Bu gün Azərbaycan mətbuatı Serbiyadan sonra İordaniyanın da Ermənistanla hərbi texniki əməkdaşlığını artırmasına dair məlumat yayıb. Buna əsas sübut kimi isə RPG-32 qumbaratanlarının Əmman tərəfindən İrəvana ixrac edilməsini göstərib.
Əslində, Ermənistanla İordaniyanı bir-birinə bağlayan bir çox faktorlar var. İordaniya Fələstin məsələsində əsas oyunçulardan və söz sahiblərindən biri sayılır. Digər tərəfdən məhz bu ərazidə, daha dəqiq desək, Qüdsdə kifayət qədər erməni var və onlar bir çox hallarda İsrail yerinə ərəb ölkələri, o cümlədən İordaniya, Suriya, bəzi hallarda isə Livan və Livan Hizbullahı ilə əlaqələrə üstünlük verirlər. Ona görə də bu kontekstdən baxdıqda İordaniya ilə Ermənistan arasında əlaqələrə (təbii ki hərbi əlaqələr istisna olmaq şərtiylə) normal yanaşıla bilər.
Amma bu əlaqələr Azərbaycanın ərazisini işğalda saxlayan ölkəyə hərbi dəstək müstəvisinə keçəndə artıq normal deyil və beynəlxalq qanunlara ziddir.
Məsələnin ən pis tərəfi odur ki, İordaniya ilə Ermənistan arasında hərbi əməkdaşlıq təkcə “RPG-32” ilə kifayətlənmir. Belə ki, Ermənistan 2020-ci ilin təxmin aprel-may aylarında İordaniyadan OSA-AK zenit raket komplekslərini alıb. Tərəflər arasında müqavilənin imzalanmasında yenə məşhur erməni qaçaqmalçısı David Qalstyan iştirak edib. Müqavilə şəxsən Nikol Paşinyanın razılığı əsasında imzalanıb.
Müqaviləyə əsasən, İordaniya 27 milyon dollar qarşılığında İrəvana 35 OSA-AK sistemləri satıb. Satılan sistemlərin modernizə edilmiş versiya olduğu iddia edilsə də, bu, inandırıcı deyil. Çünki İordaniyada bu sistemləri modernizə edəcək texnika və imkan yoxdur.
Digər tərəfdən Ermənistana satılan sistemlər İordaniya silahlanmasından çıxarılmış sistemlərdir, yəni artıq yararsızdır. Belə ki, adıçəkilən silahlar 1981-ci ildə SSRİ tərəfindən Əmmana verilib və İordaniya üçün bu silahların ödənişini İraqın keçmiş prezidenti Səddam Hüseyn həyata keçirib. Məhz Səddam Hüseynin vəsaiti sayəsində İordaniya 60 belə texnika ala bilib.
2017-ci ilin sentyabrında Əmman silahlanmasındakı 60 OSA-AK-dan 52-sini satışa çıxarıb. Bu sistemləri satışa çıxarmaqla İordaniya ABŞ-ın verdiyi hərbi yardımla OSA-AK-ları əvəz edəcək texnika almalıydı.
Maraqlı məqam odur ki, bu silahlar əslində Ermənistan üçün də o qədər yad bir şey deyil. Onsuz da indiyə qədər eyni parametrlərə uyğun olan OSA-AK-lar Ermənistan ordusunun arsenalında olub. Hətta bu sistemləri Ermənistan Müdafiə Nazirliyi zamanında Belarusda modernizə etməyə çalışsa da, sonda bu fikrindən daşınıb. Buna səbəb kimi Belarusun modernizə üçün yüksək məbləğ istəməsi göstərilib.
Bununla belə Ermənistan modernizə edilmiş OSA-AK yalanını Tovuz təxribatı zamanı geniş şəkildə təbliğ edib. Məhz Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan keçirdiyi mətbuat konfranslarında dəfələrlə guya erməni ordusunun Azərbaycan PUA-larını bu sistemlərlə vurduğunu bəyan edib. Üstəlik, Ovannisyan bu sistemlərin erməni mütəxəssislər tərəfindən modernizə edildiyini də iddia edib. Halbuki, bütün postsovet məkanı Ermənistanın OSA-AK-ları modernizə etmək üçün heç bir imkana sahib olmaması haqqında məlumata sahibdir.
İstismar dövrü baş çatmış OSA-AK-ların alınması Paşinyan üçün də sərfəli olub. Belə ki, Paşinyan bu müqavilə sayəsində dövlət büdcəsindən vəsait silə bilib. Bununla bağlı isə ən böyük iddianı Ermənistanın eks-prezidenti Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan səsləndirib. Minasyan əslində alınan OSA-AK-lar üçün İrəvanın 27 milyon dollar yerinə bundan iki dəfə az vəsait ödədiyini bildirib.
Görünən odur ki, Paşinyan ordunun yüksək keyfiyyətli silahlarla təchiz edilməsi dedikdə məhz İordaniyadan aldığı istismar dövrünü bitirmiş silahları nəzərdə tutub. Nəticədə milyonlarla dollar əldə edən Nikol bununla İordaniyanı da dəmir tullantısından xilas edə bilib.