Samir Adıgözəlli: “Kürdlərin özü Bərzani hökumətini onları yetişməyən bir prosesə sürükləməklə səfalətə düçar etdiyi səbəbindən devirəcək”
Kürdlər Yaxın Şərqdə dövlətsiz olan ən böyük etnik qruplardan biridir. Sentyabrın 25-də İraqın Kürdüstan bölgəsində seçicilər ziddiyyətli müstəqillik referendumu üçün səsvermə məntəqələrinə gedib və nəticə etibarilə müstəqil dövlətin qurulmasına səs verib.
Səsvermə İraq Kürdüstan Regional Hökumətini (İKRH) təşkil edən üç şimali rayonu və Bağdadla mübahisəli ərazilərdə keçirilib. Referendumda səs vermiş 3,2 milyon nəfərin 93,29 faizi İraq Kürdüstanının dövlət müstəqilliyinin lehinə, 6,71 faiz isə əleyhinə səs verib.
İraqın baş naziri referendumun “konstitusiyaya ziddiyyətli” olduğunu deyib və xəbərdarlıq edib ki, o, “ölkənin birliyini saxlamaq üçün lazımi tədbirlər” görəcək.
Qərb ölkələri yeni münaqişənin yaranması və özünü İslam Dövləti (İD) adlandıran qruplaşma ilə mübarizədən yayınmaq ehtimalı ilə referendum barədə narahatlıqlarını ifadə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan referendumu sərt sözlərlə tənqid edərək, bununla bağlı lazımi tədbirlərin bu həftə içində bəyan ediləcəyini deyib. Ərdoğan İstanbulda bir çıxışında bildirib: “Sərhəddə bu an, sadəcə, İraq tərəfinə keçidə icazə var. Bu həftə içərisində digər tədbirləri də bəyan edəcəyik. Və o addımlar da atılacaq. Artıq giriş-çıxış, bunlar da bağlanacaq. Müxtəlif tədbirlərimiz var. Onları da ayrıca icra edəcəyik. Bütün bunlarla birlikdə, Şimal İraq Regional Hökuməti görək neftini hansı kanallarla haraya axıdıb və ya satacaq. Kran bizdədir. Kranı bağladığımız anda o iş də bitdi. Dövləti idarə edən bütün bunları nəzərə almalıdır”.
İran Xarici İşlər Nazirliyi İKRH ilə olan sərhədin bağlandığını bildirib. Nazirliyin rəsmisi Bəhram Qasımi bildirib ki, İraq hökumətinin tələbinə görə, quru və havadan olan sərhədlərimizi bağladıq.
Qasımi referendumu qanunsuz adlandırıb. İran prezidenti Həsən Ruhani və İraq baş naziri Heydər əl İbadi bazar günü axşam telefonla əlaqə saxlayıb. Ruhani telefon danışığında İranın İraqdakı mərkəzi hökumətə dəstəyini təkrarlayıb.
Göründüyü kimi, Bərzani öz xalqını faktiki olaraq blokada şəraitinə salmış oldu. Çünki ətrafdakı bütün ölkələr bu ideyanı dəstəkləmir. Təbii ki, blokada şəraitində qalan sadə əhali tez bir zamanda Bərzaninin böyük səhvə yol verdiyinin fərqində olacaq və dözülməz şərait ucbatından onun özünə qarşı çıxacaq. Yaxın gələcək Bərzani üçün daha hansı sürprizləri vəd edə bilər?
Ekspert Samir Adıgözəll “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, “Müstəqil Kürdüstan dövləti”nin qurulması Yaxın Şərqdə yeni müharibənin başlanmasına gətirib çıxaracaq: “Bununla da İraqda yeni savaş artıq İŞİD-lə deyil, kürd bölgəsində baş qaldıracaq. Son bir neçə gündə isə rəsmi Bağdadın Kərkükdə kürdlərin mövqelərini bombardman etməsi getdikcə bölgədə yaranacaq qanlı qarşıdurmalardan xəbər verir. Çünki bu məsələdə muxtariyyətin lideri Məsud Bərzani müstəqilliklə bağlı qərarını öz düşüncəsinə və ya kürdlərin istəyinə görə verib. Əslində, mövcud şəraitdə və dəstək olan dövlətlər olmasaydı, Bərzani İraq hökuməti və ətraf dövlətlərlə qarşıdurmaya getməyə risq etməzdi. Məlum məsələdir ki, Bərzaniyə bu addımı atmasında dəstək olan qüvvələr mövcuddur. Hətta savaş baş verəcəyi təqdirdə mərkəzi İraq hökumətinin zəifləməsi üçün ərəb ölkələrinin və Qərb dövlətlərinin də Bərzaniyə hərbi-siyasi dəstək verməsi mümkündür. Bu isə o deməkdir ki, referendum qərarı ləğv olunmasa, Yaxın Şərqdə növbəti müharibə kürdlərlə İraq hökuməti arasında olacaq. Üstəlik, bu savaş digər dövlətlərin müdaxiləsi ilə daha da böyüyə və digər regionları əhatə edə bilər. Çünki hazırda İraq ərazisində ABŞ və Qərb ölkələrinin, Türkiyənin, o cümlədən İran da daxil olmaqla bir sıra dövlətlərin açıq və gizli hərbi kontingenti cəmləşib.
ABŞ və İsrailin “müstəqli Kürdistan dövləti”nin yaranmasında maraqlarının olduğunu ortaya qoymasının digər səbəblərindən biri də İraqın parçalanmasına hesablanıb. Faktiki olaraq Bərzani bölgədə yaşayan xalqı öz ambisiyalarına qurban verilmiş vəziyyətə gətirib çıxarıb. Bilirsiniz ki, kürdlərin yaşadığı həmin ərazinin dünyaya çıxışı yoxdur. Onda sual olunur: əhali blokada şəraitində necə yaşayacaq, bölgənin nefti dünya bazarına çıxarılacaqmı? Təbii ki, mövcud şəraitdə bunun olması mümkün deyil. Bu da yaxın zamanlarda əhalinin qəzəbi ilə qarşılanacaq və elə kürdlərin özü Bərzani hökumətini onları yetişməyən bir prosesə sürükləməklə səfalətə düçar etdiyi səbəbindən devirəcək”.
Məhəmmədəli QƏRİBLİ