“Bir gündə eyni ölkə ilə bağlı iki müzakirənin edilməsi isə AŞ PA tarixində analoqu olmayan hadisə kimi tarixə düşdü”
Vüqar Qədirov: “Prosedur qaydalarına görə, bu hesabatları bir qətnamədə birləşdirmək…”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni prezidenti məlum olub. AŞ PA-nın oktyabrın 10-da başlayan payız sessiyasında quruma yeni prezident seçkisi keçirilib. Gizli səsvermə yolu ilə Kipr Respublikasından olan deputat xanım Stella Kiriakides müvəqqəti AŞ PA prezidenti vəzifəsinə seçilib.
Qeyd edək ki, AŞ PA prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı. Yanvar ayında yenidən sədr seçkisi keçiriləcək.
AŞ PA-nın payız sessiyasının ikinci günü, Stella Kiriakidesin ilk dəfə sədrlik etməyə başladığı iclasda Azərbaycanla bağlı müzakirələr keçirilib. Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib. İlk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənib. Bu məsələdə diqqətçəkən mühüm məqamlardan biri baş verən prosedur pozuntusudur. Belə ki, AŞ PA-nın 47 üzv dövlətindən ancaq biri – Azərbaycan üzrə eyni gündə iki hesabatın müzakirəsi təşkil olunub. Ən əsas məqam isə bu dinləmələrin AŞ PA nizamnamə və prosedur qaydalarının növbəti pozuntusu ilə həyata keçirilməsidir. Belə ki, AŞ PA-da daxili prosedur qaydalarına əsasən, eyni üzv dövlətlə bağlı eyni və ya oxşar mövzuda tərtib olunan hesabatlar ya birləşdirilməli, ya da müzakirələr müxtəlif günlərdə keçirilməlidir.
Belə bir prosedur pozuntusuna AŞ PA-nın yol verməsi nə ilə bağlıdır və bununla bağlı Azərbaycan hansı addımları ata bilər?
Politiloq Vüqar Qədirovun sözlərinə görə, AŞ PA tərəfindən müzakirəyə çıxarılan məsələlərin mahiyyətinin özü gülüncdür: “Çünki onların tələbləri birbaşa müstəqil bir ölkənin işinə kobud müdaxilədir. Hüquqi islahatların zəruriliyi və siyasi təzyiqlərin azaldılması adı ilə onlar ölkəmizə təzyiq edib, konkret cinayət əməllərinə görə həbs edilən bəzi şəxslərin azadlığa buraxılmasını tələb edirlər. Azərbaycanda artıq belə təzyiqlərlə bağlı immunitet formalaşıb. Artıq vəziyyət elə bir biabırçı mərhələyə qədəm qoyub ki, ölkəmizə qarşı qəbul edilən qərarlarda adi prosedur qaydalarına belə riayət etmirlər. Bir gündə eyni ölkə ilə bağlı iki müzakirənin edilməsi isə AŞ PA tarixində analoqu olmayan hadisə kimi tarixə düşdü. Təəssüf ki, ölkəmizlə bağlı AŞ PA-da prosedur pozuntu ilə eyni gündə nəinki oxşar, hətta eyni mövzu ətrafında iki müxtəlif müzakirə təşkil olundu və iki müxtəlif qətnamə qəbul edildi.
Prosedur qaydalarına görə, bu hesabatları bir qətnamədə birləşdirmək təklifini irəli surmək və həyata keçirilməsinə nəzarət plenar iclasın sədrinin birbaşa vəzifə borcu və səlahiyyətinə aiddir. Ancaq kiprli yeni sədrin ilk qədəmindən göründü ki, o bizə qarşı daha aqressiv mövqeyilə seçilən xanımdır. Təbii ki, Azərbaycan rəsmiləri həmin müzakirələrin yekun nəticəsilə razılşamır və bunu ölkəmizə qarşı aparılan kampaniyanın tərkib hissəsi kimi qiymətləndirir”.