Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qəvvam əs-Səltənin Moskva görüşləri və ya Cənubi Azərbaycanın taleyinin həll edildiyi günlər

7NEWS.az Adıgözəl Məmmədovun müəllifi olduğu M.C.Bağırov-Siyasi Portret”kitabındakı Cənubi Azərbaycanın taleyinin necə həll edildiyindən bəhs edən bölmənin bir hissəni oxucuları ilə bölüşür (müəllifin razılığı ilə ).

1946-cı il Yanvarın sonunda Londonda BMT-nin növbəti sessiyası işə baş­­­layır. Baş nazir Həkimi İran məclisinin nümayəndəsi S.Tağı­za­də­yə Sovet İttifaqının İranın daxili işlərinə müdaxilə etməsi məsə­lə­sini sessiyada qaldırmağı tapşırır. Beləliklə, yanvarın 19-da S.Z.Tağızadə BMT-nin komissiyasına məktubla müraciət edir. Mək­tub­da Sovet İttifaqı İranın daxili işlərinə qarışmaqda ittiham olunur. O zamanlar BMT-nin Təhlükəsizlik Şurası hələ tam forma­laş­mamışdı. Amma BMT Nizamnaməsinin 35-ci maddəsinin 1-ci bən­dinə əsasən, İranın bu müraciəti etmək hüququ var idi. İranın baş naziri Həkimi başa düşürdü ki, bu müraciət Sovet rəhbərliyini əsəbi­ləşdirəcək və müraciət BMT-nin müza­kirəsinə çıxmasa, Hə­ki­mi SSRİ ilə münasibətləri yaxşılaşdırmaq üçün öz istefası haq­qın­da bəyanat verəcək.

Yanvarın 26-da İran Məclisində onun istefası qəbul olunur. Yan­varın 27-də hökumətə rəhbərlik Qəvamüs-səltənəyə tapşırılır. İran məclisinin nümayəndəsi S.Tağızadənin müraciətindən sonra So­vet nümayəndə heyətinin rəhbəri A.Vışinskiy cavab məktubu ilə Təhlükəsizlik Şurasının nümayəndəsi Norian Meykinə müraciət edir. O, bu məktubda İranın iddialarının tam əsassız olduğunu gös­tə­rir.

Yanvarın 24-də Azərbaycan Milli hökumətinin başçısı S.C.Pişəvəri də BMT-nin Rəyasət Heyətinə müraciət edir. Bu mü­ra­ciətdə o, Azərbaycan xalqının “Atlantika Xartiyasına” əsasən öz müqəd­dəratını təyinetmə iradəsini ifadə edir.

Təhlükəsizlik Şurası yanvarın 28-30-da SSRİ və İranın müra­ciət­lərini müzakirə edərək, bu iki ölkənin nümayəndələrinə öz ara­la­rında danışmağı təklif edir. Təhlükəsizlik Şurası müqavilənin mətni ilə tanış olmaq hüququnu özündə saxlayır.

Əslində üç müttəfiq dövlətin İranla imzaladığı müqaviləyə əsasən xarici ordular 2 mart 1946-cı ilədək, yəni müharibə bitdikdən sonra altı aydan geç olmayaraq bu ölkənin ərazisini tərk etməli idilər. İki Qərb ölkəsinin qoşunları vaxtında çıxarıldı. Ancaq Qırmızı Ordu hələ də İranda qalmaqda idi.

Etiraf etmək lazımdır ki, 1946-cı ildə sovet qoşunlarının yerləşdiyi İran Azərbaycanında Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə milli muxtariyyətin əldə olunması və Azərbaycan Demokrat Partiyasının yaradılması uğrunda silahlı mübarizəyə başlanıldı. Sovet qoşunlarının gizlədilməyən dəstəyi şəraitində əyalətdə şah rejimi devrildi və Azərbaycan Demokrat Partiyası elan olundu. Torpaq mülkədarlardan alınaraq kəndlilərə verildi. İran məktəbləri bağlanır, bunların yerinə Azərbaycan məktəbləri açılırdı. Radio verilişlərinin yalnız Azərbaycan dilində aparılmasına başlandı. Demokrat partiyasının rəhbərləri nazir və millət vəkilləri kimi yüksək vəzifələr tutdular. Bir sözlə, siyasi çevriliş baş verdi.

Azərbaycan muxtariyyətini dəstəkləmələri nəzərə alınarsa, bəlli olar ki, Sovet İttifaqının rəhbərləri – İ.V. Stalin, L.P. Beriya və Azərbaycan SSR-in o zamankı birinci katibi M.C.Bağırov məqsədi Cənubi Azərbaycanının İrandan qoparılması üçün siyasi aksiya hazırlayırdılar.

“Tudə” İran Xalq Partiyasının hədəfi İran Azərbaycanının muxtariyyəti proqramı idi. İranda müxtəlif dairələr bu hərəkətləri ölkənin parçalanmasına aparan addım kimi qiymətləndirirdilər. Tehranda İran Azərbaycanı probleminin Məclisdə iki həftəlik çox çətin şəraitdə keçən müzakirələrindən sonra yeni hökumət təşkil olundu. Ona sovet yetkililərinin açıq şəkildə dəstəklədikləri təcrübəli siyasətçi Qəvvam əs-Səltənə başçılıq etdi.

