Şənbə , 27 İyul 2024
Drone Cameras

Prezident Şamaxıda ilkə imza atdı – YENİLƏNİB

“Bu gün Şamaxıda ölkəmizdə ilk dəfə olaraq Safari Parkı açılır”

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. “Safari” sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, səyahət etmək, yolçuluq, gəzinti mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilib. Bu gün safari turizmi ovçuluq və ya foto-ovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə “sakit ov” da adlandırırlar. Azərbaycanda da fotosafari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri – milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bununla bağlı məsələlər yer alıb. Strateji Yol Xəritəsində qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirərək, bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq. Yaradılacaq marşrutlar üzrə əlverişli fəaliyyət cədvəli tərtib ediləcək. Buraya milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi və işlənib hazırlanması üzrə də təkliflərin irəli sürülməsi daxildir. Təhlil nəticəsində məqsədəuyğun hesab edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl operatorlara da həvalə oluna bilər. Qeyd edək ki, sənəddə Şamaxı Safari Parkının yaradılacağı da qeyd olunmuşdu. Artıq Şamaxı Safari Parkı hazırdır.

Parkla tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyasi məqsədilə 2014-cü ildə yaradılan “Azər Ekov” MMC qısa müddətdə bu istiqamətdə zəruri olan işləri görməyə başlayıb. “Azər Ekov” MMC ilk olaraq vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına – IDUBA-a üzv olub. Bununla da “Azər Ekov” MMC bu assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb. IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı və s. ilə bağlı fikirlərini bölüşürlər. Bu assosiasiyanın tədbirlərində bərabərhüquqlu üzv kimi iştirak edərkən “Azər Ekov” MMC qarşısına beynəlxalq təcrübəni mənimsəmək, xarici mütəxəssislərin Azərbaycan təbiətinə marağını cəlb etmək kimi hədəflər qoyub.

Bildirildi ki, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda pakda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Belə ki, 36 kilometr uzunluğunda enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Maral, lan və muffonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunub. İnzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılıb.

saat 15:12

Dövlət başçısı Şamaxı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Azərbaycan Prezidenti tədbirdə çıxış edib. Dövlət başçısı qeyd edib ki, bu, Şamaxıya Prezident kimi altıncı səfəridir: “Çox şadam ki, Şamaxı rayonunda işlər yaxşı gedir, böyük layihələr icra edilir. Onlardan biri də Şamaxı-Padar yoludur. Bu, çox böyük layihədir, böyük investisiyalar qoyulubdur. Əlli üç kilometrlik yoldur. İndi tam əsaslı şəkildə bərpa edilib və 16 kəndi birləşdirən rahat bir yol artıq Şamaxı sakinlərinə təqdim edilir.

Bu yolun həm sosial, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyəti var. Bu yolun üstündə böyük kənd təsərrüfatı müəssisələri yaradılır. Şamaxı rayonunun yol infrastrukturu yaxşılaşır. Əvvəlki illərdə biz bir neçə kəndi birləşdirən yolların açılışını etmişik. Hazırda Bakı-Şamaxı yolu dörd zolağa genişləndirilir, çox rahat bir yol olacaqdır. Eyni zamanda, bu böyük yolun çərçivəsində bir neçə kəndə ayrıca yollar çəkilib. Yol inkişaf, həyat, rahatlıq deməkdir. Əlbəttə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər bu imkanlardan istifadə edib daha da yaxşı məhsul yetişdirəcəklər və öz məhsullarını daha da tez bir zamanda bazarlara çıxaracaqlar.

Bu layihə bir çox layihələrin arasında önəmli yer tutur. Ancaq yeganə layihə deyil. Son illərdə Şamaxı rayonunda inkişafla bağlı çox böyük işlər görülür, quruculuq-abadlıq işləri həyata keçirilir. Şamaxının sosial infrastrukturu yaxşılaşır, müasir diaqnostika mərkəzi tikilibdir. Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, bir çox məktəb binaları tikilib, yollar çəkilib, qazlaşdırma layihələri uğurla gedir. Məndə olan məlumata görə, qazlaşdırma təqribən 70 faizə çatıbdır, ondan da çoxdur, daha da artacaq.

İçməli su layihəsi. Şamaxı şəhərinin içməli su layihəsi də artıq öz həllini tapıb. Bu gün bu layihənin rəsmi açılışı olacaqdır. Bu da çox böyük, tarixi layihədir. Çünki içməli su hər bir insan üçün bəlkə də ən vacib məsələlərdən biridir. Biz Şamaxıda bu məsələni də həll etmişik. Bu gün, eyni zamanda, Qobustan şəhərinin içməli su layihəsi istifadəyə verilibdir. Ona görə bu layihə də infrastruktur layihələri arasında, əlbəttə ki, önəmli yer tutur. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapır. Yəni, bir sözlə, yol, içməli su, elektrik, qazlaşdırma, səhiyyə, idman, təhsil məsələləri öz həllini tapıb.

Eyni zamanda hamımız yaxşı bilirik ki, Şamaxı bizim qədim diyarımızdır, tarixi şəhərimizdir. Qədim xəritələrdə Şamaxının adı var. Bu, bizim böyük sərvətimizdir. Şamaxı rayonunda yerləşən tarixi abidələr bizim milli sərvətimiz, dəyərimizdir. Mən onların arasında Şamaxı Cümə Məscidini xüsusi qeyd etməliyəm. Bu, Azərbaycanın ən qədim məscididir. Dünyanın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilib və bir neçə il bundan əvvəl əsaslı şəkildə təmir olunub, yenidən qurulub, əlavə binalar inşa edilib. Şamaxı Cümə Məscidinin bütün müsəlman aləmi üçün böyük əhəmiyyəti var. Mən İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş bütün tədbirlərdə həm ikitərəfli münasibətlər əsnasında, həm də çıxışlarda qeyd edirəm ki, Azərbaycan qədim müsəlman diyarıdır, dünyanın ən qədim məscidlərindən biri də bizdə yerləşir.

Bu gün eyni zamanda Dəmirçi kəndində qədim məscidin əsaslı bərpadan sonra açılışı olacaq. Bu, onu göstərir ki, Şamaxı rayonunda doğrudan da bir çox tarixi, dini abidələrimiz var. Biz onları qoruyuruq. İlk növbədə, Azərbaycan xalqı onları əsrlər boyu qoruyubdur. Bütün ictimai-siyasi quruluşlardan asılı olmayaraq, xalqımız bizim milli, dini dəyərlərimizi qoruyub. Bu gün isə müstəqil Azərbaycan dövləti onları qoruyur, saxlayır, bərpa edir. Bu gün Şamaxı rayonunun ölkəmizin tarixində və bugünkü həyatda çox böyük yeri və rolu var. Bütün Azərbaycan xalqı bunu yaxşı bilir.

Eyni zamanda Şamaxının iqtisadi inkişafı ilə bağlı ciddi addımlar atılır. Bu yolun üstündə yeni aqroparklar salınır. İndi mənə verilən məlumata görə, Şamaxı rayonunda üç aqropark artıq fəaliyyətə başlayıb. Aqroparklarla bağlı bizim siyasətimiz artıq bəyan edilib, ölkəmizdə 37 aqropark yaradılır. Onların bir neçəsi istifadəyə verilib. Aqroparklara texnika verilir, infrastruktur yaradılır. Özəl sektora kreditlər verilir, fermerlər, iş adamları da öz vəsaitini qoyurlar ki, tezliklə bitkiçilik və heyvandarlıq sahələrində daha da yaxşı nəticələr əldə edək. Bax, o 37 aqroparkın üçü Şamaxı rayonundadır. Birinin ərazisi 15 min hektar, digərinin ərazisi 1500 hektar, üçüncünün isə ərazisi 2 min hektardır. Yəni, 20 min hektara yaxın ərazidə kənd təsərrüfatı üçün gözəl imkanlar yaradılır. Həm insanlar işləyəcək, məhsul yetişdiriləcək, bolluq yaranacaq və ixrac imkanlarımız da genişlənəcək.

Ona görə bu sahədə görülən işlər, əlbəttə ki, məni çox sevindirir. Eyni zamanda, son vaxtlar Şamaxı üçün ənənəvi sahə olan üzümçülük bərpa edilir, yeni üzüm bağları salınır. Mən bu gün onların birinə baxacağam. Burada 300 hektardan çox sahədə yeni bağlar salınıb. Bilirəm ki, digər böyük layihə də icra edilir, oranın da sahəsi təxminən 300 hektardan çoxdur.

Biz Azərbaycanda üzümçülüyü bərpa edəcəyik və edirik. Şamaxılılar yaxşı bilirlər ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə bizim əsas üzümçülük mərkəzlərimizdən biri də Şamaxı olmuşdur. İnsanlar nə qədər xeyir götürdülər, evlər tikildi, avtomaşınlar, soyuducular alındı. Bütün bunlar o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Düzdür, indi biz başqa sahələrə də üstünlük veririk – maldarlıq, bitkiçilik, taxılçılıq. Bilirsiniz ki, o vaxt biz bu sahələri o qədər də inkişaf etdirmirdik. Çünki həm ət, həm süd başqa respublikalardan gəlirdi. İndi isə əkin sahələrinin bir hissəsi o məqsədlər üçün istifadə olunur. Ancaq üzümçülüyün çox böyük perspektivləri, ənənələri var və biz indi xarici bazarlara da çıxırıq. Biz artıq böyük kontraktlar imzalamışıq, dövlət kömək göstərir və üzümçülüyün bərpası Azərbaycanda sürətlə gedəcək. Burada da Şamaxı rayonu lider olmalıdır. Mən görürəm ki, burada üzümçülüyə böyük maraq var, belə də olacaq.

Əlbəttə ki, Şamaxı turizmin inkişafı üçün çox böyük imkanlara malik olan bir rayondur. Həm tarixi, dini abidələr var, yeni, gözəl, ən yüksək səviyyəyə cavab verən otellər tikilir. Bu gün Şamaxıda ölkəmizdə ilk dəfə olaraq Safari Parkı açılır. Bu da çox əlamətdar hadisədir. Çünki inkişaf etmiş ölkələrdə belə parklar var. Orada açıq şəraitdə heyvanlar, ceyranlar, marallar müşahidə olunur. Bizdə də Safari Parkı məhz Şamaxıda açılır. Dəmirçi kəndinin, – o da tarixi bir yerdir, – bərpası da artıq öz həllini tapıb. Ona görə turizmin inkişafı daha da sürətlə getməlidir. Çünki Şamaxının həm təbii şəraiti, iqlimi, gözəlliyi, Bakıya yaxınlığı, infrastruktur layihələrinin, otellərin mövcudluğu bunu şərtləndirir.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir