafeyini müdafiə etmişik. Yəni bu proseslərdə fəal iştirak etmişik. Bir sözlə, Azərbaycanın taleyi necə olubsa, bizim də taleyimiz onun bir hissəsi olub. Hər zaman da fikirləşmişik ki, ölkəmiz inkişaf etsin. Amma çox təəssüflər olsun ki, dövlət çevrilişləri, daha sonra qaçqın problemi, onların yerləşdirilməsi, Qarabağ problemi qarşımıza çıxarıldı.
Nəhayət, neft müqaviləsi imzalandı, bunun da ilkin nəticələri 2004-cü ildən sonra özünü göstərdi. Hətta Bakı-Tbilisi-Ceyhan boru xəttinin başa gəlməsi 10 il vaxt aldı. İri korporasiyalar da daha çox öz maraqlarının təmin edilməsinə üstünlük verdi.
Həmin dövrdə Azərbaycana kənardan ciddi dəstək də yox idi, odur ki, bizdə iqtisadi proseslər əsas olaraq götürüldü. Nəticədə maliyyə imkanlarının artırılması, telekommunikasiya, neft-qaz boru xətlərinin çəkilməsi, nəqliyyat xətləri son nəticədə bizim bölgənin əhəmiyyətini artırdı.
Təsəvvür edin ki, Əsrin müqaviləsində iştirak edən BP kimi şirkətlər vardı və mənfəət gəlirinin 85 faizi də 2014-cü ildə onların əlində idi. 2014-cü ildən sonra Azərbaycan götürməyə başladı və BP də bəyan etdi ki, Azəbaycanda neftin hasilatı azalır və s. Məsələ ondadır ki, bu proseslər nəticəsində bizdə stabil demokratik yol olmadı. Hakimiyyət daxilindəki müxtəlif qüvvələr nəzarətdən çıxmaq istədi və zərərləşdirildi. Digər yandan da Qarabağ məsələmiz həll olunmadı. Üstəlik, neft müqaviləsində iştirak edən dövlətlər də sonradan Azərbaycana problemlərinin həlli üçün dəstək vermədi. Digər tərəfdən də 5-ci kalon fəal idi, hər şeyə nəzarəti ələ keçirdi. Nəticədə milli qüvvələrlə, dövlətçil qüvvələr arasında uçurum yaradıldı. Dövlətə, Azərbaycanın milli maraqlarına işləməyən qüvvələr də dövlətin pulunu mənimsədilər, təhdid yaratdılar.
Qarabağ danışıqları da, sadəcə, zaman itkisi oldu. Gah Madrid prinsipləri, gah Kazan danışıqları, gah digər sənədlər ortaya atıldı və zaman uzadıldı. Ermənilər də işğal altında olan ərazilərimizdə kommunikasiyalar, yerləşim siyasəti həyata keçirdi.
Hesab edirəm ki, son parlament seçkilərində majoritar sistemin özündə ziddiyyətlər ortaya çıxdı, hakimiyyət daxilində olan və zəiflədilən qüvvələr müqavimət göstərmək istədi, seçkilərdə neqativ hallar yaşandı. Mənim qənaətimcə, bu, siqnal verdi ki, artıq ölkəni köhnə sistem əsasında idarə etmək olmaz. Bu mənada hakimiyyət daxilində olan köhnə qüvvələrin “yola salınması” və yeni təfəkkürdə olan kadrların irəli çəkilməsi müşahidə edildi. Burada vacib məsələ odur ki, yeni təfəkkür, müasir dünya ilə ayaqlaşan kadrlarda həm də milli düşüncə, məfkurə, dövlət sevgisi olsun. Ömür boyu Azərbaycan türkünün əleyhinə olanlar, fərarilər, Azərbaycana xəyanət edənlər o qədər güclənmişdilər ki, nəticədə korrupsiya və rüşvət dövlətin əsas prinsiplərinə təhdid edən elementə çevrildi.
İndi CXP də daxil olmaqla partiyaların qeydiyyata alınması, onlarla müzakirələrin aparılması məndə müsbət təəssürat yaradıb. Sözsüz ki, bu müzakirələrin yekununda siyasi nəticə baxımdan dəyişikliklər gözləyirəm.
– Gözləntiləriniz nədir?
– Hesab edirəm ki, köhə müxalifətdə və iqtidarda olanlarla bağlı da problemlər var. Gecələr bir yerdə olub gündüzlər başqa-başqa maraqlarla dağıdıcılığa getmək olmaz.