Fevralın 18-də Məclisdə hökumət proqramı ilə çıxış edərkən Qəvvam bildirdi ki, o, Stalindən isti təbrik teleqramı alıb və cavab olaraq Moskvaya bildirib ki, İran nümayəndə heyətinin başında SSRİ ilə danışıqlara başlamağı arzulayır. Moskvanın razılığı elə həmin gün alındı. Qeyd etmək lazımdır ki, İranın əvvəlki baş naziri Hakimi dəfələrlə Moskvaya səfər etmək istəyini bəyan etsə də onu dəvət eləməmişdilər.

Məclis Qəvvamın niyyətlərini bəyəndi və ümid etdiyini bildirdi ki, həmin danışıqların nəticəsində Sovet qoşunları İran ərazisini tərk edəcək. Təcili olaraq üç nəfər Məclis üzvü, ticarət palatasının rəhbəri, dörd jurnalist, İranın SSRİ-dəki rus dilini yaxşı bilən keçmiş səfiri Həmid Səyyah və bir XİN nümayəndəsinin də daxil olduğu on bir nəfərlik nümayəndə heyəti təşkil edildi.

19 fevral 1946 – cı ildə Qəvvam bu rəngarəng nümayəndə heyətinin başında Moskvaya yollandı.

Moskvaya səfəri ərəfəsində Qəvvam nümayişkaranə surətdə mühüm siyasi addım atdı: solçu qəzetlər və solçu siyasi təşkilatlarla bağlı mövcud olan əvvəlki qadağanı aradan qaldırdı. Xalq Partiyasının orqanı olan “Rəhbər” qəzetinin, eləcə də həmkarlar ittifaqları mərkəzi komitəsinin orqanları “Zəfər” və “Dad”ın fəaliyyəti bərpa olundu. Bilavasitə onun göstərişi ilə əvvəlki hökumətin qapatdığı İran Xalq Partiyası və Həmkarlar İttifaqları Mərkəzi Komitəsinin klubları yenidən açıldı. Moskvaya səfərə gedirkən Qəvvam öz kabinetinə tapşırdı ki, o qayıdana qədər Məclisin müzakirəsinə heç bir məsələ çıxarmasın.

Moskvada Qəvvam Sovet qoşunlarının İrandan martın 2-dək, yəni Sovet İttifaqının beynəlxalq öhdəliklərə əməl edərək yerinə yetirməli olduğu tarixədək çıxarılması məsələsini qaldırdı.

Ancaq bu günə qədər bəziləri belə hesab edirdi ki, 1946- cı ilin fevralında Moskvada Stalinlə görüşə gələn İranın yeni baş naziri Qəvam-əs Səltənə danışıqlar zamanı Stalini aldatmışdı. Amma hadisələr və həqiqətlər tam başqa çür inkişaf etmişdi. Bu birincisi tam yalandır, ikincisi , bu görüşdən sonra İran nümayəndə heyyəti (İran nümayəndə heyyətinə daxil idi : D.Əmiri, Q.Səyyah, R.Şapaq, A.Nişapur, H.Pirvəzər, S.Əradi, D. Dörri, A Ətasami)bir – neçə həftə Moskvada müzakirə predmeti olan məsələnin bütün incə detallarına qədər fikir mübadiləsi aparmış və hətta heç bir razılıq əldə olunmamuşdı. Qəvvam – əs Səltənənin Kremldə Stalinlə danışıqları 1946-cı il Fefralın 21-də bitmir, onunla yenidən martın 4-də çox qısa(15 dəqiqə) bir görüşü olur.6 mart 20.30 da isə Stalin Kremldə M.C.Bağırovu qəbul edir.

Fefralın 21-də olan görüşdə Stalin Sovet qoşunlarının İranda olmasına 1921-ci il müqaviləsi ilə haqq qazandırdı. Qəvvam cavab verdi ki, müqavilə tamamilə başqa məna daşıyır. O, Sovet İttifaqının Azərbaycan məsələsinə verdiyi mənəvi dəstəyə toxundu. Stalin Qəvvama dedi ki, söhbət milli məsələlərdən getdiyi üçün SSRİ-nin qarışmaq haqqı yoxdur və heç nə edə bilməz. Ərazi iddiaları ilə bağlı isə Stalin dedi ki, Azərbaycan məsələsi – İranın daxili işidir. İranda boş yerə narahat olurlar, çünki azərbaycanlılar suverenlik yox, muxtariyyət tələb edirlər.

Qəvvam cavab verdi ki, İran konstitusiyası muxtariyyətin tətbiqinə imkan vermir: əgər Azərbaycana güzəştə gedilsə, digər əyalətlər də muxtariyyət tələb edəcəklər.

Stalin qeyd etdi ki, SSRİ-nin sovet qoşunlarının İranda qalmasını tələb edən başqa maraqları var.

Bir gün sonra Molotovla görüş zamanı “başqa maraqlar” artıq Böyük Britaniyanın İranın cənub rayonlarındakı neftli ərazilərin işlənilməsi sahəsində malik olduğu güzəştlər kimi, Sovet İttifaqına da İranın şimalındakı neft yataqlarının işlənilməsində güzəştlər təqdim edilməsi arzusu şəklində ortaya çıxdı.

Qəvvam cavab verdi ki, ölkədə xarici qoşunlar qaldığı müddətcə Məclis neftlə bağlı danışıqların aparılmasını yasaqlayır. Amma parlamentin səlahiyyət müddəti bir neçə gündən sonra bitir. Hazırda yeni parlamentə seçkilərin keçirilməsi üçün əlverişli şərait yaranıb. Beləliklə, ehtimal olunurdu ki, neft güzəştləri məsələsi hələ qapadılmayıb.

Molotov təkrar etdi ki, “qoşunlar hələlik İrandan çıxarılmayacaq”.

Qəvvam Stalinlə söhbətə qayıdaraq xatırlatdı ki, Stalin 1921-ci il müqaviləsinin altıncı bəndinə istinad elədi, lakin həmin bənddə İran tərəfindən deyil, üçüncü dövlət tərəfindən təhdiddən söhbət açılır. Onun ölkəsi Sovet İttifaqını təhdid etmir və edə də bilməz. Qəvvam qoşunların çıxarılmasını təklif elədi və “əgər Sovet İttifaqı üçün hansısa təhlükə yaranarsa”, onda sovet qoşunları yenidən İrana yeridilə bilər.1

Hazırda, Qəvvam əs-Səltənənin Stalin və Molotovla söhbətlərinə dair arxivlərin açılmasından sonra məlum olub ki, onların arasında həssas bir məsələ – İranda monarxiyanın ləğvi də müzakirə olunub. Özü də bu zaman Qəvvamın başçılıq etdiyi nəzərdə tutulan respublika rejiminə Sovet İttifaqı tərəfindən mümkün dəstəkdən də danışılırdı. Stalin yeni İran hakimiyyətinə üstünlük verir və bunu özünün danışıqlardakı tərəfdaşına açıq şəkildə bəyan edirdi. Amma Qəvvam sövdələşməyə getmədi və sovet qoşunlarının İrandan mümkün qədər tez çıxarılması zərurətinin olmasında israr elədi.

Molotov Stalin üçün özünün Qəvvamla görüşləri haqqında böyük bir hesabat hazırladı və burada göstərdi ki, Qəvvam əvvəl Stalinlə etdiyi söhbətdə toxunulmuş İranda monarxiyanın dəyişdirilməsi ideyasından imtina elədi. Bu hesabatla tanış olduqda Stalin dərkənar yerinə hesabatın küncündə bircə kəlmə yazdı – “Əclaf” və bu, generalissimusun ümidlərini doğrulmamış İran baş nazirindən yana yaşadığı xəyal qırıqlığının dəqiq göstəricisi idi.

Bu zaman məlum oldu ki, Stalinin göstərişi ilə İran nümayəndə heyətinin Moskvadan çıxmasına imkan verilmir – sovet məmurları iddia edirdilər ki, nümayəndə heyəti pis hava səbəbindən uça bilməz. Faktiki olaraq heyət “xalqlar atası”nın girovuna çevrildi. Aydın deyildi ki, hansı məqsədlə səfəri üç həftəyədək uzatdılar. Qəvvamın sovet qoşunlarının 2 martadək İrandan çıxarılması cəhdi uğurla nəticələnmədi. Martın 2-də o hələ də Moskvada, sovet qoşunları isə – İranda idi.Elə bu vaxtı, Bakıdan İran limanı Bəndərşaha doğru hərbi gəminin yola düşməsi haqqında məlumatlar alındı.

Martın 5-də Qəvvam Molotova bu barədə nota verdi, sovet qoşunlarının İranın şimalında – Gilanda fəallaşmasından narahatlıq ifadə edildi. Elə həmin gün İranın Vaşinqtondakı səfiri Hüseyn Əla Qəvvama məlumat verərək ABŞ rəhbərliyinin sovet qoşunlarının İrandan çıxarılması məsələsində onların mövqeyini dəstəklədiyini bildirdi.

Moskva danışıqları ümumilikdə uğursuz keçdi: heç bir məsələ üzrə razılıq əldə olunmadı. Qəvvam əs-Səltənə, Sovet İttifaqının müəyyən dəstəyi ilə seçilmiş İranın yeni baş naziri kimi əliboş qayıtmağa məcbur oldu.

Ancaq dönüşdən əvvəlki sonuncu gündə ümid qığılcımı parladı – və Qəvvamı şəxsən Stalin ümidləndirdi. Həmin gün İran nümayəndə heyətinin şərəfinə vida ziyafəti verildi ki, burada Stalinin özü, Molotov, Mikoyan və digər sovet rəhbərləri iştirak edirdilər. Bu qəbulda Qəvvam, Stalinlə şəxsi söhbəti vaxtı ona Molotovla danışıqlarının nəticə vermədiyindən təəssüfləndiyini bildirdi. Stalin gülümsəyərək cavab verdi: “İndi sən mənim vəziyyətimi yaxşı anlayırsan. Məni çox sərt insan hesab edirlər, amma Molotov bizim qrupda ən sərt adamdır. Əlbəttə, mən sizin aranızda vasitəçi olmağa çalışacağam. Əminəm ki, yeni səfirim Tehrana gələndə Sizə bir neçə şad xəbər də gətirəcək”.

Ertəsi gün Qəvvam aparılmış danışıqlara dair sovet-İran kommunikesini imzaladı.

Buna qədər, 2 mart 1946-cı ildə beynəlxalq münasibətlər tarixində mühüm olan hadisə baş verdi. Sovet İttifaqının beynəlxalq təəhhüdlərə uyğun olaraq öz silahlı qüvvələrini İrandan çıxarmalı olduğu gündə SİTA bəyan elədi ki, SSRİ qoşunları yalnız İranın şimal-şərq əyalətlərindən – Məşhəd, Şahrud və Semnandan çıxarılacaq, digər rayonlarda isə qoşunlar “vəziyyət tam aydınlaşana qədər” qalacaq. Bu bəyanat dünyada mənfi reaksiya doğurdu, ABŞ dövlət katibi prezident Trumenin tapşırığı ilə SSRİ-yə müvafiq nota göndərdi.

Böyük Britaniyanın eks-baş naziri U.Çörçill 5 martda, səbəblərindən birinin İran Azərbaycanında cərəyan edən hadisələrin olduğu nitqlə çıxış etdi. Bir çoxları həmin çıxışı “soyuq müharibə”nin başlanğıcı hesab edirlər. O, kommunist ekspansiyasına qarşı anqlosaks ittifaqını, yəni ilk növbədə ABŞ və Böyük Britaniyanı çıxarmağı təklif edirdi.

Qəvvam əs-Səltənə SSRİ rəhbərliyi ilə olduqca ehtiyatlı davranmağa üstünlük verərək və ABŞ-ın sərt mövqe nümayiş etdirməsinə baxmayaraq, yeni sovet səfiri Tehrana gələnə qədər sovet qoşunları məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmağı məqsədəuyğun saymadı. Yəqin ki, Stalinin Moskvadakı vida ziyafətində etdiyi eyhamı unutmamışdı.

11 martda Qəvvam Məclisdə peyda oldu. Həmin gün 14-cü çağırış məclis deputatlarının səlahiyyət müddətləri başa çatırdı. Bəzi deputatlar bu müddəti uzatmağa cəhd göstərdilər, amma Qəvvam buna yol vermədi. Bu minvalla o parlamentin müdaxiləsi olmadan öz siyasətini yürütmək imkanı əldə etdi.

24 martda təcrübəli İran diplomatı Hüseyn Əlanın BMT-də Sovet İttifaqının İran Azərbaycanı problemi üzrə mövqeyindən şikayətlə bağlı çıxışı nəzərdə tutulmuşdu.

Bu zaman SSRİ-nin yeni səfiri İ.Sadçikov Tehrana gəldi. 18 martda o, Qəvvamla görüşdü və sovet hökumətinin öz qoşunlarını tam şəkildə İrandan çıxarmaqla bağlı qərar qəbul etdiyini bildirdi. Bu qərarın qəbuluna İran hökumətinin ikinci dəfə BMT-də Sovet İttifaqından şikayət etmək niyyətinin nə qədər rol oynadığı məlum deyil. Amma məlumdur ki, hələ bundan əvvəl sovet hökuməti tərəfindən ikinci bir sənəd hazırlanmışdı ki, İranın şimal rayonlarındakı neft yataqlarının birgə işlənməsi üzrə sovet-İran müştərək neft şirkətinin yaradılması məsələsinə dair sənəd elə həmin gün İ.Sadçikov tərəfindən Qəvvama təqdim olunmuşdu. Üçüncü sənəd Azərbaycan məsələsinə – yəni SSRİ-nin İranın daxili işlərinə qarışmamasına dair razılaşmaya həsr olunmuşdu. İndi imzalanmış sənədlər gələcək parlament tərəfindən təsdiqlənməli idi. Moskvada tezliklə neft güzəştlərinə dair razılaşma əldə ediləcəyinə ümid bəsləyirdilər. Səfir İ.Sadçikovun parlamentə seçkilərin tezləşdirilməsi imkanı ilə bağlı sualına cavabında Qəvvam dəfələrlə qeyd etmişdi ki, “işğal olunmuş ölkədə” seçkilərin keçirilməsi mümkün deyil və ona görə də sovet qoşunlarının İrandan çıxarılması SSRİ-nin birinci dərəcəli vəzifəsidir.

İstənilən yolla öz məqsədinə – sovet qoşunlarını ölkədən çıxarmağa can atan Qəvvam daha bir qeyri-adi addım atdı: gizli şəkildə üləmaların (dini rəhbərlərin) başçısı ayətullah Bürucerdi ilə razılığa gəldi ki, islam ruhaniləri “ölkə Qızıl Ordunun işğalı altında ikən” seçkilərin keçirilməməsi ilə bağlı çağırışlar etsinlər. Ayətullah Bürucerdi işi elə təşkil elədi ki, bütün yerli üləmalar ölkədə əcnəbi qoşunlar qaldığı müddətcə seçkilərin keçirilməməsi ilə bağlı öz tələblərini teleqrafla hökumətə çatdırdılar. Ruhanilərin etirazı ictimaiyyətin Sovet İttifaqı əleyhinə yeni cəbhəsinin yaranmasına yol açdı.

Sovet qoşunları 1946-cı ilin mayında tam şəkildə İran Azərbaycanından çıxarıldı.

Bu zaman Tehrandakı siyasi qüvvələr tənasübünə indiyədək hökumətin işində fəal iştirak etməyən gənc İran şahı Məhəmməd Rza da qoşuldu. Qərb dövlətlərinin nümayəndələri ilə qurulmuş dostluq münasibətləri sayəsində və heç də əsassız olmayaraq ABŞ-ın fəal dəstəyini hiss edən Məhəmməd Rza baş nazir Qəvvamı “ruslara güzəştə getməkdə” ittiham etdi və onun istefasını istədi. Qəvvam şahdan ona yeni hökumət formalaşdırmaq üçün imkan verilməsini xahiş etməli oldu. Şah bununla razılaşdı, lakin öz şərtlərini irəli sürdü: Qəvvam Tudə partiyasının hökumətdəki üç üzvünü kənarlaşdırmalıdır; o, müavini Müzəffər Firuzu (Moskva ilə məxfi əlaqələrdə şübhəli bilinən) vəzifəsindən azad etməlidir; “Azərbaycan qiyamçıları” ilə danışıqlara son qoymalı, bu əyalətdə İranın suverenliyini bərpa etməlidir. Qəvvam , təkcə birindən – Firuzun istefasından savayı şahın bütün tələbləri ilə razılaşdı. Bu şərtə o, hiyləgərliklə əməl elədi: Müzəffər Firuzu Moskvaya səfir təyin etdilər. Sonradan məlum oldu ki, bu qərar Qəvvama İran ordusunun “qiyamçı əyalətə” girəcəyi təqdirdə Moskvanın mövqeyinin necə olacağı ilə bağlı məsələlərdən baş çıxarmaqda kömək göstərdi. Moskvadan alınmış məlumatları təhlil edən Qəvvam ABŞ-ın İrandakı səfiri Alenlə söhbəti zamanı bəyan etmişdi: “Əgər Sovet İttifaqı İrandakı hədəflərinə çata bilsə, yəni – həm nefti və həm də Azərbaycanı alsa, o bunu edəcək. Amma, əgər o, bunlar arasında seçim etməli olsa, mən əminəm ki, Azərbaycanı qurban verəcək”.

19 oktyabrda yeni hökumətin tərkibi elan edildi ki, burada Tudə partiyasından kimsə yox idi və Qəvvam baş nazir postundan savayı daha iki portfelə yiyələnmişdi – indi o həm də daxili işlər və xarici işlər naziri vəzifələrinə sahib idi.

Bu minvalla, şah sarayının və qərb ölkələrinin təzyiqinə tabe olan Qəvvam öz siyasi kursunu nümayiş etdirdi. Təbii, bu yeni kurs Sovet İttifaqının İranın işlərinə qarışmamasına nail olunması üçün ingilislər və amerikalılarla özünəməxsus razılaşma idi. Britaniya səfiri kabinetdəki dəyişiklikləri “fars milli ruhunun hələ canlı olmasının əlaməti kimi” səciyyələndirdi. Amerika səfiri isə bu addımı “İran tarixində dönüş məntəqəsi” adlandırdı. Eyni zamanda şah da Qəvvamın işlərindən razı qaldı. Sovet təhlükəsinə qarşı ABŞ və Böyük Britaniyanın dəstəyini qazanan və Moskvadakı yeni səfirin köməyi ilə İran qoşunları İran Azərbaycanına daxil olarkən Sovet İttifaqının heç bir ciddi qarşılıq vermək niyyətində olmadığını aydınlaşdıran Qəvvam daha da cəsarətləndi: şahın üçüncü şərtini də yerinə yetirmək lazımdı. Qarşıdakı Məclis seçkilərində qayda-qanunun təmin edilməsi bəhanəsi ilə İran ordusunu əyalətə yeritmək qərara alındı.

Dekabrın 4-də İran ordusu əvvəlki siyasi rejimi bərpa etmək üçün Azərbaycana daxil oldu. Bu zaman hakim Azərbaycan Demokrat Partiyasının rəhbərliyi Moskvadan müqavimət göstərməmək tapşırığı almışdı, sovet konsulluğu isə partiyanın rəhbərliyini əmin etməyə çalışırdı ki, şah hökuməti demokratlara qarşı repressiyalar tətbiq etməyəcək.

11 dekabrda şah qoşunları Təbrizə girdi. Sovet Azərbaycanının partiya rəhbərləri tərəfindən Demokrat Partiyasının fəal üzvlərinə 48 saat ərzində məxsusi açıq saxlanmış sərhəddən keçərək Sovet Azərbaycanına qaçmaq təklif olundu. Digərləri öz talelərini bildikləri kimi həll etməli idilər.

Bütün bu müddətdə – 9 ay ərzində İranda parlament olmamışdı. 1947-ci ildə Məclisin növbəti sessiyası toplandığı zaman isə dünyada vəziyyət kökündən dəyişmişdi. “Soyuq müharibə” qızışmışdı, ABŞ vəd etmişdi ki, SSRİ bir daha öz qoşunlarını İrana yeritsə, bu ölkəyə hərbi yardım göstərəcək. 15-ci çağırış yeni seçilmiş parlament özünün növbəti toplantısında demək olar ki, yekdilliklə hər hansı xarici dövlətə hansısa neft güzəştlərinin verilməsi cəhdlərini rədd elədi.

Beləliklə, Qəvvam Stalinlə danışıqlarda İran üçün çox mühüm üç məsələni həll eləməyə müvəffəq oldu: sovet qoşunları İrandan çıxarıldı; Azərbaycan məsələsi qapadıldı; neft haqqındakı bənd unudulub getdi.

Sonda onu da qeyd etmək istəyirəm ki, Qəvvamın strateji qələbəsi təsadüfi deyildi. Bu o dövrün şərtlərindən irəli gəlirdi. ABŞ öz nüfuzunu gücləndirmək üçün Xirosima və Naqasakiyə atom bombası atmışdı, SSRİ-də atom bombasını hələ sınaqdan belə keçirməmişdilər. Bu məsələdə SSRİ ABŞ-dan geri qalırdı.

Buna görə də, Qəvvam Stalinə deyirdi: “İranın bu addımlarının London və Vaşinqtonla münasibətdə arzuolunmazlığına baxmayaraq, biz sizin istəklərinizi həyata keçiririk”.

O zamanlar SSRİ tərəfindən həyata keçirilən nüvə proqramı, hə­qi­qətən də, ABŞ-dan geri qalırdı. Bu gerilikdən narahat olan Stalin hə­lə 1944-cü ildə L.P.Beriyaya həmin proqramın vəziyyətini yox­la­ma­ğı tapşırmışdı. L.P.Beriya bu layihəni tamamilə öz nəzarəti altı­na ala bilmiş və akademik İ.V.Kurçatova müraciət edilməsinə nail ol­muşdu.

1943-cü il fevralın 11-də İ.V.Kurçatov Atom Enerjisi İnstitu­tu­nun rəhbəri vəzifəsinə təyin olunur. V.Molotovun işindən narazı olan İ.V.Kurçatov 1944-cü ilin sentyabrında L.P.Beriya­ya mək­tub­la müraciət edir

Sonra isə İ.V.Kurçatov V.Molotovdan Stalinə şi­ka­yət edir. İ.Stalin 1945-ci ildə atom layihəsinə rəhbərliyi L.P.Beriyaya tapşırır və ona deyir: “SSRİ bu silaha malik olmalıdır!” Beriya təkcə insan­ları sıxmağı və tələsdirməyi deyil, həm də son nəticəyə nail ol­mağı bacarırdı. Alimlərin zəruri materiallarla təmin və təchiz edil­məsi probleminin həllində SSRİ-də ikinci belə təşkilatçı tapmaq müm­kün deyildi. Burada, görünür, L.P.Beriyanın yalnız yaxşı təş­ki­lat­çı­lıq qabiliyyəti deyil, həm də onun kəşfiyyatdakı iş təc­rü­bə­si özünü göstərirdi. O, atom bombasının hazırlanma sirləri haq­qın­da məlumatlar əldə edə bilir və 1949-cu il avqustun 20-də bomba hazır­lanaraq sınaqdan keçirilir. Buna görə də həmin layihədə uğur əl­də edən sovet alimləri L.P.Beriyanı “atom bombasının atası” adlan­dırırdılar. Çox heyif ki, bu, 1946-cı ildə deyil, 1949-cu ildə baş verdi…

24 mart 1946-cı il, saat 13.40-da Moskvadan Bakıya 2167/68 saylı şifroqram gəlir.

F № 1, siy. № 89, iş № 112

Surəti

Şifroqram № 2167/68

MOSKVADAN ŞƏXSƏN

BAKI HƏRBİ DAİRƏSİNİN KOMANDANI

MASLENNİKOV YOLDAŞA

4-CÜ ORDUNUN KOMANDANI

LUÇİNSKİ YOLDAŞA

surəti: Bağırov yoldaşa

1. 4-cü ordunun qoşunlarının, müəssisə və anbarlarının Bakı Hərbi Dairəsi ərazisində daimi dislokasiya yeri tutması üçün İran­dan çıxarılmasına başlayın;

2. Qoşunların çıxarılmasına martın 24-də başlamaq və bu ilin 9 aprel-10 may tarixindən gec olmayaraq, tam sona çatdırmaq lazım­dır.

Kərəc qarnizonu bu gün 24 mart saat 20-dən gec olmayaraq çı­xa­rılmalıdır;

68 Sari diviziyası qarnizonunu sonradan dənizlə daşımaq üçün Bəndər-Şah rayonunda toplayın. Diviziyanın avtonəqliyyatını Rəştdən keçməklə öz hərəkəti ilə göndərin;

İlk növbədə qoşunlar Qəzvin, Rəşt, Zəncan rayonların­dan və Qorqan, Sari rayonlarından çıxarılsın;

Qəzvindən 5 aprel tarixindən gec olmayaraq çıxmaq lazım­dır;

I qvardiyanın mexanikləşdirilmiş diviziyası ən axırda çıxmalıdır.

3. Qoşunların çıxarılmasını mütəşəkkil şəkildə, sakit, səs-küy­süz və xüsusi tələskənlik olmadan həyata keçirin;

Komandirlər və siyasi orqanlar İrandan çıxan sovet qoşunlarının yer­li əhali tərəfindən yola salınmasını təşkil etsinlər;

Mövcud ərzaq ehtiyatlarının bir hissəsi yerli əhaliyə pay­la­n­sın;

4. Qoşunların çıxarılma planını və qaydasını bu ilin 25 mart tari­xin­də Baş Qərargaha çatdırın.

Qoşunların çıxarılması gedişati haqqında hər gün 24.00-da mə­ruzə edin.

Dənizdə daşınma sifarişini martın 26-dək Baş Qərargaha təq­dim edin.

№ 16006 İ.Stalin

№ 10961, 62/III Antonov

13: 40, 24. 3. 1946-cı il

Bu göstərişin gəlməsinə baxmayaraq, M.C.Bağırov Cənubi Azər­baycandakı hakimiyyəti necə saxlamağı götür-qoy edib, Bakı hərbi dairəsinin komandanı Maslennikova müraciət edir və məsə­lə­ləri onunla razılaşdırıb, Stalinə məktub yazırlar.

F № 1, siy. № 89, iş № 112

Stalin yoldaşa

Martın 28-də Sovet Culfasında biz İran Azərbaycanı Milli hö­ku­mətinin rəhbərləri – Pişəvəri, Şəbüstəri və doktor Cavidlə görüş­dük.

Sizin göstərişinizə müvafiq olaraq, biz yaranmış şəraiti onlara izah etdik və bu gün İran Azərbaycanında mövcud vəziyyətin sax­lanmasında təkid etməməyi məsləhət gördük. Onlara Tehran höku­məti ilə bağlanacaq sazişdə bizim səfirin Qəvama ünvan­lan­mış 24 mart tarixli məktubunda irəli sürülən təklifləri əsas gö­tür­mə­yi tövsiyə etdik.

14 mart tarixində mən (M.C.Bağırov – A.M.) onlarla ilkin söhbət aparsam da, bizim son təkliflərimiz onlara çox ağır təsir ba­ğış­ladı. Hər üçü bildirdi ki, onlar bizim məsləhətimizi qeyd-şərtsiz ic­raya qəbul edirlər, amma eyni zamanda aşağıdakıları bizim diq­qə­timizə çatdırmağı zəruri sayırlar:

İran Azərbaycan Demokrat Partiyası və Milli hökuməti mövcud ol­duqları dövr ərzində xalqa çoxlu vədlər vermişlər ki, onların da bir hissəsi artıq həyata keçirilib və indi elan olunmuş tədbirlərdən əl çəkilməsi onlara çox ağır gəlir.

Onlar Qəvvama inanmır və gözəl bilirlər ki, o, Azərbaycan xal­qı­nın hüquqları ilə bağlı bütün vədləri və hətta yazılı sazişləri İran Kons­­ti­tusiyasına istinadla tədricən ləğv edəcək, İran Konstitu­si­ya­sı isə mahiyyətcə xalqın hüquqlarını deyil, mürtəce rejimi müdafiə edən sənəddir.

Onlar İran silahlı qüvvələrindən qorxmurlar, amma əmindirlər ki, Qəvamirticaçı tacirləri, mülkədarları və ruhaniləri ələ almaqla, Azər­baycanda vətəndaş müharibəsi törədəcək, kürdləri və azər­bay­can­lıları millətlərarası qırğına sürükləyəcək. Bu işdə isə ona ilk növbədə ingilislər kömək edəcək.

Qəvam həqiqətən də İranda islahatlar keçirmək istəyirsə, onun üçün silahlı qüvvələri ilə birlikdə Milli hökumətdən etibarlı dayaq ola bilməz. Amma Qəvam çətin ki, bunu istəsin.

Deyilənlərə əsasən, Pişəvəri, Şəbüstəri və Cavid xahiş edirlər ki, bizim qoşunlar geri çəkildikcə, onlara Şimali İranın digər vila­yət­lərindəki mütərəqqi demokratik elementlərlə əlaqəyə girmək və bir­gə səylərlə Tehran irticasına qarşı mübarizəyə başlamaq icazəsi ve­rilsin.

Onlar Sovet İttifaqının vasitəçiliyini Azərbaycan xalqının heç ol­masa minimum hüquqlarının qorunub saxlanması üçün yeganə real zə­manət hesab edirlər.

Yaranmış ağır maliyyə vəziyyəti və öz silahlı qüvvələrinin for­ma­laşdırılmasını tezliklə başa çatdırmaq zərurəti ilə əlaqədar ola­raq onlar:

1. Azı 5 milyon tümən məbləğində pul yardım etməyi;

2. 100 yük avtomaşını ayırmağı;

3. Sərhəd xidmətinin təşkil olunması və daxili qoşunların ya­ra­dıl­ması üçün İran Azərbaycanına bir ay müddətinə Azərbay­can SSR Daxili İşlər Nazirliyi qoşunlarından 20 azərbaycanlı təlimatçı gön­dərməyi;

4. Milli ordunun ehtiyacları üçün müəyyən həcmdə dərman və tibb ləvazimatı ayırmağı xahiş edirlər.

Onların xahişinin təmin olunmasını zəruri hesab edirik.

Sizin göstərişlərinizi gözləyirik;

M.C.Bağırov

İ.İ.Maslennikov

29 mart 1946-cı il

24 aprel 1946-cı il tarixdə SSRİ ilə İran arasında neft sazişi bağ­lan­dıqdan sonra Azərbaycan Demokrat Partiyasının lideri S.C.Pişəvəriyə bildirirlər ki, o, daha Tehran hökumətinə qarşı çıxış et­məsin. Amma SSRİ-nin İrandakı diplomatik korpusunun nü­ma­yən­dələri Kremlə xəbər verirlər ki, S.C.Pişəvəri bu göstərişi yerinə ye­tirmir.

M.C.Bağırov S.C.Pişəvərinin gələcək taleyinə biganə qal­ma­ya­raq, Demokrat Partiyasının liderini müdafiə məqsədilə Stalinə mək­tubla müraciət edir.

Sonralar, 1956-cı ildə M.C.Bağırovun məhkəməsində bu mək­tub onu S.C.Pişəvərinin ölümündə ittiham edənlərə bir cavab oldu. Əgər M.C.Bağırov Pişəvərini fiziki olaraq aradan götürmək niy­yə­tin­də olsaydı, hələ Təbrizdə ikən onun ölümünü istəyən Moskva emis­sarları ilə razılığa gələrdi. Moskvanın özündə Pişəvəriyə münasibət buna imkan verirdi. Bu məktubda Bağırov Qəvamı da kəskin tənqid etmişdi.

F № 1, siy. № 89, iş №112

Moskva, ÜK(b)P MK-ya

Stalin yoldaşa

Sizin göstərişinizə müvafiq olaraq, biz İran Azərbaycanı De­mok­rat Partiyası ilə əlaqə saxlamağa çalışırıq. Təbriz radiosunu və qəzetləri izləyirik. Mühüm məsələlərdə bizimlə məslə­hət­ləş­mək­də davam edən Demokrat Partiyasının lideri Pişəvərinin çıxış və bə­yanatlarına xüsusi diqqət yetiririk. İran hökuməti ilə saziş im­za­lan­dıqdan sonra Pişəvərinin çıxış və bəyanatlarında mərkəzi hö­ku­mə­tin ünvanına heç bir kəskin ifadə və ya ikibaşlı eyhamlar tap­mı­rıq.

Buna baxmayaraq, konsulluq işçiləri, görünür, Azərbaycan və fars dillərini pis bildikləri üçün Pişəvərinin çıxış­la­rın­da­kı ayrı-ayrı ifadələrə tez-tez irad tutur və SSRİ Xarici İşlər Na­zir­liyini düzgün məlumatlandırmırlar. Nəticədə nazirlikdən Pi­şə­­vəriyə xəbərdarlıq olunması, ondan nitqlərindəki bu və ya digər ifadənin mənası ilə bağlı izahat tələb olunması ilə bağlı göstərişlər daxil olur. Bu da istər Pişəvərinin, istərsə də onun yaxın silahdaşlarının əhval-ruhiyyəsinəmənfi təsir göstərir.

Eyni zamanda ingilislər və amerikanlar son vaxtlar İran Azər­bay­canında bizə qarşı özlərinin təxribat fəaliyyətlərini güc­lən­di­rə­rək, Məclisə seçkilərə hazırlaşan bütün irticaçı qrup və təş­ki­lat­la­rı açıq-aşkar dəstəkləməyə başlamışlar.

Azərbaycana münasibətdə Qəvvamın davranışı da şübhəli gö­rü­nür: bizim səfirimiz vasitəsilə Qəvvam kürdlərin rəhbəri Qazi Mə­həm­mədi onunla görüşmək üçün Tehrana gəlməyə razı salmağı xa­hiş etmişdir. Qazi Məhəmməd bizim məsləhətimizlə Tehrana get­miş­dir. Daxil olan məlumatlara görə, Qəvvam hər vasitə ilə kürdləri azərbaycanlılara qarşı çıxmağa təhrik edir. Qazi Məhəmmədə cür­bə­cür vədlər verməklə, Qəvvam çılışır ki, kürdlər Təbrizə tabe ol­ma­sınlar. Bu şəraitdə Demokrat Partiyasının lideri kimi Pişəvəriyə İra­nın gələcək demokratikləşməsi uğrunda mübarizədə qarşıya çıxa­n çətinliklər barədə danışmağı qadağan etmək lazım deyil.

M.C.Bağırov

iyul, 1946-cı il

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …