Cümə , 22 Noyabr 2024
Drone Cameras

Elçibəyin Xəstəliyi – Sabir Rüstəmxanlının “Dərdə əyilmə” kitabından…

Bu gün Elçibəy Türkiyədə müalicə olunur. Nədən müalicə olunur görəsən?
Ürəkdən? Böyrəkdən? Yoxsa qəzetlərin bilmədən, sormadan yazdıqları başqa xəstəliklərdən?
Hər halda xəstəlik şad xəbər deyil ki, müştuluq alırmış kimi hər qarşıya çıxana və necə gəldi deyilsin. İnsanın xəstəliyindən danışmağın bir ölçü-biçisi var. Ürəyin yanırsa, danış, ehtiyatla, pıçıltıyla, kimsəni incitmədən… Ən azı özünün də sonunu düşünərək!.. Ən azı bu xəstəliklərin səbəblərini düşünərək!..
Nədən müalicə olunur Elçibəy? Mənim bildiyimi Türkiyənin həkimləri bilməz! Heç Amerikanın, İngiltərənin insan geninin şifrəsini açan bioloq alimləri də bilməz!.. Heç Tibet təbibləri də bilməz! Elçibəyin xəstəliyini mən bilirəm: bu, Azərbaycanı sevmək xəstəliyidir. Azərbaycanlı olmağın xoşbəxtliyi, şərəfi, qüruru olduğu kimi, təəssüf ki, bitib-tükənməz dərdi və xəstəliyi də var!
Hamımızın içindən bu xəstəliyin bir sızıltısı keçir.
Əbülfəz bəyin xəstəliyi Məcnun xəstəliyidir! Həkimlə sağalmaz! Vətənin xilası ilə sağalar! Bu bir sevdadır, qopmaq istəsə də Əbülfəz bəy ondan qopmaq istməz!
Gəlimli-gedimli dünyadı. Dörd divar arasında, balaca «xoşbəxtlikdə», balaca qəfəsdə, üstündən hansı havaların əsdiyini, kimin kölgəsində, kimin hökmündə yaşadığını bilmədən, əvvəldən-sona kimi «amandı, təki mənə toxunan olmasın!» instikti ilə yaşayan nə çox! Allahın nə işi onlarla! Allah dərdi çəkənə verir! Böyük adamlara gələndə dərd də böyüyür, sevgi də, xəstəlik də!
Elçibəy çətin, əzablı ömrün qətrə-qətrə yığılan ağrı-acılarından müalicə olunur.
Onun xəstəliyinin kökü dərindədir! Dünyanın bizə yağı kəsilməsində, yüz illər boyu qarşılaşdığımız xəyanətlərdə, ayaqlanan haqqımızda, parçalanan torpaqlarımızda, xırdalanan ruhumuzdadır bu xəstəliyin kökü! Bölünə-bölünə əzilməyimiz, əzilə-əzilə bir-birimizə qənim olmağımız! Dostu düşməndən ayıra bilməməyimiz, qardaş qırğınları, Çaldıran…Topal Teymur, İldıram Bayazit, Toxtamış… «iki qoçun başı bir qazanda qaynamaz» fəlsəfəsi, çürük iddəalar!
Deyə bilərlər yorulduq tarixin bu üzqarası olan səhifələrini xatırlamaqdan. Amma nə etməli? Tarix ibrət olmadı! Güzgüləri sındırırıq! Səhvlər təkrar olunur. Başqa şəkildə, başqa ölçüdə, başqa adla, fəqət eyni mahiyyətdə!… Bu tarixin sahiblərinin ondan qopması xülyadır. Hər birimiz onun içindən, o da hər birimizin içindən keçir!
Azərbaycanı sevmək! Nə ağır dərddi, ilahi!.. Sözə çevirirsən «sözdür!» deyirlər közə çevirirsən «köz!». Parçalanmış, ayaqlanan, təhqir edilən Vətənin övladlarının Vətən, mübarizə, azadlıq sözünə, biganəliyinə də baxın! Söz yazın, bala! Böyük söz yazın! Allahdan, şeytandan, qəbristandan, ölü ruhlarından… Rembodan, Kafkadan, siz dünyəvi təfəkkür sahiblərisiniz! Siz Vətən dərdinə sığmazsınız! Nə millət, nə dövlət, nə naftalin! Özünü yaz, elə yaz ki, özündən başqa kimsəyə gərək olmasın. Sabir də köhnəlib, Hadi də, Mirzə Cəlil də… «Sənət sənətkarın özüçündür!» Yazıq çırtdanlar. Əsl ədəbiyyat xəlbirdə su gətirməkmiş! Yazıq ipək qurdları, öz ifrazatına bürünüb ölənlər!
Nə ağır dərddir, ilahi! Vətəndaşın başdan-başa televizor tamaşaçısına çevrilməsi. Böyüdücü şüşələr, durbinlər. Gözlər ocaq çatana dikilib. Tüstüsü qara olar birdən!… Gözlər ev tikənə dikilib, kaş bir daşı sığalsız qoya. Banlamağa sözü ola xaraba bayquşlarının. Gözlər sevənə, işgörənə, yürüyənə, yaradana, vuruşana, udana-uduzana dikilib! Kimsə soruşmur: «Sən nə eləmisənə zizim!»
2000-ci ilin çayxanalarından 70-ci illərin, 1988, 1990, 1993-cü ilin Elçibəyini müzakirə və mühakimə eləməyə nə var ki! Amma bu mühakimə olunan tək bir Elçibəy deyil! Bu millətin azadlıq və müstəqillik ruhudur! Elçibəy də bu ruhu daşıyanlardan biri! Sən ondan küsərsən, inciyərsən, amma qopa bilməzsən! Bu ruh abidəsi dədənin-babanın, milyon-milyon vətəndaşının qanından və taleyindən qurulub.
Bu bir məsləkdir, zirvəyə yürüşdür! Cığırlarımız ayrı olsa da məqsədimiz, hədəfimiz birdir! Bacarırsan qoşul! Bacarmırsan hədyan demə!..
Elçibəyi xəstələndirən nankorların dərdidir! Su içdiyi quyuya tüpürənlərin, keçdiyi körpüləri uçuranların, gördüklərindən nəticə çıxarmayanların, ayaqqabı silgəci olmaqdan yorulmayanların, milli təfəkkürdən, insanlıq ləyaqətindən uzaq olanların dərdidir! Dünyalar «kəlləməyallaq» aşdı, dünən ayaqtutanlar Aya uçdu, Sən hardasan ay mənim xəstə millətim, qonşu çəpərində ölən, qeybətdən dili, oturmaqdan dalı, əyrilikdən əli yara olan millətim!
İnsan da ölü babalarının ruhu ilə mübarizə aparar görərsən! Sənin müstəqillik əlifbanı Məmməd Əmin Rəsulzadə yazıb! Hansı haqla şəkillərini götürürsən, büstlərini yıxırsan, nəslini dilənçi kökünə salırsan, ruhunu incidirsən, ay məmur alçaq!
Elçibəyin xəstəliyi Rəsulzadə xəstəliyidir. Ömrü qürbət yollarına səpələnmiş, Rusiya, Finlandiya, Polşa, Aomaniya, Türkiyə… Ölkədən-ölkəyə Vətən dərdi daşıyan «Azərbaycan» deməkdən dili qabar olmuş bir dahinin arzuları həyata keçəndən yurdu müstəqillik qazanandan sonra onun ideya təməlləri üstündə onu unutdurmağa çalışanları görəndə və bu boyda allahsızlığın qarşısnı ala bilməyəndə insan necə dözsün?! Elçibəyin xəstəliyi korazehinlərin, Qaraguruhun Məmməd Əminlə Nərimanovu üz-üzə qoyanların xəstəliydir. Fərqli yolların, fərqli insanların, fərqli sözlərin yanaşı yaşaya bilməsini qəbul etməyənlərin dərdidir! İnsanları irədasiz sürüyə çevirən kütləvi psixoz və şüursuzluq dövründə Vətən sevgisindən, haqdan və haqqa insamından başqa bir silahı olmayan insanların addım başı təqib olunmasından, gördükləri zülümlərdən başlanmışdı Elçibəyin xəstəliyi.
O millətin və silahdaşlarının iradəsi ilə qurulan müstəqil Vətən imarətini «mənimdir» deyə qamarlamadı, açarı verdi yaxa cıranlara, ara qarışdıranlara, «biz bütün sorunları həll edəcəyik» deyən iddəaçılara, öz vətəndaşlarımıza, öz qardaşlarımıza!…
Sən demə o qardaşlarımız da elə bunu gözləyirmiş «Özümə yer eylərəm, gör sənə mən neylərəm!»
Elçibəyin xəstəliyi inanmaq və aldadılmaq xəstəliyidir!
Allah, Allah, dünən «bəylər, biz də sisinləyik» deyib, salam verib, əl öpməyə tələsənlərin üzü necə döndü?!
Dədə Qorquddan bəri bu millətin kişiləri bir birinə «bəy» deyib, bəylikdən qürur duyub. Rus gəldi, Fars gəldi, «tovariş» yapdı, tovara tay, yola daş yapdı, ağa yapdı, nökər yapdı… Millət dözdü. Amma bizlər dikəlib ona bəy deyib, xatirəsini qurdalayanda dözə bilmədi! Rusa dözür, farsa dözür özümüzə yox!
O gün bir vəzifə sahibi xahiş elədi: «sən allah mənə «bəy» demə! Bəs nə deyim, ay qardaş, bəlkə nökər, bəlkə gəda?!». Sənə «bəy» deyəndə kiçilirsən bəyəm! Əgər sən bu millətdənsə bu millət yüz illər kişisinə «bəy» deyib, yox bu millətdən deyilsənsə, onda nə istəyirsən məndən?! Ərəbin cənabının türkün bəyindən nəyi artıqdır axı? Niyə özgə sözü, özgə ruhu, özgözə geyimi, özgə payı sənə bu qədər şirindir. Ya bizdən ol, ya özgədən! Amma bir yanlıq ol!
Elçibəyin xəstəliyi millətin özünü bəyənməməsinin xəstəliyidir!
Gör neçə ildir bu «bəy» sözü Azərbaycan ruhundan, türk qanından olmayanların lağ və müzakirə mövzusuna çevrilib. Nələr yazmırlar, ilahi! Görəsən insan olan da.öz bəy atalarının ruhuna bu qədər həqarət edər? Bir də görürsən salon dolub. Bir salon tutuquşu! Bir salon türklük düşməni! Evində ayrı dildə danışan, özünü məndən saymayanın biri durub Azərbaycançılıqdan dən vurur və mənə, dilmə ad axtarır. Hansı vətəndaşın əzabları dözər, millətə təhqir tamaşalarına?!
Əbülfəzi incitmək üçün başqa söz tapmayanlar Elçibəy sözünə ilişdilər. Sanki Elçibəy deməyib Əbülfəz Əliyev deməklə onu kiçildir, qisas alır, yara vururdular! Amma bu nadanlar qanmaq ismirdilər ki, əvvəla bu dünyanın hüquqları hər kəsə bir təxəllüs götürmək haqqı verib və bu haqqı kimsə məhdudlaşdıra bilməz; ikncisi bir müsətəmləkəçi, yağmaçı gəlib sənin torpağına, adına, şərəfinə təcavüz etmişdir. İki yüz ildən sonra nəhayyət millətin Milli Məclisi qərar verir səni bu şərəfsizlikdən xilas etmək üçün deyir «ata bilərsən. Ov, yevləri, bu tula xaltasını, bu özgə damğasını, qayıda bilərsən öz nəslinə, soyuna!» Yox! Olmaz! «Azərbaycan məmuru geri çəkilməz» it əl çəkər, motal əl çəkməz! Of, of, görəsən bəzi qülbeçə iqtidarpərəstlər Elçibəy əvəzinə Əliyev, Qəmbər vəzinə Qəmbərov yazanda necə məmnun və xoşbəxt olurlar. Ha fikirləşirəm bu xoşbətlik xəstəliyinin əsl adını tapa bilmirəm. Ya da demək istəmirəm…
Elçibəy manqurtların, burnundan o yananı görə bilməyənlərin, milli xəyanətlərin və xəyanətkarların xəstəsidir!
Parçalandığımız gündən bəri Azərbaycan məcnunları birlik deyir, bütövlük deyir, qardaş hey, Vətən hey deyir!.. Amma məmur qardaş düşməndən kiçik pay alınca hər şeyi unudur və çalışır ki, millət də hər şeyi unutsun: bölünməyini də, adını da, dilini də! .. Görəsən hansı xalqını məmur sürüsü bu qədər düşmən təssübkeşi ola, özünə bu qədər qənim kəsilə bilər!.. Görəsən hansı ölkədə vəzifə sahibləri öz milltinə zülm eləməkdən bu qədər zövq alır? Onu əzməkdən, kiçiltməkdən, qapısında süründürməkdən,yalana, hiyləyə öyrətməkdən, son tikəsini boğazından çıxartmaqdan bu qədər ləzzət çəkir? Görəsən hansı ölkədə dünyanın şahidi olduğu ən yeni tarix bu qədər saxtalaşdırıla bilər? Hansı ölkədə Vətən sevgisi cinayət sayılar, yurd üçün vuruşanlar düşmən elan edilə bilər və millətin gözünə bu qədər kül üfürülə bilər? Hansı ölkədə şəril meydanı bu qədər genişdir? Hansı xalqın böyükləri, qabağda gedənləri yurdun müdafiyəsinin düşmənə təhvil verilmiş qalaları unudub özünə qalaçalaq tikməklə məşğul olar?
Dünən Dərbəndi unutdun, bu gün Göyçəni, Zəngəzuru, bütün Qərbi Azərbaycan torpaqlarını unudursan, sabah da Qarabağı və bütün Cənubi Azərbaycanı, Kərkükü unudacaqsan! Yazıq Elçibəy bu unutqanlığı görüb axı! buna görədə bütöv Azərbaycan deyib haray çəkir! Qoşun yığıb müharibəyə getmir, bəylər! Yaddaşınızı diri saxlamağa çalışır! Tanrım, vicdanı olan da öz Vətəninin bütövlük söhbətini, nə şəkildə aparılmasından asılı olmayaraq, lağa qoyar?!
Elçibəy bu vəhşi xislətlilərin xəstəsidir?..
Bir insan öz torpağında rahat, üzüağ, hər cür xırda söz-söhbətlərdən ucada yaşamaq üçün daha nə etməliydi görəsən!
Səhv?! Bəli olub! Təcrübəsizlik? O da olub! Kimin səhfi olmayıb? Bu tarix, bu da tarixin daş tərəzisi! O səhvləri məndə görüb demişəm, amma xeyirxahlıqla!.. Biz Elçibəyə siyasətçi etalonu kimi baxmamışıq, belə etalon yoxdur. Amma kimsə onun vətəndaşlıq mövqeyinə şübhə edə bilməz.
Görkəmli rus şairi Yevgeni Yevtuşenkonun, mürəkkəb, tərcüməyə çətin gələn «Balinə qəbristanı» şeri var. Çətinlik çəkmədən tərcümə elədim. Çünki bu həmdə bizim dərdlərimizin şeri idi:
Nəhəngəri ovlamağa
hamımızda bir həvəs var,
Ağılsızdı – nəhəng olan
xırdalardı – ağıllılar.
Çömçə quyruq vermeşiltək
bürüyübdü hər tərəfi
Bu köməksiz, yazıq nəhəng
iştah açan ov hədəfi
«Durbinləri» alın ələ,
tez tuşlayın itməsin an
Böyrünə nizə sancılmış
Talstoy da qaçır ondan.
…Eh, eskimos, – qozbel yazıq
ağların öz qanunu var
Nizələyib sonra ancaq
qəbri üstə ağlayarlar.
Elçibəydən uzaq! Amma hər halda onun da ağrısı dost-düşmən əliylə bədəninə sancılan əyri uclu, qırmaq nizələrin ağrısıdır. Onu da balina kimi dedi-qodu, xırda mübarizə və mübahisələr darazlığına qovub nizələyirlər. Biz böyüklərin qənimiyik! Qeyri-adiləri bəstləşdirməkdən, balinaları deşik-deşik etməkdən, dəvələri eşşəklərin quyruğuna bağlamaqdan zövq alırıq. Yıpranmış, kifli təfəkkür sahibləri ağılı dəliləri, məcnun qurbanlığını, Fərhad şəhidliyini, Kefli İsgəndəri, axına qarşı üzənləri anlamazlar. Habuki bu adamlar tarixin təkərləridir.
Vətən sevgisi mif qəhrəmanı Sizifin sonu görünməyə əzabı kimi bir işdir. Bu yolu hər kəs özü seçir. Öz ağır yükünü min bir əzabla zirvəyə qaldırır. O yük Sizifin qaya parçası kimi əldən çıxıb dibsiz dərəyə yuvarlansa da amma biz onu təzədən qarış-qarış zirvəyə doğru qaldırırıq.
O yük zirvəyə qalxacaq! Bu Vətən binası tikiləcək! Sabirlərin, Mirzə Cəlillərin göz yaşı, Şəhidlərin qanı batmayacaq.
Azərbaycan durduqca Rəzulzadə də onun davamçılaprı da Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda mücadilə vermiş hər bir insanın şərəfli adıda duracaq. O boyda həqiqəti görə bilməyənlərin korluğudu Elçibəyin xəstəliyi. Allah ona yar olsun! Onu xalqına olan sevgisinə bağışlasın!
Sabir Rüstəmxanlı
VHP sədri, millət vəkili

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …