Azərbaycan dindarları oktyabrın 1-də şiələrdə matəm sayılan Aşura gününü qeyd ediblər. Səhər saatlarından etibarən minlərlə insan Məhəmməd Peyğəmbərin nəvəsi və imam Əlinin oğlu imam Hüseynin anılmasına həsr olunmuş matəm mərasimində iştirak etmək üçün məscidlərə yola düşüb. Aşura günü dindarların mövqeyi xüsusilə möhkəm olan ölkənin cənub bölgələrinin, Bakı kəndlərinin sakinləri xüsusi fəallıq göstərir.
İnsanların kütləvi toplanmaları ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib. Dünən paytaxt polisi xəbərdarlıq edib ki, hüquq mühafizəçiləri məscidlərin və türbələrin ətrafında nizam-intizamı təmin edəcək, amma mərasimə müdaxilə etməyəcək. Eyni zamanda, polis bildirib ki, mərasim yerlərindən kənarda razılaşdırılmamış yürüşlərin qarşısı alınacaq.
Aşura ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi də dindarları nizam-intizama riayət etməyə və matəm mərasimlərini məscidlərdə və türbələrdə keçirməyə, bu yerlərdən kənarda yürüşlər keçirməməyə çağırıb.
Ən kütləvi mərasim Bakının “Kubinka” məhəlləsindəki “Məşədi Dadaş” məscidində keirilib, buraya beş minə yaxın insan yığışıb.
Bu məsciddə kütləvilik artıq ikinci ildir ki, Aşura günü dindarların “Nardaran piri”nə girişinin məhdudlaşdırılması ilə bağlıdır.
Bundan başqa, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli xütbələrinin maarifləndirici xarakterli olması ilə əlaqədar dindarlar arasında böyük nüfuza malikdir.
Həsənli öz xütbəsində qeyd edib ki, Aşura günü Azərbaycan dindarları Kərbəla şəhidləri ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarından keçmiş Qarabağ müharibəsi qurbanlarını da yad edirlər. Bu zaman o, mülki əhali arasında təqsirsiz qurbanları xüsusilə qeyd edib və ötən yay Ermənistan tərəfindən açılan artilleriya atəşi nəticəsində iki yaşlı Zəhra Quliyeva və nənəsinin həlak olmasını vurğulayıb.
“Təzə Pir”, “Əjdərbəy”, “Cümə” və s. məscidlərdə də matəm mərasimləri keçirilib.
Bir sıra məscidlərdə, o cümlədən “Təzə Pir”də qanvermə aksiyaları təşkil olunub.
Bu mərasim dindarların imam Hüseynin əzab-əziyyətinin əlaməti kimi metal zəncirlərlə özlərinə əziiyyət verməsi – şaxsey-vaxsey mərasimini əvəz etmək məqsədi daşıyır.
Bir sıra dindarlar ənənəvi olaraq ehsan paylayıblar.
Bir sıra yerlərdə mağaza və kafelərin önündə çay, şərbət və şirniyyat süfrələri açılıb.
* Aşura Məhərrəm ayının 10-cu günüdür. 680-ci ilin bu günü imam Hüseynin kiçik dəstəsi Kərbəla şəhəri yaxınlığında Əməvilərin üstün dəstələri ilə qeyri-bərabər döyüşdə məğlub olub. Həmin vaxtdan etibarən imam Əli (şiəliyin banisi) tərəfdarları Aşuranı ümumi matəm kimi qeyd edirlər.
İmam Hüseyn Əməvilərin islam dininin Məhəmməd Peyğəmbər tərəfindən qoyulmuş əsaslarını təhrif etməsinə qarşı çıxırdı. Bu, yoxsulluğun —— və sosial qeyri-bərabərliyin dərinləşdirilməsində özünü göstərib.
Bundan başqa, Məhərrəm və ondan sonrakı Səfər ayında (imam Hüseynin ölümündən etibarən 40 gün ərzində) şiələr toy və digər təntənəli mərasimlər keçirməkdən imtina edirlər.