Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Bakıdan Türkiyə ismarışı – “Təcili vasitəçiliyə gətirilsin!..”

Hərbi manevrlərə davam edən Azərbaycandan dünyaya daha bir sülh mesajı; XİN: “İndiki vəziyyət səngər müharibəsini, 2-ci Dünya müharibəsini xatırladır…”

Azərbaycan Silahlı Qüvvələrinin növbəti genişmiqyaslı hərbi təlimləri davam edir. Bu da təbiidir, çünki ərazisinin 20%-i on illərdir işğal altında olan, sülh danışıqlarından faktiki, əlini üzmüş bir ölkənin öz hərbi və döyüş qüdrətini artırmağa tam haqqı çatır. Azərbaycanın üzv olduğu BMT-nin Nizamnaməsi, habelə Dağlıq Qarabağa dair BMT TŞ-nin qətnamələri, AŞ PA, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatının müvafiq sənədləri ölkəmizə öz ərazi bütövlüyünü istənilən yolla bərpa eləmək hüququ tanıyır.

Bu sənədləri hələ heç kim ləğv eləməyib. Lakin Azərbaycan işğalçı tərəfə, həmçinin illərdir problemin həllinə hər hansı töhfə verməyən vasitəçi dövlətlərə məsələni zor gücünə həll etməyə hazır olması haqda mesajlarla yanaşı, dünyaya vaxtaşırı sülh mesajları da verir. Çünki böyük müharibə ən əvvəl böyük canlı itkilər, böyük dağıntılar deməkdir – ən əvvəl də işğalçı tərəf üçün.

Dünən Bakıda Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilmiş “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda beynəlxalq ictimai forumda səslənən fikirlər bir daha Bakının bu xoşməramlı mövqeyini təsdiqlədi. Sülhpərvər ölkə kimi Azərbaycanın müharibədən daha çox, dinc həldə – ədalətli və daimi sülhdə, regional inteqrasiya və qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirdi. Bir şərtlə ki, nəhayət, Dağlıq Qarabağ ixtilafının çözümündə irəliləyiş olsun, Ermənistan öz qonşularına qarşı əsasız torpaq iddialarından əl çəksin və işğal elədiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilsin.

 

***

“Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığı var, bunun da kökündə Dağlıq Qarabağ münaqişəsi durur”.

Bu sözləri forumda “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib (APA). Hikmət Hacıyev bildirib ki, atəşkəs münaqişənin sülh yolu ilə həllinə zəmin yaratmalı idi.

Image result for Hikmət Hacıyev

“Ancaq Ermənistan atəşkəsdən süni amil kimi istifadə edir. Yaranmış vəziyyət səngər müharibəsini, 2-ci Dünya müharibəsini xatırladır. Ermənistanın strategiyası 25 ildə dəyişməyib, torpaqlarımızı işğalda saxlamağa çalışır. Çalışır ki, tərəflərin danışıqları yalnız protokol xarakteri daşısın. Azərbaycan substansiv, mahiyyətli danışıqlar aparılmasına çalışır. Son Sankt-Preterburq görüşündə də prezidentlər arasında substansiv danışıqlar aparıldı. İlk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır” – XİN sözçüsü deyib.

XİN mətbuat katibi bildirib ki, status-kvo ilk növbədə hərbi işğal faktına əsaslanır. “Minsk Qrupunun həmsədrləri regiona yenə də səfər etdi. Ancaq onların regiona səfərlərinə Azərbaycanda ictimai etiraz var, onlar bundan nəticə çıxarmalıdırlar. Onların bəyanatında tərəflər substansiv danışıqlara və siyasi iradəyə çağırıldı. Ermənistan tərəfi bunu nəzərə almalıdır. Ermənistan rəsmilərinin son bəyanatları da göstərir ki, Ermənistan konstruktiv mövqe tutmur. ABŞ Dövlət Departamenti də tərəfli substantiv danışıqlara çağırdı. Helsinki Yekun Aktında tərəflərin güc tətbiq etməməsi, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etməsi əksini tapıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə olması güc təhdiddir. Azərbaycan icması Dağlıq Qarabağa geri qayıtmalıdır. Dağlıq Qarabağın statusu Azərbaycan icmasının geri qayıtmasından sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ermənistan bunu başa düşməlidir. Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq”.

“Yeni Müsavat” xəbər verir ki, XİN sözçüsü hələ də beynəlxalq birliyin Ermənistana qarşı sülhə məcburetmə üçün gərəkən addımlar atılmamasını təəssüflə qeyd edərək deyib: “Ermənistan nəinki qeyri-konstruktiv mövqe tutur, həmçinin imperativ xarakter daşıyan BMT qətnamələrini açıq şəkildə sabotaj edir. İrəvanin öz müqəddəratını təyinetmə haqda bəyanatları isə Azərbaycana qarşı işğalçılığa haqq qazandırmaq üçün uğursuz cəhdlərdən başqa bir şey deyil. Helsinki Yekun Haqqı öz müqəddəratını təyinetmə haqqına hörmətlə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə, o sırada dövlətlərin ərazi bütövlüyünə hörmət tələb edir. Bundan əlavə, Helsinki Yekun Aktında dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zorla dəyişdirilməsinin yolverilməzliyi qeyd olunub”.

***

Image result for Elman Nəsirov

Forumda bəzi digər maraqlı fikirlər də səslənib. Musvat.com-un verdiyi xəbərə görə, o sırada politoloq Elman Nəsirovbildirib ki, konfliktin ədalətli həllinə nail olmaq üçün Türkiyə və İran da nizamlama prosesinə cəlb edilməlidir. “Dağlıq Qarabağ münaqişəsi dünyanın ən qəliz problemlərindən biridir, ona görə ki, o lokal, regional konfliktdir. Konfliktin nizamlanması o vaxt mümkün olacaq ki, Rusiya, Türkiyə, İran, ABŞ və Avropa Birliyinin maraqları üst-üstə düşəcək. Bu, mümkünmü? Problemin həlli ilə Minsk Qrupu məşğul olur – amma uğursuz şəkildə. Ancaq burada çox maraqlı bir detal var: Minsk Qrupunun 4 üzvü – ABŞ, Rusiya, Fransa və Ermənistan xristian ölkələri, işğaldan əziyyət çəkən Azərbaycan əhalisinin əksəriyyəti isə İslama sitayiş edən ölkədir. Bu üzdən münaqişənin nizamlanması üçün müsəlman dövlətlərini, o cümlədən Türkiyə və İranı da cəlb eləmək lazımdır. Bax, o zaman dinlər arasında, konfliktə iki baxış arasında dialoq qurula bilərdi”.

*** 

Qardaş Türkiyənin vasitəçiliyə gətirilməsi məsələsi əslində təzə söhbət deyil. Vaxtilə – Minsk Qrupundan öncə Qarabağla bağlı Türkiyə-Rusiya-ABŞ “üçlü” formatı mövcud olub və kifayət qədər uğurlu fəaliyyət göstərib. Təəssüf ki, sonralar Türkiyəni qatı ermənipərəst Fransa əvəzlədi. Bununla da vasitəçilik bütünlüklə xristian dövlətlərinin nəzarətinə keçdi.

Bu da nəticə: postsovet məkanında heç bir etnik-ərazi konfliktinin həlli üçün öz müqəddəratını təyinetmə hüquq istəməyən vasitəçi dövlətlər, Ermənistanın Azərbaycana qarşı açıq-aşkar əsassız və qanunsuz torpaq iddialarından doğan Qarabağ məsələsinə gələndə erməni separatçıları üçün bu hüququ tanımağı bizə məsləhət görürlər. Bu isə bölgənin Azərbaycandan de-yure də qopardılması demək olardı.

Sözsüz ki, Azərbaycan heç vaxt buna razı olmayacaq. Bu və digər səbəblərdən, yəni problemin ədalətli həlli üçün pariteti bərpa eləmək naminə Türkiyənin təcili vasitəçiliyə gətirilməsinə doğrudan da indi vaxt olmadığı qədər ehtiyac var.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir