“Həmin tövsiyəyə əməl olunmasının real nəticəsini bu gün hiss edirik”
İsmayıl Ağayev: “Biz haqlı olduğumuz üçün yalnız obyektivliyin işıqlandırılmasını istəyirik”
Son vaxtlar ABŞ mətbuatında Ermənistan əleyhinə yazılan və özündə obyektivliyi əks etdirən məqalələrin sayı çoxalıb. Mayın 18-i ABŞ-ın “Richmond Times-Dispatch” qəzetində Laçın rayonunun işğal olunmasının 25 ilinin tamam olması ilə bağlı dərc olunan məqalədə bildirilir ki, İŞİD terrorçuluğu Yaxın Şərqi əhatə etdiyi bir vaxtda Ermənistanın ABŞ-ın müttəfiqi Azərbaycana qarşı təcavüzü dünya ictimaiyyəti tərəfindən diqqətə alınmır.
Qeyd olunur ki, Laçının işğalından sonra Ermənistan Azərbaycanın daha bir neçə rayonunu işğal edib və nəticədə 750 mindən çox azərbaycanlı yaşayış yerlərindən məcburi köçürülüb: “1994-cü ilin may ayında atəşkəs sazişindən sonra ermənilər qanunsuz köçürmə proqramını işə salıb”. Məqalədə qeyd olunur ki, demoqrafik vəziyyətin dəyişdirilməsi üçün Ermənistandan və xaricdən Laçın rayonuna ermənilər köçürülüb.
Müəllif vurğulayır ki, ədalət naminə ABŞ Ermənistana təzyiq göstərməlidir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunsun, Azərbaycanda qanunsuz yerləşən Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılsın və Ermənistanın Azərbaycana qarşı təcavüzü mühakimə olunsun.
ABŞ mətbuatında belə obyektiv məqalələrin dərci və Ermənistana işğaldan əl çəkməsi üçün təzyiqin göstərilməsi nəyin əlaməti sayıla bilər?
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə bildirdi ki, bu, Azərbaycanın apardığı məqsədyönlü siyasətin göstəricisidir: “Tam məsuliyyətilə deyə bilərəm ki, belə məqalələrin dərci dünyanın bütün ölkələrində intensiv xarakter almağa başlayıb. Artıq dünya ictimaiyyəti erməni təbliğatının təsirindən çıxır. Bu asan başa gəlməyib. Azərbaycanın rəsmi qurumları ilə yanaşı, mətbuatının, QHT-lərinin də bu vəziyyətin alınmasında böyük əməyi var. KİV-də dərc edilən hansısa məqaləyə biz adi bir hal kimi yanaşmamalıyıq. Çünki ictimai rəyi məhz bu KİV-lər kökləyir. Təsəvvür edin ki, 10-15 il bundan əvvəl ABŞ mətbuatında belə məzmunlu məqalənin dərci yalnız xəyal edilə bilərdi. Bizim diaspor təşkilatlarımız da bu istiqamətdə çox vacib işlərə imza atır. Müxtəlif ölkələrdə əldə olunan irəliləyişləri biz aydın şəkildə görürük. Hesab edirəm ki, həqiqəti özündə əks etdirəm məqalələrin dərci bizim xarici ölkələrdə təbliğat işindəki uğurumuzla bağlıdır. Hələ bir neçə il əvvəl cənab Prezident diplomatlarla görüşündə dedi ki, Dağlıq Qarabağla bağlı gedən informasiya savaşında biz müdafiə deyil, hücum taktikasından istifadə etməliyik. Həmin tövsiyəyə əməl olunmasının real nəticəsini bu gün hiss edirik. Biz haqlı olduğumuz üçün yalnız obyektivliyin işıqlandırılmasını istəyirik. Vicdanlı KİV-lər isə bunu işıqlandırmaqla jurnalist peşəsinə hörmət etmiş olurlar”.
Məhəmmədəli QƏRİBLİ