Azərbaycanın mövcud reallığı göz önündədir. Bizim çatışmayan cəhətimiz odur ki, ziyalı və siyasi baxımdan danışmağı bacarmalıyıq. Yəni öz problemimizi özümüz həll etməliyik. Mənə görə, əsas şərt odur ki, siyasi situasiyaya uyğun olaraq dialoq həqiqi olmalı, milli maraqlar əsas götürülməlidir. Mən indiyə qədər hakimiyyətdə olanların, dağıdıcılıqla məşğul olanların mənafeyini müdafiə edən deyiləm. Ümumiyyətlə, bizim cəmiyyətdə dövlətlə hakimiyyəti səhv salırlar. Hakimiyyətdə hər adam ola bilər, amma dövlət bizim göz bəbəyimizdir, onu qorumağı bacarmalıyıq. Bu, şəxsən bizim partiyanın təməl prinsiplərindən biridir. Demək olar ki, korrupsiya, rüşvət bizim milli dövlətçiliyimizin formalaşmasına imkan vermir. Daxildəki gərginliklər, eybəcərliklər, 5-ci kalonun, bölgədə marağı olan xarici qüvvələrin əsas istəyi odur ki, biz dövlət kimi formalaşmayaq. Dialoq prosesində bizə görə, əsas məsələ milli dövlətçiliklə bağlıdır. Dövlətçilik məfkurəsi olan adamlar, müasir dünya ilə ayaqlaşan milli demokratik məfkurə hakim olmalıdır. Həmçinin mövcud vəziyyət, situasiya onu göstərir ki, biz dəyişməliyik, sistem dəyişikliyinə getməliyik. Şərqdə ilk cümhuriyyət quran biz oğuz türkləri olmuşuq. Xalq Cümhuriyyətinin vaxtında parlamentar sistem olub. O dövrdə də Türk dünyası faktorundan bizə baxanda – bir tərəfdən biz müsəlman, türk kimi qəbul olunmuşuq, amma həm də demokratik ənənə yaratmışıq. Biz, bu ənənəni əsas götürməliyik. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun ilk bayrağı al qırmızı, ay və 8 güşəli ulduz olub. Bu bayraqla Azərbaycan işğaldan azad edildi, Qafqaz İslam Ordusunun bayrağı oldu, noyabrın 9-na qədər Azərbaycan dövlətinin rəsmi bayrağı olub. Yəni qələbə bayrağıdır. İndi biz partiya olaraq bu dəyərləri götürmüşük, həmin bayraq partiyamızın rəsmi bayrağıdır. Sözsüz ki, milli kimlik və türklük məsələsi də vacibdir.
İmperiya altında olanda hər dəfə biz oğuz türklərinə bir ad qoydular. Fakt isə odur ki, biz oğuz türküyük, bu bölgənin sahibiyik, burada ilk dövlət quran, xristian yürüşlərinin qarşısını alan bizim babalarımız olub. İndi bu adı əlimizdən alıblar, amma biz oğuz türküyük. Məncə, bu ad qaytarılmalıdır. Əvvəl adımızı, sonra torpaqlarımızı itirmişik. Məsələn, burada cümhuriyyət qurulandan sonra Şimali Qafqazda Dağlı Respublikası yaradıldı. Həmin respublikaya, onun bayrağına, sisteminə baxsanız görərsiniz ki, əsas məqsəd Türkiyə və bizimlə birlikdə olmaq, inkişaf etmək olub. Demək istəyirəm ki, milli kimlik, milli dövlətçilik formalaşanda qələbə ruhumuzda qalxacaq. Bizi qələbəyə aparan milli birliyimiz, milli idiologiyamız olmalıdır. Bunu həyata keçirmək işində də bizim bizdən başqa heç kəsimiz yoxdur. Odur ki, dağınıq olmamalıyıq, bir-birimizlə danışmağı bacarmalıyıq.
– Deməli, indi ölkədə başlanan açılım siyasətinə bu konteksdən baxırsınız?
– Ölkədə olan, hakimiyyətdə təmsil olunan bəlli qüvvələr indiyə qədər bizi milli baxımdan danışıqlara getməyə, bütün siyasi qüvvələrin bir araya gəlməsinə imkan verməyiblər. İndi hakimiyyətin daxilində yeni düşüncə, təfəkkür formalaşıb, milli dövlət qurulması üçün danışıqlar gedir, bütün qüvvələr bu prosesə cəlb edilir. Əgər belədirsə, biz dəyişikliklərin ilkin astanasındayıq. Bu baxımdan biz də öz təkliflərimizi bu formada irəli sürürük. Əhali, xalq ilə təmasa getmək, insanların seçki mədəniyyətini özünə qaytarmaq lazımdır.
– Bu aralarda proporsional seçki sisteminin bərpası haqda çoxsaylı fikirlər də səslənir…
– Əksəriyyət çoxpartiyalı sistem deyir, proporsional sistem demirlər. Azərbaycanda baş verən proseslər, dəyişikliklər əslində göstərir ki, indiki siyasi sistem o qədər də effektiv deyil. Korrupsiya, rüşvət, milli təfəkkürdən uzaq adamların dövləti dağıtması, xalqı saymaması artıq geridə qalmalıdır. Gələcəyə baxanda yerlibazlıq, qohumbazlıq, xarici dövlətlərin maraqlarını əsas götürmək kimi hallar aradan qaldırılmalıdır. Bunun üçün də yeni sistemə keçilməlidir. Məncə, mer seçkiləri, böyük şəhər bələdiyyə sədri seçkiləri keçirilməlidir. Rayon və şəhər məclisləri formalaşmalıdır ki, yerli büdcəyə və mərkəzdən ayrılan dotasiyaya nəzarət edilsin. Yerlərdə də dövlət başçısının rəsmi nümayəndələri olmalıdır. Bir növ Türkiyədəki valilik sistemi kimi. Ümumiyyətlə, belə modelə keçməliyik. Bu baş versə, heç korrupsiyaya qarşı idarələrə də ehtiyac qalmaz. Bütün türk ölkələri bu modelə keçməlidir.
Biz əslində, türkçülüklə bağlı bütün məsələlərdə avanqard olmuşuq. Hesab edirəm ki, bu məsələdə də önə düşə, körpü rolunu oynaya bilərik. Türk dövlətləri bir növ Avropa Birliyi modelinə oxşar model qurmalıdır. Güclü maliyyə, bank sistemləri yaradılmalıdır ki, pulları da aparıb başqa ölkələrə qoymasınlar. Bu, həm də böyük bazar deməkdir.
– Özünüz deyirsiniz, 200 ildən çoxdur ki, türk sistemini dağıtmaq üçün müxtəlif sistemlər qurulub, türk toplumu parçalanıb, torpaqlarını itirib. XXI əsrdə imkan verərərlərmi ki, türk toplumları və xalqları bir araya gəlsin, vahid struktur, effektiv birliklər yaratsın?
– Bu ciddi məsələdir. Ancaq baxın, Suriya cəbhəsində sonuncu əməliyyatda Türk ordusu təkcə Bəşər Əsədlə deyil, həm də rus sistemi ilə vuruşurdu. Hərbi baxımdan Türkiyənin hərbi sənayesi, dronları, Pilotsuz Uçuş Aparatları, xüsusi idarə edilən dəqiq hava sistemləri yeni qaydalar ortaya qoydu. Açıq göründü ki, əksər dövlətlər, NATO ölkələri Türkiyəyə sayğı ilə yanaşdı. Fakt odur ki, Türkiyənin ordusu Suriyada Əsədin ordusunu, tanklarını, texnikasını qısa müddətə dağıtdı. Ardınca Səudiyyə Ərəbistanı dünya bazarında neftin qiymətini aşağı saldı. Və Rusiyaya qarşı əsl təzyiqlər başladı. Beləcə, Rusiya Suriyada ikinci Əfqanıstan sindromu yaşamağa başlayır.
Dünyada şərtlər dəyişib, yeni oyunçular ortaya çıxır. Pandemiyadan sonra Çin ortaya çıxdı. Bir çox ölkələr “mənim nüvə başlığım var”,- deyirdi, amma koronavirus adlı bioloji silahın qarşısında heç nə edə bilmədilər. İndi dünya düzənində ciddi gündəm məsələləri var. Bu bir həqiqətdir ki, XVIII əsrdən bu yana ruslarla anqlosaksların gizli ittifaqı var. XIX əsrin sonlarından başlayaraq dünyada ikiqütblü olmağa doğru getdi. I və II dünya müharibəsində anqlosakslarla ruslar ittifaqının əsas hədəfi müsəlman və türk dünyası olub. Osmanlını dünyanın 4 tərəfindən vurub çıxardıqdan sonra Qacarlar sıradan çıxarıldı. Sonradan ikiqütblü dünya yaradıldı və ABŞ-la SSRİ dünyaya nəzarət etməyə başladı. İndi dünya fərqlidir və indiki Rusiya belə bir gücə sahib deyil. Rusiyanın iqtisadi, siyasi sistemi, qüdrəti buna sadəcə imkan vermir.
İndi ortaya yeni qüvvələr çıxır. Baxın, G7, G20 ölkələri ortadadır. Son 30-40 ildə isə ucuz işçi qüvvəsi səbəbindən Qərb dünyasının sərmayəsi Çinə yatırıldı, ekoloji durumu pis vəziyyətə düşən Çinə hər şey yükləndi. Çin də bunu bilə-bilə müasir texnologiya əldə etdi, iqtisadi-maliyyə sistemini qurdu, zavod-fabriklərini təzələdi. Bütün sahələr üzrə sistemini quraraq dünyada ABŞ-dan sonra ikinci yerə çatdı. İndinin özündə belə ABŞ-la Çin arasında 6 tirlyonluq borc məsələsi var. Proseslər göstərir ki, Çinin qarşısına çıxmasalar bu ölkə daha qabarıq formada özünü göstərməyə başlayacaq. Bax, bunun qarşısını almaq üçün anqlosakslar yeni müttəfiq axtarışındadır. Ötən gün ABŞ Konqresinin uyğur türkərinə görə Çinə sanksiya tətbiq etməsinə də bu konteksdə baxmaq lazımdır. Bu mənada anqlosakslarla türklər yeni ittifaqa girməyə məhkumdur. Fikrimcə, yeni dünya düzənində türklərə, türk toplumlarına stavka olunur. Bu mənada türk ölkələrinin bir araya gəlməsi 350 milyonluq toplum deməkdir. Baxın, Yaxın Şərqdə kürd dövləti qurmaq istəyirdilər, amma nəticə alınmadı. Yenidən bütün stavka türk faktoruna qayıtdı. Sistemlər dəyişir. Türkiyə başda olmaqla türk toplumlarının güclü olması və bu proseslərə qatılması yeni gücə çevrilmək anlamını verir. Biz yaxın gələcəkdə bunun ilkin işartılarını görəcəyik. Bunu gördüyümüz üçün qeyd edirik ki, ölkə daxilində milli həmrəyliyə nail olmalı, güclənməli, millət və dövlət olaraq bu prosesə hazır olmalıyıq. Regionun coğrafiyası dəyişəndə biz milli maraqlarımız baxımından addım atmalı, proseslərdən uduşla çıxmalıyıq. Baxın, cənubdakı soydaşlarımız özünə türk deyir. Mosulu, Kərkükü özünü türk adlandırır. Suriyanın özündə belə türkmanlar var. Əslində isə onlar tarixi oğuz türkü olan bizlərin yaratdığı imperiyanın sahibsiz övladlarıdır. Suriyadakı, İraqdakı türkmanlar elə bizik, bizim özümüzük, oğuz türkləridir.
Mən əvvəl dediyim fikri bir daha təkrarlayıram: yeni dünya düzənində türksüz heç bir şey həll olunmayacaq. Amma bu məsələlərə kim hazır olacaqsa, milli dövlət sistemləri olacaqsa, onlar da uduş əldə edəcəklər.
– Çinin gələcək perspektivini necə görürsünüz?
– Çində uyğurlara qarşı böyük təzyiqlər həyata keçirilir, xüsusi kaloniyalar qurmuşdular, onları “təmizləmə süzgənci”ndən keçirirdilər. Gestopa rejiminə uyğun addımlar atırdılar. Bəlkə də talehin işidir ki, ortaya koronavirus çıxdı və dünyanın Çinə olan münasibəti dəyişdi. Qənaətimcə, pandemiyadan sonrakı dövrdə Çindən iqtisadi yatırımlar çəkiləcək. Tramp ABŞ Konqresindəki çıxışı zamanı açıq ifadə etdi ki, milli dövlətlər qurulmalıdır. Milli dövlət üçün milli iqtisadi sistemlər xüsusilə əhəmiyyətlidir. Pandemiya göstərdi ki, adi maska da daxil olmaqla istehsal, milli maliyyə sisteminin gücü olduqca əhəmiyyətlidir. Aydın oldu ki, dövlətlər üçün bütün sahələrdə istehsal vacibdir. Fikrimcə, Çinə edilən yatırımlar pandemiyadan sonrakı dövrdə türk ölkələrinə keçəcək. Baxın, Türkiyə pandemiya zamanı 50 ölkəyə yardım etdi. O cümlədən ABŞ-a. Ehtimal edirəm ki, türk ölkələrinə böyük yatırımlar olacaq, böyük bazarlar yaranacaq. Türkiyə əvvəl Suriya imtahanından, sonra bəşəri baxımdan sınaqdan uğurla çıxdı. Böyük yatırımların olması mənim yuxarıda qeyd etdiyim anqlosakslarla türklərin əməkdaşlığının əsas hissəsi olacaq. Biz də strateji fonda baş verən proseslərə həm maraqlar, həm kadrlar, həm də milli demokratik sistem baxımından hazır olmalıyıq. Bir sözlə, yeni dövrə yeni təfəkkür və sistemlə qatılmağa hazır olmalıyıq. Bu mənada iqtidarlı müxalifətli Azərbaycanda milli maraqlarını nəzərə alan, milli kimliyini dərk edən, milli maraqlarını müdafiə edən qüvvələrin bir yerdə olması labüd və qaçılmazdır.